"Pegasus Hava Yolları"na məxsus 8622 nömrəli reysi 13 yanvar 2018-ci ildə "Pegasus Hava Yolları"na məxsus Boeing 737–800 sərnişin təyyarəsinin uçuş-enmə zolağından çıxdığı bir uçuş idi. Ankara — Trabzon marşrutu üzrə hərəkət edən və Ankara Əsənboğa Hava Limanından yola düşən təyyarə Trabzon Hava Limanına eniş etdikdən sonra uçuş-enmə zolağından çıxmışdı, lakin göyərtədəki heç kim xəsarət almayıb. Təyyarə Qara dənizdən 25 metr aralıda dayanmışdı. İstifadəyə yararsız hala düşən təyyarənin qalıqları əvvəlcə Trabzonun Yomra rayonuna daşınmışdı. 2021-ci ildə təyyarənin qalıqları pide restoranına çevrilmişdi.
Təyyarə Şirkət tərəfindən "Zeynep" adlandırılan Boeing 737–800 təyyarəsi 1 dekabr 2012-ci ildə təhvil verildi. İlk uçuşunu 15 noyabr 2012-ci ildə etdi və qəza baş verən zaman 5 ildən bir az çox yaşı var idi. Təyyarənin iki CFMI CFM56–7B26E mühərriki var idi. Seriya nömrəsi 40879, quyruq nömrəsi isə TC-CPF idi.
Qəza 8622 nömrəli reys Ankara Əsənboğa Hava Limanından yerli vaxtla saat 22:33-də yola düşüb. Təyyarə yerli vaxtla saat 23:25-də Trabzon Hava Limanının 11-ci uçuş-enmə zolağına enməyə başlayıb. Həmin gün hava məlumatlarına görə, enişdən üç saat əvvəl başlayan yağış səbəbindən uçuş-enmə zolağı yaş olub və görünürlük 4000 metrə düşüb. Uçuş-enmə zolağının sonunda dayana bilməyən təyyarə sola dönərək otların üzərinə sürüşüb. Göyərtədəki 162 sərnişin və 6 heyət üzvü heç bir itki olmadan təxliyə edilib. Qəza zamanı təyyarənin sağ mühərriki ayrılıb dənizə düşüb. Ağır zədələnmiş təyyarə 20 saat sonra təhlükəsiz yer köçürülüb. Qəzadan sonra bağlanan hava limanı ertəsi gün səhər saat 9-da yenidən açılıb.
Qəzadan sonra
İstintaq Qəzadan sonra Trabzon Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb. İstintaq çərçivəsində 38 sərnişindən, 3 pilotdan və 8 şahiddən ifadələr alınıb. Qəzanın səbəbinin Nəqliyyat Nazirliyi tərəfindən hazırlanacaq "Qəza Təhqiqatı Hesabatı"nda açıqlanması gözlənilir. Hesabatın hazırlanmasından əvvəl ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından yekun hesabatın gözlənildiyi bildirilib. Yekun hesabat hələ də Şura tərəfindən açıqlanmayıb.
Pilotların ifadələri Qəzadan sonra baş verən hadisə barədə danışan pilot, təyyarəni normal şəkildə eniş etdiyini və onu dayandıra bilmədiyini bildirdi. Təyyarə qəzasının səbəbinin eniş zamanı təyyarəni idarə edən ikinci pilotun səhvi olduğu düşünülür. Eniş zamanı ikinci pilot İrfan Yavuz təsadüfən "Pas keçmək" sistemini işə saldı və təyyarə enişdən sonra yenidən qalxmağa çalışdığı üçün onu dayandıra bilmədi. Enişdən sonra idarəetməni ələ keçirən kapitan Ender Bayraktar təyyarənin sürət azaltma sistemini söndürdü, lakin sağ mühərrik "Pas keçmə" rejimində qaldı və tam sürətlə işlədi. Nəticədə təyyarə uçuş-enmə zolağının sol tərəfindən çıxdı və palçıqlı yamacda ilişib qaldı.
Təyyarə Qəzadan 21 gün sonra sığorta şirkəti təyyarənin qalıqlarını çıxarmaq üçün tender elan etdi. 9 türk və 6 xarici təyyarə mühəndisindən ibarət bir qrup qalıqların sökülməsi üzərində çalışdı. Təyyarənin istifadəyə yararlı hissələri çıxarılaraq İngiltərəyə göndərildi. Mövcud boş gövdə Trabzonun Yomra Rayon Bələdiyyəsi tərəfindən tələb edildi və götürüldü. 2021-ci ildə təyyarənin gövdəsinin pide restoranına çevrilməsinə qərar verildi. Elə həmin il yeni yerinə köçürülən təyyarənin gövdəsi 2022-ci ildə pide restoranı kimi açıldı.
Həmçinin baxın Pegasus Hava yolları reys 2193
İstinadlar
Kateqoriya:13 yanvardakı hadisələr Kateqoriya:2018-ci ildəki hadisələr Kateqoriya:2018-ci ildə Türkiyə Kateqoriya:Boeing 737 ilə bağlı qəzalar və insidentlər Kateqoriya:2018-ci ildə aviasiya qəzaları və insidentləri Kateqoriya:Türkiyədə aviasiya hadisələri Kateqoriya:Boeing 737 Next Generation ilə bağlı qəzalar və insidentlər