Oasis: Supersonic — Met Vaytkrossun 2016-cı ildə rejissorluq etdiyi və İngiltərənin məşhur rok qrupu "Oasis"in hekayəsini böyük ekrana daşıyan sənədli film.
"Emi" filmi ilə "Oskar" mükafatı qazanan Asif Kapadiya icraçı prodüser, Ceyms Gay-Ris isə prodüser kimi filmə dəstək verib. Oktyabrın 26-da premyerası keçirilən film Böyük Britaniyada "Entertainment One" və "Lorton Distribution", ABŞ-da isə "A24" tərəfindən yayımlanıb.
Təsvir "Oasis"in 30 illik fasiləsini bitirən qayıdışı ilə bağlı dünyada böyük maraq yaranıb. Bəs bu əfsanəvi qrupun hekayəsi necə başlamışdı? "Oasis" sənədli filmi məhz buna cavab verir. Film qrupun Mançesterdə ilk addımlarını atdığı illərdən tutmuş 90-cı illərdə Britpop dalğasının zirvəsinə qalxdığı dövrə qədər keçdiyi yolu göz önünə sərir. Noel və Liam Gallaher qardaşları da daxil olmaqla qrupun üzvləri və onlarla yaxın olmuş insanlarla aparılmış pərdəarxası müsahibələr, konsert görüntüləri, həmin illərin arxiv kadrları filmin əsasını təşkil edir.
Qəbul Kassa nəticələri "Oasis: Supersonic" sənədli filmi 16 gün ekranlarda qalır. ABŞ və Kanadada 242 867 dollar, qalan ölkələrdə 1,2 milyon dollar gəlir götürür. Ümumi dünya gəliri 1,5 milyon dolları keçir. DVD və Blu-ray satışından əlavə 182 049 dollar qazanılır.
Tənqidçi mövqeyi "Oasis: Supersonic" tənqidçilər arasında yaxşı qarşılanır. "Rotten Tomatoes" saytında 56 rəyə əsasən filmin bəyənilmə faizi 84-dür, orta bal isə 10 üzərindən 7.2-dir. Saytın tənqidi xülasəsinə görə film, qrupun çoxmilyon nüsxəlik satış rekordlarını geniş şəkildə işıqlandırmaq əvəzinə, onların həyəcanlı ilk illərini sevgi və həvəslə ekrana daşıyır. "Metacritic" saytında isə 16 tənqidçinin qiymətləndirməsi əsasında film 100 üzərindən 71 bal qazanır ki, bu göstərici "ümumiyyətlə müsbət rəylər" kateqoriyasına düşür.
"IndieWire"dan Devid Erliks filmi bəyənir. Tənqidçiyə görə sənədli film Liam və Noelin münasibətlərini olduğu kimi ortaya qoyur və onu "bu dövrün ən hay-küylü qardaş çəkişmələrindən birinə dair həm ürəyəyatan, həm də gözaçan bir material" kimi dəyərləndirir. "The Guardian"dan Piter Bredşo filmə beşdən üç ulduz verir. Tənqidçi bir neçə şeydən narazı qalır. Qrupun 1996 sonrasına dair demək olar heç nə yoxdur. 1995-ci ildəki "Blur" qarşıdurması da filmdə sanki unudulub. Noelin Toni Bleyrə verdiyi açıq dəstək və qrupun tamaşaçısını azaldıb sönməsi isə ümumiyyətlə işlənmir. "RogerEbert.com"da yazan Brayan Talleriko da bənzər şikayətləri dilə gətirir, filmə dördlük üzərindən iki yarım ulduz ayırır. B. Talleriko fikrini belə yekunlaşdırır: "Oasis: Supersonic", xüsusilə fanatlar üçün, baxanda cansıxıcı deyil. Ancaq bu qədər dar bir mövzuya bu qədər vaxt ayırmaq özünü doğrultmur.
Sertifikatlar
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2016-cı ilin müstəqil filmləri Kateqoriya:A24 filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilli sənədli filmlər Kateqoriya:Müstəqil Britaniya filmləri