Kay Manne Börye Siqban (; ) — 1981-ci ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş isveçli fizik.
Bioqrafiyası Siqban İsveçin Lund şəhərində, 1924-cü il Fizika üzrə Nobel mükafatı laureatı Manne Siqbanın ailəsində anadan olmuşdur. O, 1944-cü ildə Stokholm Universitetində doktorluq dərəcəsi almışdır. Siqban 1951–1954-cü illərdə Kral Texnologiya İnstitutunda, 1954–1984-cü illərdə isə Uppsala Universitetində eksperimental fizika üzrə professor kimi fəaliyyət göstərmişdir (qeyd edək ki, o, vaxtilə atasının rəhbərlik etdiyi kafedraya başçılıq etmişdir). O, 1981-ci ildə Fizika üzrə "Nobel" mükafatını Nikolas Blumberqen və Artur Şavlov ilə bölüşmüşdür. Siqban mükafatın yarısını "yüksək ayırdedilməli elektron spektroskopiyasının inkişafındakı xidmətlərinə görə", Blomberqen və Şavlov isə hərəyə dörddə bir hissəsini "lazer spektroskopiyasının inkişafındakı xidmətlərinə görə" almışlar.
Siqban öz metodunu "Kimyəvi Analiz üçün Elektron Spektroskopiyası" (ESCA) adlandırmışdı; hazırda bu üsul daha çox Rentgen fotoelektron spektroskopiyası (XPS) kimi tanınır. 1967-ci ildə o, "ESCA: elektron spektroskopiyası vasitəsilə öyrənilən atom, molekul və bərk cisim strukturu" adlı kitabını nəşr etdirmişdir.
O, İsveç Kral Elmlər Akademiyası da daxil olmaqla bir neçə akademiya və cəmiyyətin üzvü olmuş, 1981–1984-cü illərdə isə Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqının prezidenti vəzifəsini icra etmişdir.
Siqban 1944-cü ildə Anna Brita Redin ilə ailə həyatı qurmuşdur. Cütlüyün üç oğlu (iki fizik və bir biokimyaçı) dünyaya gəlmişdir.
Siqban 20 iyul 2007-ci ildə 89 yaşında vəfat etmişdir. Vəfat etdiyi vaxt o, hələ də Uppsala Universitetinin Onqstrem laboratoriyasında alim kimi aktiv fəaliyyətini davam etdirirdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Uppsala Universitetinin müəllimləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:İsveçli Nobel mükafatı laureatları Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:Papa Elmlər Akademiyasının üzvləri Kateqoriya:Uppsala Universitetinin məzunları