Cəmil Musai və ya Cəmil Musayev () — Azərbaycan memar-mühəndisi, Cümhuriyyət tələbəsi, Azərbaycan SSR əməkdar inşaatçısı.
Cəmil bəy Şuşa Real Məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Şarlottenburq Politexnik İnstitutunun memarlıq-inşaat fakültəsində təhsil alıb.
Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığı, "Azərneftlayihə" və Azzərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığında müxtəlif vəzifələrdə, Quba şəhərində, Mədəni-Maarif Müəssisələrinin İşləri üzrə Komitədə, Tikinti və Memarlıq İşləri üzrə Dövlət Komitəsində, "Azərdövlətsənayelayihə"də baş memar işləyib.
Azərbaycanlı şair və jurnalist İbrahim Tahirin oğludur.
Həyatı
İlk illəri 150px|thumb|left|Məhiş bəy Səfərov, Cəmil Musai və Yusif Salahlı, 1920-ci illər, Almaniya. Cəmil İbrahim oğlu Musai 1897-ci il martın 14-də Şuşa şəhərində anadan olub. 1907-ci ilin sentyabr ayından 1915-ci ilin aprel ayınadək Şuşa Real Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra Bakıya köçüb və 1919-cu ilədək Bakıda müxtəlif məktəblərdə riyaziyyat və rəsmdən dərs deyib.
1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.
Cəmil Musai də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Cəmil bəy də Berlinə köçüb və orada yerləşən Şarlottenburq Politexnik İnstitutunun memarlıq-inşaat fakültəsində təhsil almağa başlayıb. Azərbaycanda sovet işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün olan hesabatında Cəmil bəyin təhsilinin bitməsinə 1 il qaldığı göstərilib. Təhsil aldığı müddətdə alman, fransız, italyan və rus dillərini mükəmməl öyrənib. 1925-ci ildə təhsilini başa vurub.
SSRİ-də Təhsilini bitirdikdən sonra Bakıya qayıdıb. 1926-cı ilin yanvar ayında ASSR Xalq Maarif Komissarlığının tikinti şöbəsinin müdiri təyin olunub. 1926–1940-cı illər arasında İnşaat Texnikumunda və digər ali məktəblərdə inşaat və memarlıqdan dərs deyib. 1931-ci ildə öz istəyi ilə Maarif Komissarlığındakı işindən çıxıb və "Azərneft"də işləməyə başlayıb. 1936-cı ilə qədər "Azərneftlayihə"də standartlaşdırma və tipləşdirmə şöbəsinə başçılıq edib. 1936-cı ilin oktyabr ayında ASSR Kommunal Təsərrüfatı Komissarlığının Tikinti və Tikintiyə Nəzarət idarələrinə rəis təyin olunub. 1939-cu ilin dekabr ayında ASSR Nazirlər Sovetinin köçürmə şöbəsinə baş mühəndis təyin olunub. 1941-ci ilin noyabr ayından 1943-cü ilin iyun ayınadək Kürdəmir, 1943-cü ilin iyun ayından 1944-cü ilin yanvar ayınadək isə Ağdam Şəhər Kommunal Təsərrüfatı Şöbələrində mühəndis və təmir kontorunun rəisi işləyib. 1944-cü ilin fevral ayından noyabr ayınadək Azərbaycan Konservləşdirmə Trestinin 12 saylı sovxozunda baş mühəndis, 1944-cü ilin dekabr ayından 1946-cı ilin iyun ayınadək isə Quba şəhərində baş memar vəzifələrində fəaliyyət göstərib. 1946-cı ilin sentyabr ayından 1954-cü ilin mart ayına qədər Mədəni-Maarif Müəssisələrinin İşləri üzrə Komitədə əsaslı təmir şöbəsinin rəisi olub. Sonrakı illərdə "Azərdövlətsənayelayihə"də fəaliyyət göstərib. 1960-cı ildə "Azərbaycan SSR-in əməkdar inşaatçısı" fəxri adını alıb.150px|thumb|right|Cəmil bəy və həyat yoldaşı Gövhərtac xanım, 1930-cu illər.1970-ci il yanvarın 29-da Bakıda vəfat edib. 1970-ci il yanvarın 30-da "Vışka" qəzetində haqqında nekroloq dərc olunub.
Ailəsi Cəmil Musai İbrahim Tahir və Bilqeyis Hacı Məhəmməd qızının ailəsində anadan olub. Əziz, Əliş adlı qardaşları və Tavus adlı bacısı olub. Atası İbrahim bəy şair və jurnalist olub. "Tahir" təxəllüsü ilə şeirlər yazıb. 1908-ci ildən başlayaraq "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin", "Dəbistan", "Səda", "Yeni kənd", "Yeni yol" kimi qəzet və jurnallarda yazıları ilə çıxış edib. 1943-cü ildə vəfat edib.
Cəmil bəy maarifçi, pedaqoq Səfərəli bəy Vəlibəyovun qızı Gövhərtac xanımla ailə qurub. Gövhər xanım həkim olub və 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Övladları olmadığı üçün Aliyə adlı bir qızı övladlığa götürüblər.
Cəmil bəyin qardaşı Əziz Musayev 1900-cũ ildə Şuşada anadan olub. 1929-cu ildə Moskva Xalq Təsərrüfatı İnstitutunun mühəndis-iqtisad fakültəsini bitirib, Bakı şəhərinə qayıdıb və 2 saylı qazolin zavodunda işə başlayıb. 1930–1931-ci illərdə ABŞ-də xidməti ezamiyyətdə olub. 1935-ci ildə zavodun direktoru, 1936-cı ildə "Azərneftzavodlar" tresti rəisinin müavini təyin olunub. 1940-cı ildə həbs olunub, 1941-ci ildə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum olunub və 1941-ci il iyulun 28-də güllələnib. 1956-cı il avqustun 4-də bəraət alıb.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Şuşa real məktəbinin məzunları