Əbül-Fəzl Ədudəddin Əbdürrəhman ibn Əhməd ibn Əbdilqaffar əl-İci (; ) — kəlamçı, mühəqqiq, üsulçu və dilçi alim.
Həyatı
Mənşəyi Hicri 680-ci (1281) ildə Şiraz yaxınlığındakı İcdə anadan olmuşdur. Əbu Bəkrin nəslindən olduğu deyilən varlı bir ailəyə mənsubdur. Atası Şiraz qazısı olmuşdur.
Fəaliyyəti Təhsilini tamamladıqdan sonra Elxanilərin paytaxtı Sultaniyyəyə gedən əl-İci, burada Elxanilərin vəziri Rəşidəddin Fəzlullaha xidmət etməyə başlamışdır.
Əl-İci Olcaytu xan dövründə Sultaniyyə qazısı olmuş, onunla birlikdə hərbi yürüşlərdə iştirak etmiş və səyyar mədrəsələrdə müəllimlik etmişdir. Əbu Səid Bahadır xan dövründə isə qazil-məmalik işləmişdir. Rəşidəddindən sonra vəzir olan oğlu Qiyasəddin Məhəmmədin istəyi ilə 1327-ci ildə Şiraza qayıdaraq qazı işləməyə başlamış və "Fəvəidül-Qiyasiyyə" ilə "Şərhül-Müxtəsər" adlı əsərlərini ona ithaf etmişdir. Onun Şirazda nə qədər qaldığı məlum deyildir. Mənbələrdə bir müddətdən sonra Şirazdan (ehtimal ki,) Şəbənkərə getdiyi və həyatının bir hissəsini bura keçirdiyi bildirilmişdir.
Hicri 736-cı (1335–1336) ildə Elxanilərin çökməsindən sonra yenidən Şiraza qayıdan əl-İci, burada qazıl-quzat işləməyə başlamış və burada Hafiz əş-Şirazi ilə də görüşmüşdür. Hafiz onu fars bölgəsini abadlaşdıran beş mühüm şəxsiyyətdən biri və "elm ölkəsinin hökmdarlar hökmdarı" adlandırmışdır.
Ölümü Şirazın Mübarizəddin Məhəmməd ibn Müzəffər tərəfindən mühasirəyə alınmasından sonra 1353-cü ildə gizlində İcə qaçmış və bir il sonra məlum olmayan səbəbdən Kirman valisi tərəfindən həbs edilmişdir. Dirəymiyan həbsxana həyatı yaşayan əl-İci oradada vəfat etmişdir.
Əsərləri Əl-İcinin müəllifi olduğu əsərlərdən bəziləri bunlardır:
Əl-Məvaqif fi elmil-kəlam. Kəlamla bağlı görüşləri sistematik şəkildə ifadə edən əsər. Cəvahirül-kəlam. "Əl-Məvaqif fi elmil-kəlam"in müxtəsəri və ya ilkin forması. Əqidətül-Ədudiyyə. Əl-İci bu əsəri vəfatından 12 gün əvvəl yazıb bitirmişdir. Əsər bir çox alim tərəfindən şərh edilmişdir. Risalə (əl-Məqalətül-mükərrəra) fi təhqiqil-kəlamin-nəfsi (Risalə fi kəlamillah). Əsəri Kamalpaşazadə tərəfindən şərh edilmişdir. Şərhu Müxtəsəril-Müntəha. Əsər alimlərin diqqətini cəlb etmiş və haqqında çoxsaylı haşiyələr qələmə alınmışdır. Haşiyətül-Kəşşaf. Zəmaxşərinin "Kəşşaf"ına yazılmış haşiyə. Əl-Əxlaqul-Ədudiyyə. Taşköprüzadəyə görə bu əsər siyasət sahəsinə aid olan ən mühüm əsərdir. Ər-Risalətül-vəziyyə (Risalə fil-vəz). İki-üç səhifəlik risalə. Bu risaləyə Əli Quşçu, Məhəmməd ibn Əhməd əd-Dəsuqi, Hifni və başqa alimlər tərəfindən şərh və haşiyələr yazılmışdır.
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İslam filosofları Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Məntiqçilər