Xalq Qüvvələri və ya Terrorla Mübarizə Xidməti — Qəzza zolağında fəaliyyət göstərən, fələstinli, anti-Həmas ideologiyası olan silahlı qruplaşmadır. 4 dekabr 2025-ci ildə öldürülənə qədər Yasir Əbu Şəbab tərəfindən idarə olunmuşdur. Yasir Əbu Şəbabın ölümündən sonra Qassan Duhin özünü təşkilatın yeni lideri elan etmişdir. Xalq Qüvvələri İsrail tərəfindən dəstəklənir və iddia edilir ki, bu təşkilat İslam Dövləti ilə də əlaqəlidir. Qanunsuz dəstə və ya milis kimi təsvir edilən Xalq Qüvvələri şərqi Rəfahda və şərqi Xan Yunisdə fəaliyyət göstərən, təxminən 300 nəfərdən ibarətdir. Əşrəf əl-Mənsinin rəhbərlik etdiyi, Qəzza zolağının şimalındakı "Xalq Ordusu — Şimal Qüvvələri" milisinin də Xalq Qüvvələrinin bir hissəsi kimi fəaliyyət göstərdiyi mətbuata bildirilmişdir. İsrailin Xalq Qüvvələrinə dəstəyi yalnız 2025-ci ilin iyun ayında açıqlanmışdır, lakin qrupun fəaliyyəti 2024-cü ilin may ayında baş verən Rəfah hücumunundan bəri qeydə alınmışdır.

Xalq Qüvvələri, zəifləmiş HƏMAS-ın yaratdığı hakimiyyət boşluğu fonunda, Qəzza müharibəsi dövründə Rəfahda hakimiyyətə gələ bilmişdir. Xalq Qüvvələri Misir-Qəzza sərhədi yaxınlığındakı əraziyə və yardım yollarına nəzarət edirdi və Qəzza zolağına daxil olan humanitar yardımı talan etməkdə ittiham olunurdu, bu hadisə Birləşmiş Millətlər Təşkilatının rəsmisi tərəfindən "böyük oğurluq" kimi təsvir edilmişdir. Xalq Qüvvələri mülki şəxsləri HƏMAS hökumətinin terrorundan" qoruduğunu iddia edir və genişmiqyaslı talanları inkar edir. 2025-ci ilin iyun ayında Xalq Qüvvələri Qəzza Humanitar Fondu (QHF) tərəfindən idarə olunan paylama məntəqələrinə göndərilən yardım yüklərinin qorunmasına kömək etdiklərini açıqlamışdır və yardım gətirən yük maşını sürücüləri CNN-ə bildirmişdir ki, Əbu Şabab yardım karvanlarını qorumaq üçün adamlar təchiz etmişdir. Elə həmin ay Xalq Qüvvələri və İsrail Müdafiə Qüvvələri Qəzza Humanitar Fondu yardım məntəqəsində yardım axtaran bir neçə qəzzalını güllələməkdə və öldürməkdə ittiham olunmuşdur.

İsrail rəsmiləri Qəzza zolağında HƏMAS əleyhinə olan ünsürləri və klanları silahlandırmaq və dəstəkləmək layihəsinin bir hissəsi olaraq Xalq Qüvvələrinə silah göndərdiklərini etiraf etmişdir. Əbu Şəbab İsraillə əməkdaşlıq etdiyini etiraf etmişdir. HƏMAS, adı açıqlanmayan İsrail təhlükəsizlik rəsmisi, və Aviqdor Liberman, Yair Golan və Yair Lapid kimi israilli müxalifətçilər Xalq Qüvvələrinin İŞİD ilə əlaqəli olduğunu iddia etmişdir və İsrailin Xalq Qüvvələrinə dəstəyini tənqid etmişdir. Xalq Qüvvələrinin bəzi tanınmış simalarının Sinay üsyanında döyüşən keçmiş İŞİD yaraqlıları olduğu müəyyən edilmişdir. Avropa Xarici Əlaqələr Şurasının üzvü Məhəmməd Şehada bildirib ki, Əbu Şəbabın qrupunun əksəriyyəti "Sinayda və ya Qəzzada məhkum edilmiş qatillər, oğrular, onlarla əməkdaşlıq edənlər, narkotik satıcıları və ya İŞİD üzvləri"ndən ibarətdir. Əbu Şəbab sağlığında İŞİD ilə əlaqəsini təkzib etmiş və iddiaları ərəblər və israillilər arasında düşmənçilik yaratmaq üçün nəzərdə tutulmuş təbliğat adlandırmışdır.

İstinadlar

Xarici keçidlər Yasser Abu Shabab — Xalq Qüvvələri Yasir Əbu Şəbab Kateqoriya:İsrail–Qəzzə münaqişəsi