Rostec, rəsmi adı ilə "Rostec" Dövlət Şirkəti, keçmiş adı ilə Rostexnologiya, və ya "Rostec" Dövlət Korporasiyası — mülki və hərbi təyinatlı yüksək texnologiyalı sənaye məhsullarının işlənilməsi, istehsalı və ixracına yardım etmək məqsədilə 2007-ci ilin sonunda yaradılmış Rusiya dövlət korporasiyası.

Hazırda "Rostex"in tərkibinə ölkənin 60 regionunda fəaliyyət göstərən 800-dən çox elmi və istehsalat təşkilatı daxildir.

Korporasiyanın fəaliyyətinin əsas istiqamətləri təyyarəqayırma, maşınqayırma, radioelektronika, tibbi texnologiyalar, innovativ materiallar və digər sahələrdir.

2021-ci ilə olan məlumata görə, konsernin məhsulları dünyanın 100-dən çox ölkəsinə tədarük edilmişdir. Gəlirlərin təxminən üçdə birini yüksək texnologiyalı məhsulların ixracı təmin etmişdir.

Maliyyə göstəriciləri

2012-ci ilin ilkin maliyyə nəticələrinə görə, "Rostec"in ümumi gəliri əvvəlki ildəki 817 milyard rublla müqayisədə 960 milyard rublu keçmişdir. Dünyanın 70 ölkəsinə edilən ixracdan əldə olunan gəlir isə 240 milyard rubldan çox olmuşdur.

2015-ci il üzrə əsas maliyyə göstəriciləri ($1 = 60,96 RUB): Konsolidə edilmiş gəlir: 18,7 milyard dollar Konsolidə edilmiş xalis mənfəət: 1,62 milyard dollar İxrac gəlirləri: 5,0 milyard dollar Ümumi investisiyalar: 2,1 milyard dollar İnnovativ məhsulların ixracı: 1,81 milyard dollar

Şirkətin 2021-ci ildəki gəliri 2,06 trilyon rubl (təxminən 28 milyard ABŞ dolları) təşkil etmişdir.

Korrupsiya

Müxalif media jurnalistləri korporasiya rəhbərliyini tullantı islahatı, cərrahi və tibbi avadanlıqların tədarükü, AvtoVAZ üçün avtomatik sürət qutularının işlənilməsi və digər sahələrlə bağlı korrupsiya sxemlərində ittiham etmişdirlər.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən korporasiya menecerlərinin və "Rostex" rəhbəri Sergey Çemezovun yaxınlarına aid olduğu ehtimal edilən İspaniyadakı daşınmaz əmlak haqqında material dərc edildikdən sonra, Çemezov RBK jurnalistlərinə verdiyi müsahibədə (nəşr silinsə də, şərh mediada geniş yayılmışdır) məqalədəkiləri uydurma adlandırmışdır. "Ailə üzvlərimin fəaliyyəti Rusiya qanunvericiliyinə müvafiq həyata keçirilmiş və dövlət korporasiyasının aktivləri və biznesi ilə əlaqədar deyildir. Jurnalist tədqiqatında bəzi real faktlar var ki, müəlliflər onları qəsdən uydurmalar və qeyri-dəqiq qiymətləndirmələrlə qarışdırmışdırlar", — deyə Çemezov vurğulamışdır. "Mən cavab verməyə, yazmağa və ya zəng etməyə belə lüzum görmədim — nə üçün? Əgər özünə bəraət qazandırmağa başlayırsansa, deməli, nədəsə günahkarsan", — deyə o bildirmişdir. "Rostex" rəhbərliyi bu növ nəşrləri "feyk" və Rusiyanı nüfuzdan salma kampaniyasının tərkib hissəsi adlandırmışdır.

Sanksiyalar

12 sentyabr 2014-cü ildə "Rostex" bütün tranzaksiyaların qadağan edilməsi və 30 gündən artıq müddətə maliyyələşmənin dayandırılması şərti ilə ABŞ-nin sektoral sanksiyalarına məruz qalmışdır.

