İsveçrədə Holokostun inkarı — İsveçrədə Holokostun mahiyyətini qəbul olunmuş tarixşünaslıq çərçivəsində göstərildiyi formada azaldılması və ya inkar edilməsi. Bu kontekstdə inkarçılar Holokostun üç əsas aspektini ya inkar etmiş, ya da azaldmışdı. Bunlara altı milyon yəhudinin öldürülməsi, sistemli məhv üsulları, o cümlədən qaz kameralarının istifadə edilməsi, nasistlərin yəhudiləri tamamilə məhv etmək niyyəti aiddir.
Holokostun inkar edilməsi İsveçrədə İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra başlamışdır. Azsaylı olmasına baxmayaraq, isveçrəli inkarçılar Almaniya və Fransada olan inkarçılar üçün ədəbiyyat nəşr etmiş, onları yaymış və beləliklə, mühüm "poçt qutusu" rolunu oynamışdır, çünki bu ölkələrdə belə fəaliyyət qadağan olunmuşdur. 1995-ci ildə "İrqçiliyə qarşı qanun"un qəbul edilməsindən sonra İsveçrə hakimiyyəti inkarçılara qarşı aktiv cinayət təqibi aparmağa başlamışdır. Ölkədə inkarçılara qarşı ən böyük məhkəmə işi Yurgen Qraf işidir.
Postmüharibə dövründə Holokostun ilk postmüharibə inkarçılarından biri Lozanna sakini Qaston-Arman Amodryu olmuşdur. 1946-cı ildə o, fransız dilində aylıq nəşr olan "Le Courrier du continent" jurnalını yaratmış, sağçı məzmunlu materialları və Holokostun inkarını bütün Avropada yaymaq məqsədini güdmüşdür. Amodryunun rəhbərliyi altında jurnal antisemit və revizionist materialları dərc etmiş, oxşar ədəbiyyatı reklam etmiş və bu fəaliyyət 2011-ci ilə qədər davam etmişdir. Başqa bir nümunə "Turmwart" qəzetidir. 1947–1953-cü illərdə 2000 nüsxə tirajla nəşr edilən bu neofaşist qəzetdə nasizmin cinayətlərini azaltmaq və Holokost zamanı öldürülmüş yəhudilərin sayının qeyri-müəyyən olduğunu iddia edən məqalələr yer almışdır.
1949-cu ildə Amodryu "Nyurnberq prosesi üzrə linç edən Ubu" () kitabında Holokost faktını inkar etmiş, Müttəfiq qüvvələrin irəli sürdükləri ittihamları təsdiqləmək üçün sənədləri saxtalaşdırdığını və tribunalı qalib tərəfindən məğlub üzərində qurulmuş məhkəmə hesab etdiyini iddia etmişdir. Həmçinin, 1948-ci ildə İsveçrədə fransalı revizionist Moris Bardeşin "Nyurnberq vəd edilmiş torpaq" () əsəri alman dilinə tərcümə edilmiş və 1949-cu ildə Zürixdə "Kommissionsverlag" tərəfindən nəşr olunmuşdur. Tərcüməni isveçrəli neofaşist Hans Oler (1888–1967) etmişdir.
Bu fəaliyyət geniş ictimaiyyət üçün demək olar ki, görünməz qalmışdır. Buna istisna olaraq "Matez işi" halı olmuşdur. 31 dekabr 1968-ci ildə Lozannada Vo kanton məhkəməsi təqaüddə olan həkim Ceyms-Alber Matezin əvvəllər nəşr edilmiş "Keçmiş, indiki və yəhudi məsələsi" () kitabına qadağa qoymuşdur. 728 səhifədən ibarət və 4000 nüsxə tirajla nəşr edilmiş bu kitab açıq-aydın antisemit xarakter daşımış və Holokostun inkarına dair iddialar içərmişdir. Amodryunun "Le Courrier du continent" jurnalı kitabı təqdir etmiş və bu əsər Avropa neofaşistləri arasında geniş tanınmışdır. 1969-cu ildə müəllif cinayəti təhrik və dini azadlığın pozulması ittihamı ilə məhkəməyə verilmiş və nəticədə bir aylıq həbs cəzasına məhkum edilmişdir.
