Arxaik qloballaşma — qloballaşmanın ən erkən tarixi mərhələsini təsvir edən anlayış; insan cəmiyyətləri arasında uzunməsafəli əlaqələrin, ticarət yollarının, mədəni və texnoloji mübadilələrin formalaşdığı dövrləri əhatə edir. Bu konsepsiya qloballaşmanın yalnız müasir dövrdə deyil, qədim və orta əsrlər boyunca da davam edən, tədricən genişlənən tarixi proses olduğunu vurğulayır.

Qloballaşmanın tərifi Qloballaşma bölgələr və fərdlər arasında artan qarşılıqlı əlaqəlilik prosesidir. Qloballaşmaya doğru atılan addımlar iqtisadi, siyasi, texnoloji, sosial və mədəni əlaqələrin dünya miqyasında güclənməsini əhatə edir. “Arxaik” termini isə tarixən cəmiyyətdə mövcud olmuş, lakin zaman keçdikcə dəyişmiş və ya zəifləyərək itmiş erkən ideyaları və funksiyaları ifadə edir.

Qloballaşmanın meydana gəlməsi üçün üç əsas ilkin şərt mövcud idi. Birincisi Şərq mənşəyi ideyasıdır. Bu anlayış Qərb dövlətlərinin Şərqdən öyrəndikləri ənənəvi prinsipləri mənimsəyərək öz sistemlərinə tətbiq etdiyini göstərir. Şərqin intellektual və texnoloji mirası olmasaydı, Qərb qloballaşması bu şəkildə formalaşa bilməzdi.

İkinci ilkin şərt məsafə ilə bağlıdır. Erkən dövrlərdə dövlətlər arasındakı qarşılıqlı əlaqələr qlobal miqyasda deyildi və əsasən Asiya, Şimali Afrika, Yaxın Şərq və Avropanın müəyyən hissələri ilə məhdudlaşırdı. Dövlətlər bir-birinə yaxın olmayan regionlarla əlaqə qurmaqda çətinlik çəkirdilər. Texnoloji inkişaflar nəticəsində dövlətlər digər cəmiyyətlərin mövcudluğunu və imkanlarını öyrənməyə başladıqda qloballaşmanın yeni mərhələsi formalaşdı.

Üçüncü ilkin şərt qarşılıqlı asılılıq, sabitlik və müntəzəmlik ilə bağlıdır. Bu amillər qlobal əlaqələrin və ticarətin əsas hərəkətverici qüvvələrindən biri idi; əks halda qloballaşma baş verməzdi və dövlətlər öz istehsal və resurslarına tam şəkildə bağlı olaraq fəaliyyət göstərərdilər. Erkən qloballaşma ilə bağlı mübahisələrdən biri də budur: bəzi tədqiqatçılar hesab edirlər ki, arxaik qloballaşma müasir qloballaşma ilə eyni səviyyədə qarşılıqlı asılılıq yaratmamışdı və buna görə də funksional cəhətdən fərqli idi.

Dünya sisteminin yaranması Tarixçilərin fikrincə, XVI–XIX əsrlər arasında müasir kapitalizmin yüksəlişindən əvvəl artıq müəyyən bir dünya sistemi mövcud idi. Bu dövr “erkən kapitalizm dövrü” kimi xarakterizə olunur və dövlətlər arasında uzunməsafəli ticarət, bazar mübadiləsi və kapital yığımı mövcud idi.

E.ə. 3000-ci ildən e. 1000-ci ilə qədər olan dövrdə Afro-Avrasiya məkanındakı əlaqəlilik əsasən Hind–Aralıq dənizi regionu üzərində cəmlənmişdi.

E.ə. I minillikdə yunanların, finikiyalıların və karfagenlilərin dəniz ticarət koloniyaları Aralıq dənizi bölgəsini əhatə edirdi.

Bu dövrdə Şərqi və Qərbi Avrasiyanın tacirlərini birləşdirən ilkin proto-İpək Yolu da formalaşmağa başlamışdı.

1500-cü illərdə Asiyada daha başqa imperiyalar meydana çıxdı və bunlar əvvəlkindən daha uzun məsafələr üzrə ticarətlə məşğul olmağa başladılar. Dövlətlər arasında erkən qarşılıqlı əlaqələr dövründə Avropanın təklif edə biləcəyi məhsullar çox məhdud idi — əsasən qullar, metallar, ağac və kürk. Şərqdə mal satmaq istəyi Avropa istehsalını stimullaşdırdı və Avropa əhalisini bu mübadilə sisteminə inteqrasiya etməyə kömək etdi. Səlib yürüşləri nəticəsində mümkün olan Avropanın genişlənməsi və ticarət imkanlarının artması kənd təsərrüfatının, mədənçilik və istehsalatın renessansını sürətləndirdi. Avropada sürətli urbanizasiya Şimal dənizi ilə Venesiyanı bir-birinə bağlayan əlaqələr yaratdı. Sənayeləşmədə irəliləyişlər, əhali artımı və Şərq ticarətinə artan tələbat dənizə çıxışı olan əsl ticarət mərkəzlərinin yaranmasına səbəb oldu.

Arxaik qloballaşmanın "çoxtayflı" (multi-polar) təbiəti var idi və bu prosesə avropalı olmayan xalqlar da fəal şəkildə qatılırdı. Bu mərhələ XIX əsrin iqtisadi və sənaye istehsalı baxımından Qərbi Avropanın digər regionlardan irəli düşdüyü "Böyük Divergensiya" dövründən əvvəl baş verdiyi üçün arxaik qloballaşma yalnız Avropa tərəfindən deyil, həm də iqtisadi cəhətdən inkişaf etmiş digər Köhnə Dünya mərkəzləri — Qucarat, Benqal, Çin sahil regionları və Yaponiya tərəfindən idarə olunan bir fenomen idi.

Bu prekabatilist (kapitalizmöncəsi) hərəkətlər qlobal deyil, daha çox regional xarakter daşıyırdı və əsasən müvəqqəti idi. Erkən qloballaşma ideyası tarixçi A.G. Hopkins tərəfindən 2001-ci ildə təklif edilmişdir. Hopkinsin arxaik qloballaşma ilə bağlı əsas məqamları ticarət, bu ticarətin yaratdığı diaspora, dini ideyaların yayılması və region boyunca genişlənən imperiyalarla bağlıdır. Dövlətlər arasında bu yeni qarşılıqlı əlaqələr dünyanın müxtəlif hissələri arasında əlaqə yaratdı və nəticədə bu dövlətlər arasında qarşılıqlı asılılıq meydana gəldi. Malların və ideyaların yayılmasında əsas rol oynayan aktorlar kral və hökmdarlar, döyüşçülər, din xadimləri və tacirlər idi. Hopkins həmçinin qeyd edir ki, bu dövrdə “mini-qloballaşmalar” geniş yayılmışdı və bəziləri süqut edir, bəziləri daha qapalı hala gəlirdi. Bu mini-qloballaşmalar epizodik və kəsintili xarakter daşıyırdı; imperiyalar bəzən həddindən artıq genişlənir, sonra isə geri çəkilməyə məcbur qalırdı. Bu mini-qloballaşmalar Qərbin yeni ideyaları mənimsəməsinə imkan verən izlər buraxdı. Qərbdə qəbul edilən bu ideyalar Qərb monetar sistemində öz əksini tapdı və müasirliyi və müasir qloballaşmanı müəyyən edən kapitalizm kimi sistemlərin formalaşmasında mühüm rol oynadı.

İstinadlar

Kateqoriya:Qloballaşma