25 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzünə görə "Rostex" Avropa İttifaqının bütün ölkələrinin sanksiya siyahısına daxil edilmişdir. 2022-ci ilin fevralında korporasiya həmçinin Kanada tərəfindən "Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsinə şərait yaratmaqda və ya dəstək verməkdə rolu olduğuna görə" sanksiyalara məruz qalmışdır.

28 iyun 2022-ci ildə ABŞ "Rostex"ə qarşı sanksiyaları daha da sərtləşdirmişdir. "Putinin hərbi maşınına qarşı" yeni bloklayıcı sanksiya siyahısına həm korporasiyanın özü, həm də sanksiya siyahısında adı çəkilməsə belə, payı 50 faizdən çox olan bütün törəmə müəssisələri daxil edilmişdir.

Həmçinin korporasiya və onun 34 rəhbər şəxsi Böyük Britaniyanın sanksiya siyahısına əlavə edilmişdir. Analoji əsaslarla "Rostex" İsveçrə, Avstraliya, Yaponiya, Ukrayna və Yeni Zelandiyanın sanksiya siyahılarında yer almışdır.

Ekologiya

"RT-İnvest" dövlət korporasiyasının törəmə şirkəti tullantıların idarə olunması üzrə kompleks sistemin yaradılması ilə məşğuldur. Bu sistem çərçivəsində şirkət sənaye çeşidlənməsi, taraların fandomatlar vasitəsilə yığılması, təkrar emal və qalıq fraksiyaların enerjiyə çevrilməsini (enerji utilizasiyası) inkişaf etdirir.

2023-cü ilin payızına olan məlumata görə, Moskva ətrafında 4 tullantı yandırma kompleksi fəaliyyət göstərir: Sergiyev Posad dairəsində "Sever" (Şimal), Mojaysk dairəsində "Xrabrovo", Kolomna rayonunda "Yuq" (Cənub) və Kaşira şəhər dairəsində "Don" kompleksləri. Bu komplekslərin çeşidləmə xətlərindən ildə 1,5 milyon ton tullantı keçir. Analoji zavod hazırda Kazan şəhərində də inşa edilir.

Struktur

Korporasiya ölkənin 60 regionunda 15 holdinqdə birləşmiş 800-dən çox elmi və istehsalat təşkilatını özündə birləşdirir.

Fəaliyyətinin əsas istiqamətlərinə təyyarəqayırma, radioelektronika, tibbi texnologiyalar, innovativ materiallar və s. daxildir. Korporasiyanın portfelinə AvtoVAZ, Kamaz, Birləşmiş Aviasiya Korporasiyası (BAK), "Rusiya Vertolyotları", Birləşmiş Mühərrikqayırma Korporasiyası (ODK), Uralvagonzavod, "Roselektronika", "Şvabe", Kalaşnikov Konserni kimi tanınmış brendlər daxildir.

Vəzifələri və strateji hədəfləri

"Rostec" korporasiyası 23 noyabr 2007-ci il tarixli 270 saylı Federal Qanunla müəyyən edilmiş xüsusi nizamnamə vəzifələrini yerinə yetirir. Korporasiyanın yaradılmasında əsas məqsəd mülki və hərbi təyinatlı yüksək texnologiyalı sənaye məhsullarının işlənib hazırlanması, istehsalı və daxili-xarici bazarlara ixracına dəstək verməkdir.

Korporasiyanın fəaliyyətinin əsas istiqamətləri və vəzifələrinə aşağıdakılar daxildir: İnvestisiyaların cəlb edilməsi: Müdafiə-sənaye kompleksi daxil olmaqla, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlara investisiya qoyuluşunu təmin etmək. Texnoloji müstəqillik: Dövlətin strateji maraqları çərçivəsində kritik texnologiyaların lokallaşdırılması və innovativ materialların istehsalı. İxracın təşviqi: Rusiya istehsalı olan yüksək texnologiyalı məhsulların dünya bazarında rəqabət qabiliyyətini artırmaq və ixrac mexanizmlərini tənzimləmək. Sosial layihələr: Dövlət əhəmiyyətli sosial və ictimai layihələrdə iştirak etmək, eləcə də elmi kadrların yetişdirilməsinə dəstək vermək.