1970-ci illərin ortalarında nasistlərin cinayətləri inkarı ultrasağçı "İsveçrə Milli Bazası" partiyasının orqanı olan "Visier" qəzetində təbliğ edilmişdir. Qəzetdə iddia edilmişdir ki, İkinci Dünya nüharibəsi zamanı sistemli şəkildə törədilən yeganə cinayətlər Britaniya, ABŞ və SSRİ ordularının cinayətləridir.
1980-ci illərin əvvəlində Vintertur şəhərindən vəkil, Federal-Demokratik İttifaqın keçmiş üzvü Maks Val 1976-cı ildə yaradılmış "Eidgenoss" qəzetini antisemit və revizionist nəşrə çevirmişdir. 1985-ci ilə qədər tirajı 10 min nüsxəyə çatmışdır. 1992-ci ildə qəzet bəyan etmişdir ki, artıq "qaz kameraları və Holokostla bağlı yalanların 12 il müddətində inkarına" baxa bilər.
1980–1995-ci illərdə İsveçrədə məlum olan Holokost inkarçılarının sayı təxminən 10–12 nəfər olmuş, bu qrup siyasi baxımdan tamamilə marjinal hesab edilmişdir, lakin Almaniya, Fransa və Holokostun inkarı qadağan olunduğu digər ölkələrdə inkarçılar İsveçrə nəşriyyatlarının vasitəsilə öz nəşrlərini yaydımışlar. Əslində, İsveçrə xarici inkarçılar üçün "poçt qutusu" rolunu oynamışdır. Burada kitab nəşriyyatları və poçt vasitəsilə satışla məşğul olan şirkətlər fəaliyyət göstərmişdir. Maks Val bütün istəyənlərə Adolf Hitlerin "Mənim mübarizəm" kitabını almağı təklif etmiş, Amodryu Almaniyaya böyük miqdarda nasist ədəbiyyatı göndərmişdir. Keçmiş SS üzvü və inkarçı Tis Kristofersenin nəşriyyatı Lozannada poçt vasitəsilə müştərilərə xidmət göstərmiş, Almaniyanın ultrasağçı və inkarçıları, o cümlədən məhkum edilmiş cinayətkarlar İsveçrə banklarından istifadə etmişdir.
1980-ci illərin ortalarında İsveçrənin fransızdilli hissəsində inkarçılar öz ideyalarını geniş ictimaiyyətə çatdırmağa çalışmışdır. Kampaniyanın məqsədi Almaniya həbs düşərgələrində qaz kameralarının mövcudluğu və yəhudilərin məhv edilməsi sisteminin real olduğuna dair şübhələr yaratmaq olmuşdur. Bu dövr Fransada inkarçıların aktivləşməsi ilə üst-üstə düşmüş, həmin ölkədə lider Robert Forisson olmuşdur. Fransalı inkarçılar İsveçrədə bir neçə açıq tədbir keçirmişdir. 1986-cı ilin oktyabrında Forisson və Pyer Giyom Nyonda keçirilən sənədli film festivalında dəyirmi masa müzakirəsinə qatılmış, noyabr ayında isə Anri Rok və Giyom Cenevrədə mətbuat konfransı keçirmişdir.
1990-cı illərin əvvəllərində İsveçrədə inkarçılara dörd keçmiş müəllim qoşulmuşdur. Onlar Andres Ştuder, Bernhard Şaub, Artur Foqt, Yurgen Qraf və iş adamı Ernst Dünenberger olmuşdur. 1992–1993-cü illərdə Şaub və Qraf antisemitizm və Holokostun inkarını fəal şəkildə təbliğ etdiklərinə görə müəllimlikdən azad edilmişdir.
Artur Foqt keçmişdə "Milli Hərəkət" adlı İsveçrə sağ-radikal təşkilatının üzvü olmuş, 1988-ci ildə ekstremist nəşr "Sieg"də Holokostun real olmadığını ilk dəfə açıq şəkildə inkar etmişdir. 1991-ci ildə Nürnberq yaxınlığında keçirilən konfransda "Holokost — əfsanə yoxsa reallıq?" mövzusunda çıxış etmiş və Holokost haqqında "tarixi yalanın" İsrail ilə beynəlxalq sionizm üçün siyasi və maliyyə təzyiq alətinə çevrildiyini iddia etmişdir. Bu bəyanatlarına görə Foqt Nürnberq məhkəməsi tərəfindən öldürülənlərin xatirəsini təhqir etdiyinə görə 4800 Almaniya markası cərimələnmişdir.
Andres Ştuder keçmiş müəllim və 1970-ci illərdə Sürix kantonundan sol-liberal partiya üzrə Milli Şura namizədi olmuş, sonradan Avstriyada antisemit təbliğatın fəal iştirakçısına çevrilmişdir. 1992-ci ildə neonasist Fridrix Rebhandl üzərində keçirilən məhkəmə prosesində o, vərəqələr yayaraq Auşvits həbs düşərgəsi[ni "əsrin yalanı" adlandırmışdır. Ştuder özünü nasistlə həmrəy hesab etmədiyini demişdir, lakin Sürix Ali Kantonal Məhkəməsi nasistlərin cinayətlərinin inkarını onların həmrəyliyinin göstəricisi saymışdır.
Ernst Dünenberger keçmiş Respublika Hərəkatı və İsveçrə Xalq Partiyasının üzvü olmuş, "Eidgenoss" nəşriyyatını idarə etmiş və antisemit xarakterli vərəqələr, bukletlər də daxil olmaqla öz hazırladığı materialları yaymışdır. O, təbliğatında tez-tez XX əsrin əvvəllərində saxta sənəd olan "Sion müdrikləri protokolları"na istinad etmişdir. 1994-cü ildə şəxsi problemlər və irqi ayrı-seçkiliyə qarşı qanunvericiliklə mübarizədə məyusluq səbəbindən Dünenberger qəsdən yaşayış binasını yandırmış və 14 il həbsdə olmuşdur.
Bernhard Şaub Brügge şəhərində antropozofiya məktəbində müəllim, Mərkəzi Avropanın almandilli hissəsinin tarixini alman milliyyətçiliyi ruhunda şərh edən "Qartal və gül: Almandilli Mərkəzi Avropanın mahiyyəti və taleyi" kitabı ilə tanınmışdır. O, nasizm ideologiyasını Qərbin gizli cəmiyyətləri tərəfindən təşəbbüs olunmuş və sonradan "saxta alman" rəngini almış kimi təqdim etmişdir və nasist Almaniyasında ölüm düşərgələrinin mövcudluğunu şübhə altına almışdır.
Yurgen Qraf Bazel şəhərindən olan müəllim idi və Holokostun inkarında fəal iştirak etmişdir. O, bir sıra revizionist kitabların və Avstriya sağ-extremist təşkilatı "Avstriya Vətəndaş Qorunması" ilə əlaqəli "Vətəndaş Forumu Avropa" platformasında saytı olan müəllif kimi sağ-radikal dairələrdə geniş tanınmışdır. Almaniya alimləri Tomas Qrumke və Bernd Vaqner hesab etmişdir ki, Qraf Holokost inkarçılarının beynəlxalq hərəkatının mərkəzi fiqurlarından biri olmuşdur. Qrafın kitablarının nəşri Gerhard Förster tərəfindən həyata keçirilmişdir. Förster özü keçmiş Vermaxt əsgəri olmuş və 1981-ci ildə İsveçrə vətəndaşlığı almışdır.
thumb|Əhməd Huber.
Əhməd Huber keçmiş jurnalist və İsveçrə Sosialist Partiyasının üzvü olmuş, sonradan islam fundamentalizminə qoşulmuşdur və İsveçrədə Holokost inkarçılarının fəaliyyətini maliyyələşdirmişdir. O, 2001-ci ildə Beyrutda beynəlxalq inkarçı konfransının baş təşkilatçılarından biri olmuşdur, lakin bu, keçirilməmişdir. Terrorizmə aid şübhələr səbəbindən Huber ABŞ tərəfindən sanksiyalara məruz qalmış, Avropadakı ultra-sağçı və islamçı antisemitlər arasında əlaqələndirici rol oynamışdır.
İsveçrədə Holokost inkarçıları ifadə azadlığına malik olmuşdur. Bu ifadələri qadağan etməyin yeganə imkanı konkret şəxslərə aid olduqda — təhqir və ya böhtan iddiası əsasında məhkəmə iddiası qaldırmaq olmuşdur. Holokostun inkarının qadağan edilməsini əhatə edən "İrqçiliyə qarşı qanun" yalnız 1994-cü ildə qəbul edilmiş və 1 yanvar 1995-ci il tarixindən qüvvəyə minmişdir.
Bu keysə yeganə istisna "Paşu işi" olmuşdur. Lozannadan olan müəllim və hərbi xidmətçi Marietta Paşu 1986-cı ilin yanvarında "Le Pamphlet" jurnalında Fransa revizionisti Anri Rokun dissertasiyasına tərif dolu məqalə dərc etmişdir. Rok nasist Almaniyasının həbs düşərgələrində qaz kameralarının mövcudluğunu inkar etmişdir. 30 iyul 1986-cı ildə Paşu Rokun Parisdə keçirilən mətbuat konfransında iştirak etmiş və geri dönəndən sonra "Le Pamphlet*də yenidən yazmışdır ki, Rokun Holokostun tədqiqi çərçivəsində "ciddi, obyektiv və diqqətəlayiq töhfəsi" vardır. Bu hadisə İsveçrənin fransızdilli hissəsində geniş narazılıq yaratmışdır. 1987-ci ildə Vo kantonunun Dövlət Şurası Marietta Paşunu müəllimlikdən uzaqlaşdırmış, apellyasiyası həmin ilin dekabrında Federal Məhkəmə tərəfindən rədd edilmişdir. Bəzən şveytsar inkarçılar xaricdə də təqib olunmuşdur. 10 oktyabr 1991-ci ildə Münhen rayon məhkəməsi Maks Valı Holokostu "propaqanda" və qaz kameralarını "əfsanə" adlandırdığı üçün 25200 Alman markı cərimələmişdir.
İrqçiliyə qarşı qanun 21 dekabr 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyanı qəbul etmiş, bu konvensiya 4 yanvar 1969-cu il tarixindən qüvvəyə minmişdir. 1994-cü ilə qədər İsveçrə bu konvensiyanı ratifikasiya etməmişdir. 18 iyun 1993-cü ildə miqrantlara qarşı hücumların artması və yeni revizionist nəşrlərin ortaya çıxması fonunda İsveçrə parlamenti konvensiyanı ratifikasiya etməyə və onu həyata keçirmək üçün zəruri qanunları qəbul etməyə qərar vermişdir. O, Cinayət Məcəlləsinə (maddə 261bis) və Hərbi Məcəlləyə (maddə 171c) "Irqi ayrı-seçkilik" adlı dəyişiklikləri təsdiqləmiş, diskriminativ ideyaların yayılmasını, həmçinin soyqırımı azaltma və ya inkar etməyi qadağan etmişdir.
İsveçrədə antisemit qanun layihəsi müzakirəyə çıxarılandan etibarən yerli Holokost inkarçıları aktiv şəkildə onun qəbuluna qarşı çıxmışdır. Bu hərəkətin lideri Qaston-Arman Amodryu olmuşdur. 1994-cü ilin baharında, yeni qanunla bağlı referendumdan qısa müddət əvvəl Şaub, Ştuder, Qraf və Foqt "Müasir tarixin detabuizasiyası üzrə işçi qrupu"nu yaratmış, daha sonra "Müasir tarixin tədqiqi üzrə işçi qrupu" (AEZ) adını almışdır. AEZ Holokostun inkarını əks etdirən ədəbiyyatı yaymaqla təbliğatda fəal iştirak etmişdir. Onlara Avalon qrupunun üzvləri, o cümlədən Rocer Vütrix və Əhməd Huber dəstək vermişdir. Bundan əlavə, bolqarıstanəsilli Yuri Şmidt və Peter Hacidimitrov da tərəfdə durmuş, Fransa inkarçısı Robert Forissonun Berndəki çıxışını İsveçrədə yaymışdır.