Şıxseyid Kərim oğlu Kərimov () — Azərbaycanlı dövlət xadimi, komsomol və partiya təşkilatçısı, Azərbaycan Kommunist Partiyası Quba, Daşkəsən, Cəlilabad və Abşeron rayon komitələrinin birinci katibi, Azərbaycan SSR-in Ali Soveti deputatı.

Həyatı

İlk illəri Şıxseyid Kərimov 4 oktyabr 1925-ci ildə Quba rayonunun İsnov kəndində Bakıda neft buruqlarında fəhlə işləyən Kərim kişinin ailəsində doğulmuşdur. Orta təhsilini Zərqəva kənd orta məktəbində tamamlamış, erkən yaşlarında atasını itirdiyi üçün ağır maddi şəraitdə böyümüşdür.

1943-cü ildə könüllü olaraq orduya çağırılmış, 7 il sərhəd qoşunlarında xidmət etmişdir. 1947-ci ildə ordu sıralarında partiya sıralarına daxil olmuş, hərbi hissənin komsomol katibi vəzifəsinə seçilmişdir.

Siyasi fəaliyyəti 1950-ci ildə hərbi xidmətdən tərxis olunaraq Astaraxanbazar (indiki Cəlilabad) Rayon Komsomol Komitəsinin birinci katibi, sonra isə Xankəndidə Vilayət Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan KP MK-nın komsomol orqanları bölməsinin müdiri olmuşdur.

O, Sov.İKP MK yanında Ali Partiya Məktəbini (Moskva) və S. Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (Gəncə) bitirmiş, alim-aqronom ixtisasına yiyələnmişdir. 1953–1957-ci illərdə Dəstəfur (indiki Daşkəsən) Rayon Partiya Komitəsinin birinci katibi, 1960–1962-ci illərdə Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi, 1962–1966-cı illərdə Azərbaycan KP MK-nın Kənd Təsərrüfatı şöbəsinin müdiri olmuşdur.

1966–1971-ci illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olmuş, rayonda bağçılığın inkişafına, intensiv meyvəçiliyə, abadlıq-quruculuq işlərinə və sosial infrastrukturun yenilənməsinə böyük töhfələr vermişdir. 1971–1973-cü illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi olaraq sosial-iqtisadi həyatın canlanmasına rəhbərlik etmişdir.

Sonrakı illərdə Şıxseyid Kərimov Azərbaycan Təbiəti Mühafizə Komitəsi və Respublika Könüllü Balıqçılar və Ovçular Cəmiyyətində məsul vəzifələrdə çalışmışdır. VI, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Sov.İKP-nin XXII və XXIV qurultaylarının nümayəndəsi seçilmişdir.

Xatirəsi Şıxseyid Kərimovun adı Quba şəhərində küçəyə verilmişdir.

Mənbə

İstinad

Ədəbiyyat Abdullayev, Məsaim. “Xeyirxah əməllərində yaşayan insan.” Xalq qəzeti, 04 oktyabr 2025. https://xalqqazeti.az/az/sosial-heyat/241507-xeyirxah-emellerinde-yasayan-insan

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Daşkəsən Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri