Baş Kəşfiyyat İdarəsi (, ), həmçinin Baş Təhlükəsizlik İdarəsi və ya sadəcə Müxabərat — keçmiş Bəəsçi Suriyanın ən mühüm mülki kəşfiyyat xidməti. Qurum hökumətin maraqları naminə xalqın sıxışdırılmasında mühüm rol oynamışdır. Baş Kəşfiyyat İdarəsi 2024-cü ilin dekabrında ləğv olunana qədər Suriya əhalisi üzərində repressiv nəzarət həyata keçirmiş, xarici kəşfiyyatı idarə etmiş və "Hizbullah" adından Livandakı fəaliyyətləri izləmişdir.
Tarixi 1970-ci ilin noyabrında Hafiz Əsəd "İslah hərəkatı" adlandırdığı çevriliş nəticəsində Sələh Cədidi hakimiyyətdən uzaqlaşdırmışdır. Yeni sistem Suriyanın müstəqillik qazandığı dövrdən bəri ən uzunömürlü hakimiyyəti olmuş və əvvəlki rejimin radikallığını müəyyən dərəcədə yumşaltmışdır. İdarə rəsmən 1971-ci ildə təsis edilmişdir. 1972-ci ildən etibarən Baş Kəşfiyyat İdarəsi əhəmiyyətli dərəcədə Almaniya Demokratik Respublikasının (ADR) "Ştazi" təşkilatının modeli əsasında formalaşdırılmışdır. Hafiz Əsəd və Baas Partiyasının rəhbərliyi dövründə, xüsusilə 1973-cü ildən başlayaraq, Suriya Baş Təhlükəsizlik İdarəsinin agentləri təlim keçmək üçün tez-tez Şərqi Berlinə səfər etmişdilər. "Ştazi" arxivlərinə görə, suriyalılar həmçinin, Şərqi Almaniyadan avadanlıq və materiallar tədarük etmişdilər. Bu cür sonuncu çatdırılmalar 1990-cı ilə qədər sənədləşdirilmişdir.
Baş Kəşfiyyat İdarəsi Əsəd rejiminin süqutundan sonra 2024-cü ilin dekabrında digər Bəəsçi Suriya qurumları ilə birlikdə ləğv edilmişdir. Suriya kəşfiyyatının rəhbəri təyin edilmiş Ənəs Xəttab bildirmişdir ki, bütün köhnə qurumlar ləğv edildikdən sonra ölkənin təhlükəsizlik institutları yenidən strukturlaşdırılacaqdır.
İstinadlar
Kateqoriya:Suriyanın dövlət quruluşu Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Suriyada siyasət