Enn Erin Klark () — St. Vincent kimi tanınan ABŞ musiqiçisi, müğənnisi və bəstəkarı. Gitara ifaçılığında melodik üslub və səs təhrifindən istifadə edir. "Rolling Stone" nəşri onu 2023-cü ildə bütün dövrlərin ən yaxşı 26-cı gitaraçısı elan edib.

E. Klark Dallasda boya-başa çatıb. "The Polyphonic Spree" xoral rok qrupunda və Sufyan Stivensin konsert qrupunda çalışıb. 2006-cı ildə müstəqil kollektiv yaradıb. 2007–2024-cü illərdə yeddi studiya albomu buraxıb. 2012-ci ildə "Talking Heads" qrupunun üzvü Devid Birn ilə "Love This Giant" albomunu hazırlayıb. Prodüser və bəstəkar Cek Antonoffla iki albomda əməkdaşlıq edib.

"Sleater-Kinney" qrupunun "The Center Won't Hold" (2019) albomunun prodüseri olub. Teylor Sviftin "Cruel Summer" əsərinin müəlliflərindən biridir. Əsər "Billboard Hot 100" hit-paradında birinci yerə çıxıb. "XX" (2017) film toplusunun bir hissəsini rejissor kimi çəkib. "Heç yerdə olmayan mehmanxana" () (2020) filminə ssenari yazıb və baş rolda çəkilib. "Qremmi" mükafatının altı dəfə laureatıdır. Bu mükafatlardan üçü "Ən yaxşı alternativ musiqi albomu" kateqoriyasında verilib. Həmin kateqoriyada rekord göstərici sayılır.

Erkən illəri 1982-ci il sentyabrın 28-də Talsada (Oklahoma) anadan olub. Valideynləri Şeron Kristin və Riçard "Rik" Klarkdır. Anası qeyri-kommersiya təşkilatında sosial işçi və inzibatçı, ögey atası korporativ vergi sahəsində çalışır. Üç yaşında ikən valideynləri ayrılıb. Yeddi yaşında anası və iki böyük bacısı ilə Dallasa (Texas) köçüb. "23andMe" DNT testinə əsasən, genetik tərkibi 80% irland, 20% Aşkenazi yəhudisidir. Katolik və unitarian universalist tərbiyəsi alıb. Valideynlərinin yeni ailələrindən dörd qardaşı və dörd bacısı var.

E. Klark Riçi Valens və "La Bamba" filminə maraq göstərib. 1996-cı ildə beş yaşında "Target" ticarət şəbəkəsindən alınmış qırmızı plastik gitara ilə musiqi alətinə yiyələnməyə başlayıb. 12 yaşında gitara tədrisi üzrə ixtisaslaşmış mütəxəssis Toni Hayattdan dərs alıb. Yeniyetməlik dövründə caz ifaçıları olan "Tak və Petti" duetinin texniki heyətində çalışıb. Leyk-Haylends Orta Məktəbində təhsil alıb, teatr dərnəyində və məktəbin caz kollektivində iştirak edib. Həmin təhsil müəssisəsini 2001-ci ildə bitirib. Məktəbdə aktyor Mark Sallinq ilə eyni sinifdə təhsil alıb.

Boston şəhərindəki (Massaçusets) Berkli Musiqi Kollecində professor Loren Passarellinin tələbəsi olub. Üç il təhsil aldıqdan sonra təhsili başa vurmayıb. Berkli kimi təhsil müəssisələrinin incəsənətin məzmunundan daha çox formasına önəm verdiyini qeyd edib. Sonrakı müsahibələrinin birində bildirmişdir:

Şəxsi həyatı E. Klark həyatını Los-Anceles, Dallas və Nyu-York şəhərlərində keçirir. 2014-cü ildə "The Village Voice" nəşri onu qapalı şəxsiyyət olaraq səciyyələndirib. Əməkdaşlıq etdiyi və birgə konsert turunda iştirak etdiyi D. Birn onun haqqında qeyd edib ki, təxminən bir illik tur müddətində şəxsi həyatı barədə ətraflı məlumat əldə edə bilməyib.

E. Klark cinsi oriyentasiyası ilə bağlı 2014-cü ildə "Rolling Stone" nəşrinə açıqlamasında gender və cinsi dəyişkənliyi qəbul etdiyini, özünü konkret kateqoriyaya aid etmədiyini bildirib. "The Sunday Times" qəzetinə müsahibəsində gender və cinsi mütləqçiliyi dəstəkləmədiyini qeyd edib. 2024-cü ildə kuir identifikasiyasını təsdiqləyib. 2014–2016-cı illərdə Kara Delevin, daha sonra Kristen Stüart ilə münasibətdə olub. Kerri Braunstinlə ("Sleater-Kinney" qrupunun üzvü) keçmiş münasibəti "Los Angeles Times"da işıqlandırılıb. 2025-ci il "Qremmi" mərasimində Lia adlı həyat yoldaşı və övladının mövcudluğunu bəyan edib.

2010-cu ilin may ayında E. Klarkın atasına bir sıra cinayət əməllərinə görə ittiham irəli sürülüb. Məhkəmə qərarı ilə o, sui-qəsddə, bank fırıldaqçılığında (7 epizod), qiymətli kağızlarla bağlı fırıldaqçılıqda (5 epizod) və qanunsuz pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinib. "Daddy's Home" () albomu qismən onun atasının həbsdən azad edilməsi ilə əlaqədar hazırlanıb.

Diskoqrafiya Studiya albomları Marry Me (2007) Actor (2009) Strange Mercy (2011) St. Vincent (2014) Masseduction (2017) Daddy's Home (2021) All Born Screaming (2024)

Kollaborativ albomlar Love This Giant (Devid Birn ilə) (2012)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Qadın gitaraçılar Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:Republic Records artistləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Art-pop musiqiçiləri Kateqoriya:İndi-pop musiqiçiləri