Strateji hədəflər

Korporasiyanın 2030-cu ilə qədər olan inkişaf strategiyası "mülki məhsulların payının artırılması" və "əmək məhsuldarlığının yüksəldilməsi" üzərində qurulmuşdur. Əsas hədəflər bunlardır: Mülki məhsul istehsalı: 2025-ci ilə qədər ümumi gəlirlərdə mülki məhsulların payını 50%-ə çatdırmaq. Qlobal rəqabət: Dünyanın ən böyük beş sənaye korporasiyası sırasına daxil olmaq. Rəqəmsal transformasiya: Bütün istehsalat proseslərində süni intellekt və "Böyük verilənlər" () texnologiyalarını tətbiq etmək.

2025-ci ilə qədər olan inkişaf strategiyası

2015-ci ilin dekabr ayında "Rostec"in Müşahidə Şurası korporasiyanın 2025-ci ilə qədər olan inkişaf strategiyasını təsdiq etmişdir.

Strategiyanın əsas məqsədləri aşağıdakılardır: Gəlirlərin illik 17% səviyyəsində artımı; Mülki məhsulların istehsal həcminin ümumi istehsalın 50%-indən yuxarı səviyyəyə qaldırılması; Yeni sürətlə böyüyən bazarlarda genişlənmə; Dünyanın ən böyük 10 sənaye şirkəti sırasına daxil olmaq.

2019-cu ildə Birləşmiş Aviasiya Korporasiyasının (OAK) "Rostec"in tərkibinə daxil olması ilə əlaqədar strategiya aktuallaşdırılmışdır. Strategiyanın yenilənməsi həmçinin Dövlət Korporasiyasının maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) keçidi ilə bağlıdır.

Kadr siyasəti

"Rostec" işçilərinin maraqları naminə sosial məsələlərin həllinə və sosial infrastrukturun inkişafına mühüm diqqət yetirir.

Mənzil proqramı

Dövlət korporasiyasının 2015-ci ildən həyata keçirdiyi mənzil proqramı müəssisələr üçün zəruri ixtisasa sahib olan işçiləri, eləcə də profil ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssisləri cəlb etməyə və saxlamağa yönəlmişdir. Proqram ipoteka kreditləri üzrə faizlərin və ya ilkin ödənişin, həmçinin kirayə və kommunal xərclərin kompensasiya edilməsini/subsidiyalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, korporasiya işçilərinə standart bank təklifləri ilə müqayisədə daha cəlbedici şərtlərin və optimallaşdırılmış faiz dərəcələrinin təqdim olunmasını təmin edir.

Pensiya təminatı və tibbi sığorta

"Rostec"in strukturunda qeyri-dövlət pensiya fondlarının yenidən təşkili davam edir. Bu prosesin məqsədi ümumi aktivləri 12 milyard rubl olan vahid qeyri-dövlət pensiya fondunun yaradılmasıdır. Korporativ pensiya proqramının uzunmüddətli hədəfi hər bir əməkdaşa itirilmiş qazancın 40%-i həcmində (dövlət və korporativ hissə birlikdə olmaqla) pensiya almaq imkanı yaratmaqdır.

Korporasiya həmçinin işçilərin sağlamlığının mühafizəsi və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə ölkə daxilindəki müəssisələri Könüllü Tibbi Sığorta (KTS) proqramlarına cəlb edir. Akkreditə olunmuş tibb müəssisələrinin siyahısının genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi işlər həyata keçirilir.

