Əyyub Nəmini və ya Əyyub İsmayılov () — Azərbaycanlı yazıçı, siyasətçi, fədai, "21 Azər" hərəkatının iştirakçısı.
Təbrizdə hərbi məktəbdə təhsil alıb. 1940-cı ildə şah hakimiyyətinə etiraz etdiyi üçün həbs olunub. 1942-ci ildə Tudə partiyasına, 1945-ci ildə isə Azərbaycan Demokrat Firqəsinə üzv olub. Fədai dəstələrinin tərkibində Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edib. 1946-cı ildə Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Əyyub Nəmini Azərbaycan SSR-yə mühacirət edib. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1958–1961-ci illərdə ADP-nin Şamaxı rayon partiya komitəsinin sədri, 1968–1974-cü illərdə ADP-nin Bakı şəhər komitəsinin büro sədri, 1974–1981-ci illərdə isə ADP-nin Gəncə şəhər komitəsinin katibi olub. "21 Azər" hərəkatı haqqında 1986-cı ildə "Acılı şirinli gürlərim", 1989-cu ildə isə "İmdad ocağı" kitablarını yazıb.
Həyatı
İlk illəri İsmayılov Əyyub Həsən oğlu 1923-cü ilin may ayında Astarada anadan olub. Astara şəhərində Nizami adına məktəbdə orta təhsil alıb. 1939-cu ildə Təbrizdə hərbi məktəbə daxil olub. Şah hakimiyyətinə etiraz etdiyi üçün 1940-cı ildə həbs olunub. 1941-ci ildə həbsdən buraxılıb. 1942-ci ildə Tudə partiyasına üzv olub. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə üzv olub. Fədai dəstələrinin tərkibində Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edib. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Sonrakı illəri Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Əyyub Nəmini Azərbaycan SSR-yə mühacirət edib. 1947–1954-cü illərdə Zaqatalada yaşayıb. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra 1958–1961-ci illərdə ADP-nin Şamaxı rayon partiya komitəsinin sədri, 1968–1974-cü illərdə ADP-nin Bakı şəhər komitəsinin büro sədri, 1974–1981-ci illərdə isə ADP-nin Gəncə şəhər komitəsinin katibi olub. 1981–1993-cü illərdə "Yazıçı" nəşriyyatında redaktor kimi fəaliyyət göstərib. 1960-cı illərdən etibarən yaradıcılıqla məşğul olub. "Nəmini" təxəllüsündən istifadə edib. Satirik şeirləri, tərcümələri və məqalələri "Azərbaycan" jumalında va "Azərbaycan" qəzetində işıq üzü görüb. 1986-cı ildə "Acılı şirinli gürlərim", 1989-cu ildə isə "İmdad ocağı" kitablarını yazıb. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Bəhruz Həqqinin Səfər xan Qəhrəmani haqqında yazdığı "Milli hökumətin fədaisi Səfərxan" kitabını fars dilindən Azərbaycan dilinə tərcümə edib.
2013-cü il yanvarın 6-da vəfat edib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kitabları Əyyub Nəmini — Acılı şirinli günlərim / Bakı: Yazıçı nəşriyyatı, 1986-cı il. Əyyub Nəmini — İmdad ocağı / Bakı: Yazıçı nəşriyyatı, 1989-cu il. Əyyub Nəmini — Mühacirətdə / Bakı: Yazıçı nəşriyyatı, 1992-ci il.
Kateqoriya:Cənubi Azərbaycanda doğulanlar Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri