Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat.
1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib."Daşaltı" əməliyyatı barədə film çəkilir
Zəmin 1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar. Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndlər özləri isə yandırılırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə tutulurdu. Daşaltı kəndi özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyatı keçirmək qərarı qəbul etdi. Əməliyyata böyük əhəmiyyət verilirdi, bununla əlaqədar olaraq, əməliyyata rəhbərliyi Azərbaycanın müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü həyata keçirirdi. 19 yanvar 1992-ci ildə T.Mehdiyev Şuşaya uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, general-mayor Şahin Musayevə növbəti göstərişlərini verir: Goranboy rayonunda müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək; kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili olaraq Şuşaya göndərmək: bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq. Bu halda əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Bu məntəqələrin alınmasından sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünmüş olardı, bu da gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi: iki ədəd texnika yolda sıradan çıxaraq Laçında qaldı, daha iki ədəd zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı, guya onu tapa bilmədilər, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gəldi.
Şuşaya gələn Tacəddin Mehdiyev Şuşa milisinin müdiri Vahid Bayramovla müşavirə keçirdi. Müşavirədə şəhərin ətrafındakı vəziyyət müzakirə edilirdi. Şəhərin müdafiəsi çox pis təşkil edilmişdi. Gecə nəzarət buraxılış məntəqələri və müşahidə postları çox vaxt qoyulmurdu. Bəzi silahlar qorunmurdu. Şəhərin küçələrində çoxlu silahlı insan gəzirdi. Vahid komandanlıq yox idi, hər dəstə öz-özlüyündə idi. Dəstələrdə və bölmələrdə çox aşağı intizam vardı. Milli ordunun Şuşa batalyonunun heyət sayı 385 nəfər hərbi qulluqçu təşkil etməsinə baxmayaraq, şəxsi heyətin bir yerə yığılması zamanı cəmi 20 əsgər çağırışa gəlmişdi. Tacəddin Mehdiyev batalyonu tam olaraq bir yerə yığmağa cəhd etsə də, onun cəhdləri bir nəticə vermədi. Gecə vaxtı Şuşa şəhəri Topxana adlanan yerdən ermənilər tərəfindən atəşə tutulan vaxtı Mehdiyev Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan podpolkovnik Riad Əhmədov ilə birgə Topxanada kəşfiyyat keçirmişdi. Onlar burada düşmənin atəş nöqtələrini təyin etmişdilər. Riad Əhmədov bu atəş nöqtələrinin susdurulması üçün əməliyyat keçirməyi təklif etdi. Səhər T.Mehdiyev Vahid Bayramovla müşavirə keçirdi. Müşavirə zamanı general Vahid Bayramovdan yerli əhali içindən 4 bələdçi ayırmağı xahiş etdi. Onlar gecə vaxtı rəqibin atəş nöqtələrinə qədər bizim kəşfiyyat-diversiya qrupumuzu keçirməli idilər. V.Bayramov 4 nəfər ayırdı. Riad Əhmədov, Riad Əhmədovun bölməsindən olan bir neçə zabit, bu dörd nəfər bələdçi və T.Mehdiyev birlikdə qarşıdakı əməliyyatın detalları müzakirə etdilər. Sonra bələdçilər onları evə paltarını dəyişmək üçün buraxılmalarını xahiş etdilər. Ancaq təyin olunmuş vaxtda yalnız iki bələdçi qayıtdı. Mehdiyev milis müdirinə zəng vuraraq, qalan iki bələdçini tapmağı və gətirib çıxarmağı tələb etdi. Amma bu iki bələdçini tapmaq müvəffəq olmadı. Gecə vaxtı əməliyyatı təxirə salmaq qərarı qəbul edildi. Həmin gecə Riad Əhmədov, bəzi döyüşçülər ilə birgə Topxana yerində ermənilərin atəş nöqtələrinə müstəqil şəkildə çatır və onlarla döyüşə girirlər. Döyüşün gedişatında bir neçə erməni hərbi qulluqçusu öldürüldü, lakin ermənilər şəhərə daimi atəş açdıqları silahları vaxtında evakuasiya etməyə müvəffəq olurlar. Növbəti gün Tacəddin Mehdiyev şəhərin icra hakimiyyətinin başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakıyla daha bir müşavirəni keçirir. Müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirməyi, komendant saatı tətbiq etməyi təklif edir. Bu təklifə etiraz edilir, bildirilir ki, bütün silahlı insanlar hərəsi hansısa bir klana tabe olurlar, bu klanlara qarşı çıxmaq lazım deyil, əks halda o da Şuşanın keçmiş icra başçısı Gözəlov kimi öldürülə bilər. Bu müşavirədə şəhər ətrafındakı Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrinin məhv edilməsi üzrə əməliyyat keçirmək qərarı qəbul edilir.
Plan İki gün ərzində kəşfiyyat aparılır, bu zaman təyin edilmişdi ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi var, qalanları isə mülki əhali idi. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 insan ayrıldı. T.Mehdiyev polkovnik Zaur Rzayev, podpolkovnik Nurəddin Abdullayev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin müdirləri və zabitləri yığıb vəzifələri bölür. Həmin gün Mehdiyev telefonla Ş.Musayevə göstərişini verir ki, cəbhənin müxtəlif sahələrində eyni zamanda müxtəlif zərbələr vurulmalıdır, əsas zərbə bu halda Əsgərana endirilməli idi. Həmin gecə N.Abdullayev təxminən 30 nəfərlik dəstəsiylər Nəbilər kəndində kəşfiyyat keçirir və təyin edir ki, kənddə heç kəs yoxdur. Kənddə 10 nəfərlik nəzarətçi dəstə qoyulur. Səhər N.Abdullayev T.Mehdiyevə bildirir ki, milli ordunun Şuşa batalyonundan 10 nəfər bələdçi onlar tərəfindən əməliyyata götürülmüşdür. Əməliyyatın keçirilməsi üçün 5 vzvod və R.Əhmədovun rəhbərliyi altında 10 nəfərlik ayrı bir qrup formalaşdırılır. Bu qrup ən peşəkar dəstə idi, onun üzvləri yalnız Əfqanıstanda xidmət keçmiş, döyüş mükafatlarına və yüksək əlbəyaxa döyüş qabiliyyətinə malik əsgərlərdən ibarət idi. Əməliyyat planı belə idi. Birinci vzvod Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxmalı və oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsməli idi. İkinci vzvod birinci vzvodun köməyi ilə Daşaltıdan Şuşakəndə aparan yolu kəsməli idi. Bu vzvodlardan irəlidə, yoldan 400-500 metr məsafədə, sağda və solda üçüncü və dördüncü vzvodlar yerləşməli və hücum əmrini gözləməli idilər. Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət olmuş 5-ci vzvod ehtiyatda olmalı idi. Nəzərdə tutulmuş yerə çatdıqdan sonra bizim birinci dəstə Nəbilər kəndi istiqamətindən Daşaltını atəşə tutmalı idi. Cavab olaraq ermənilər bizim mövqelərimizə atəş açmağa başlayırdılar. Bu zaman üçüncü və dördüncü vzvod kəndə yaxınlaşmalı və rəqibin atəş nöqtələrini təyin edərək onları məhv etməli idilər. Bu vzvodların arasında gedən Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi bundan sonra 3-cü və 4-cü vzvodların atəş dəstəyi zamanı Daşaltıya girməli və kənddəki erməni dəstələrinin bazasını məhv etməli idi. Bundan sonra 3-cü və 4-cü vzvod kəndə girməli və rəqibin sağ qalmış əsgərlərini məhv etməli idilər. Şuşakənddə yolda durmuş ikinci vzvod, dinc əhalinin Daşaltıdan Şuşakəndə doğru çıxışını təmin etməli idi. Əsas qüvvələrə dəstək üçün, kəndin ətrafındakı bəzi yüksəkliklərdə snayperlər yerləşdirilmişdi. Bu vzvodların hərəkət taktikası belə olmalı idi: 1 kilometr irəlidə iki bələdçidən və iki kəşfiyyatçıdan ibarət olan patrul getməli idi, onlar arxalarında qrupu aparmalı idilər. Bütün komandirlər bələdçilərin göstərdiyi yol ilə diqqətlə getmək tapşırığı alırlar. Ancaq T.Mehdiyevin dediklərinə görə, hər qrupda sonradan əlavə 1-2 bələdçi meydana çıxdı. Bundan başqa, guya 1-ci vzvodun əsgərlərinin bir hissəsi əməliyyatın keçirilməsinə başlanan zaman sərxoş vəziyyətdə idilər. Hər iki amil zabitlərin məsuliyyətsizliyinin nəticəsi idi.
Döyüş