Sanatoriya-kurort xidməti və sosial kart

Heyətin iş qabiliyyətini və motivasiyasını yüksəltmək üçün əməkdaşlara sanatoriya-kurort xidmətləri göstərilir. Bu, peşə xəstəliklərinin profilaktikası və işçilərin tamdəyərli istirahətinin təşkili üçün əsas şərtlərdən biri hesab olunur.

"MİR" ödəniş sistemi bazasında yaradılmış Sosial-ödəniş kartı işçilər və onların ailə üzvləri üçün sosial proqramların reallaşdırılmasını təmin edən universal alətdir. "Novikombank" tərəfindən bu kart sahiblərinə müxtəlif yüksək səviyyəli məhsullar və pulsuz xidmətlər təklif olunur.

Sosial məsuliyyət

Dövlət korporasiyası "Ailə dairəsində" proqramının və Beynəlxalq Teatr və Kino Festivalının tərəfdaşı kimi çıxış etmiş, həmçinin Rus Maarifçilik Parkının təqdimatını keçirmişdir. "Rosoboroneksport" şirkəti Ebola qızdırmasından zərər çəkmiş şəxslərə kömək məqsədilə keçirilən xeyriyyə gecəsinə dəstək vermişdir. Korporasiyanın müəssisələri uşaq bağçalarının tikintisini maliyyələşdirmiş, işçilərin tibbi və sanatoriya-kurort xidmətləri ilə bağlı layihələri, eləcə də bir sıra digər sosial təşəbbüsləri həyata keçirmişdir.

Səhiyyə layihələri

"Sağlamlıq" prioritet milli layihəsinin icrası çərçivəsində korporasiya doqquz federal səviyyədə yüksək texnologiyalı tibbi mərkəz inşa etmişdir. 2010-cu ildən etibarən beş ürək-damar cərrahiyyəsi mərkəzi (Xabarovsk, Krasnoyarsk, Çelyabinsk, Perm və Kalininqrad), iki neyrocərrahiyyə mərkəzi (Tümen və Novosibirsk) və iki travmatologiya, ortopediya və endoprotezləşdirmə mərkəzi (Smolensk və Barnaul) istifadəyə verilmişdir.

Yeni doğulmuş körpələrə və hamiləlik dövründəki qadınlara göstərilən tibbi yardımın səviyyəsini artırmaq məqsədilə Rostex ölkə üzrə Perinatal mərkəzlərin inkişafı proqramı üzrə 15 perinatal mərkəzin layihələndirilməsi, tikintisi və təchizatı üzrə sifarişçi təyin edilmişdir. Proqramın ümumi dəyəri 36 milyard rubl təşkil etmişdir. 2018-ci ildə bütün obyektlər istifadəyə verilmişdir.

Mədəniyyət və Təhsil: "Oktava" və "Gələcək nöqtəsi"

2018-ci ilin baharında Tula şəhərinin mərkəzində eyniadlı zavodun bazasında yaradılmış "Oktava" yaradıcı sənaye klasteri açılmışdır. Klasterin əsas layihələrindən biri olan "Dəzgah muzeyi" () Rusiyada sənaye tarixinə və texnoloji inqilablara həsr olunmuş unikal multimedia məkanıdır. Burada dizayn, akustika və texniki nailiyyətlərə dair 3000-dən çox nadir nəşri özündə birləşdirən texniki kitabxana və "Fablab MAKER" emalatxanası fəaliyyət göstərir.

2020-ci ilin sentyabrında İrkutskda "Gələcək nöqtəsi" () adlı təhsil kompleksi açılmışdır. Bu kompleksdə adi məktəblilərlə yanaşı, himayədar ailələrdən olan uşaqlar da bərabər təhsil alırlar. Layihənin qəyyumlar şurasına Rostec-in baş direktoru Sergey Çemezov rəhbərlik edir. Kompleksə məktəb, hovuz, uşaq bağçası və çoxuşaqlı himayədar ailələr üçün kotteclər daxildir.

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması