Sofiya Fedorovna Rusova (; ) — ukraynalı pedaqoq, yazıçı, qadın hüquqları müdafiəçisi və siyasi fəal. Mərkəzi Radanın üzvü olan Rusova, Təhsil Nazirliyinin Məktəbəqədər və Böyüklərin Təhsili şöbəsinə rəhbərlik edib. Rusova, Ukrayna Qadınlar Milli Şurasının və Ümumukrayna Müəllimlər Birliyinin təsisçisi və ilk prezidenti olub. Erkən həyatı Sofiya Fedorovna Lindfors 18 fevral 1856-cı ildə Qorodnyanski qəzasının Oleşnya kəndində (hazırda Ukraynanın Koryukivka rayonu) anadan olub. Atası Fedir Lindfors, İsveç mənşəli Baltikyanı zadəgan ailəsindən olan təqaüdçü hərbi zabit, anası Hanna Jerve isə fransız mənşəli idi. Lindfors ailəsində ünsiyyət dilləri rus və fransız dilləri idi. Rusova hələ uşaq olarkən on yaşlı bacısı Nataliya və altı yaşlı qardaşı Vladimir vəfat edib. Bir qədər sonra anası da vərəm xəstəliyindən vəfat edib. Yeniyetmə olan böyük bacısı Mariya ailədə ana rolunu öz üzərinə götürməli olur. Rusovanın on yaşı olanda ailəsi Kiyevə köçrü və o, Kiyevdə Fundukleyev gimnaziyasını bitirir. Müəllim fəaliyyəti 1871-ci ildə Rusovanın atasının vəfatından sonra, onun 27 yaşlı bacısı Mariya və 31 yaşlı qardaşı Aleksandr yetim qalırlar. Bir yerdə yaşamağa başlayan bacılar, Kiyevdə heç bir uşaq bağçası olmadığından məktəbəqədər təhsili öyrənmək və uşaq bağçası açmaq qərarına gəldilər. 1872-ci ildə onlar Kiyevin ilk uşaq bağçasını açdılar. Sonrakı illərdə bazar günü məktəblərinin və kütləvi qiraətlərin təşkili ilə məşğul olan Sofiya, Ukrayna əlifba kitabı və coğrafiya üzrə dərslik hazırladı, Kiyevdəki Frebel Pedaqoji İnstitutunda pedaqogika professoru kimi fəaliyyət göstərərək, çoxsaylı müəllim qurultaylarında iştirak edərək təhsilin ana dilində alınması hüququnu müdafiə etdi.

Rusova tanınmış pedaqoq və milli təhsilin müdafiəçisi kimi də tanınır. Ali təhsili olmamasına baxmayaraq, o, Praqada sosiologiya üzrə fəxri dərəcə almış, Sankt-Peterburqda Bestujev kurslarında mühazirələr oxumuşdur. 1910-1914-cü illərdə o, Dnepr Ukraynasında ukrain dilində ilk pedaqoji jurnal olan "Svitlo"nu nəşr etdirmişdir.

Mühacirətdən sonra Rusova Praqadakı Draqomanov adına Ali Pediqoji İnstitutunun pedaqogika kafedrasına rəhbərlik etmişdir. 1927-1930-cu illərdə o, məktəbəqədər və sosial təhsil haqqında traktatlar nəşr etdirmişdir. Siyasi fəaliyyəti 1800-cü illərə qədər Ukraynanın siyasi və hərbi təsisatları Rusiya imperiyası tərəfindən ləğv edilmişdi. Ukraynalılar "Kiçik ruslar" adlandırılırdı və Ukrayna əyalət statusuna endirilmişdi. 1800-cü illərin sonlarına doğru Rusiya imperiyası anti-Ukrayna siyasətini təbliğ edirdi. Çar II Aleksandrın rəhbərliyi altındakı imperiya rejim ukrain dilinin çapda istifadəsini qadağan edən Ems fərmanını verdi. Ukrayna ziyalıları Taras Şevçenkonun "Kobzar" əsərini, o cümlədən mətnin senzura olunmuş və Ukraynada demək olar ki, tanınmayan hissələrini iki cilddə nəşr etməkdə qərarlı idilər. Sofiya Rusova və həyat yoldaşı mətni nəşrə hazırlamaq iatəyirdilər. Antropoloq və arxeoloq Fedir Vovk, varlı ukraynalıların bağışladığı pullarla Şevçenkonun qardaşlarından satın aldığı əlyazmaları onlara verdi. Cütlük riskə gedərək, tam şəkildə nəşr olunmuş "Kobzar"ı Ukraynaya gətirdilər. Onların bu uğuru faciə ilə nəticələndi; Praqada qaldıqları müddətdə Rusovlar üç aylıq qızları Lüdmilanı itirdilər.

Rusovlar ictimai və siyasi fəaliyyətlərinə görə bir neçə dəfə Sankt-Peterburqa sürgün ediliblər. Rusova "inqilabi" baxışlarına və yazılarına görə dəfələrlə həbs edilib. Polislər ailənin evində mütəmadi olaraq axtarış apardıqları üçün Sofiya məxfi sənədləri qızının uşaq bezlərində gizlədirdi. Rusovanın kiçik oğlu Yuri, anası "Tarasivtsi qardaşlığı"na görə Qalisiyadan qadağan olunmuş kitabların qaçaqmalçılığı ilə bağlı həbs olunduğu vaxt anadan olub. Həyat yoldaşı Aleksandr Kiyevdən Saratova təxliyə zamanı xəstələnərək vəfat etmişdir.

1917-ci ildə Ukrayna Mərkəzi Şurasının üzvü olan Rusova, bu qurumda təmsil olunan 11 qadından biri idi. O, Təhsil Nazirliyinin "Məktəbəqədər və Böyüklərin təhsili " departamentində çalışmış, məktəblərin ruslaşdırmadan azad edilməsi və yeni dərsliklərin hazırlanmasına məsul olmuşdur. 1917-ci ilin mart və sentyabr ayları arasında Rusova təhsilin ukrain dilində aparıldığı 66 məktəbin və 21 gimnaziyanın yaradılmasında iştirak etmişdir. Kamyanets-Podilski Milli Universitetində mühazirələr oxumuşdur. Rusova Ukrayna Qadınları Milli Şurasının təsisçi üzvü və ilk prezidenti olub. O, Ukraynalı qadınlarını, Haaqada (1922) keçirilən beynəlxalq konvensiyada təmsil etmişdir, həmçinin Romada (1923) keçirilən konfransda iştirak etmişdir. O, Qalisiyadakı Ukrayna Qadınlar Birliyinin fəxri üzvü olmuş və Bukovinadakı Ukrayna qadın cəmiyyətində fəaliyyət göstərmişdir. Polşa Respublikasında ukraynalılara qarşı ayrı-seçkiliyə qarşı çıxmış Rusova ukraynalı mühacirlərin "polyak" və ya "rus" kimi təsniflənməsinə etiraz edərək Millətlər Liqasına müraciət ünvanlamışdır. 1933-cü ildə o, Qolodomor zamanı Sovet siyasətini pisləyən ismacını dünya birliyinə yaymışdır. 1934-cü ildə isə Rusova Stanislavivdə keçirilən Ukrayna Qadınlar Konqresində iştirak etmişdir.

Şəxsi həyatı 1874-cü ilin avqustunda Sofiya Rusova statistika mütəxəssisi və folklorşünas Aleksandr Rusov (1847–1915) ilə ailə həyatı qurub. Aleksandrın məsləhəti ilə Sofiya doğma kəndindən Ukrayna xalq mahnılarını toplamaq üçün doğma kəndinə yollandı. Cütlüyün toyunda Mixaylo Draqomanov və gəlin üçün rapsodiya bəstələyən Nikolay Lısenko da iştirak etmişdi. Oleksandr sadiq "narodnik" (xalqçı) idi. Evləndikdən sonra, cütlük ölkəni gəzərək Ukrayna milli davasının digər tərəfdarları ilə milli hərəkatın inkişafını müzakirə edir, ictimai, intellektual və inqilabi fəaliyyətlərlə məşğul olurdular.

Cütlüyün: etnoqraf və Ukrayna İnqilab Partiyasının üzvü Mixaylo Rusov (1876–1909) və bioloq Yuri Rusov (1898–1961) adlı iki övladı olub.

İrsi Rusova uşaq bağçalarının genişləndirilməsi, fasiləsiz təhsil, insan hüquqları və kəndlilərin siyasi təşkilatlanması uğrunda hər zaman mübarizə aparıb. O, 1922-ci ildə Sovet Ukraynasından qaçaraq Praqada məskunlaşmış, 1924-1939-cu illər arasında Ukrayna Ali Pedaqoji İnstitutunda dərs demişdir. Rusova 84 yaşında Praqada vəfat etmiş və Olşanski qəbiristanlığında dəfn olunmuşdur.

2016-cı ildə Ukraynada Rusovanın anadan olmasının 160 illiyi şərəfinə xatirə sikkəsi zərb edilib. Ripki qəsəbəsindəki məktəbin həyətində onun şərəfinə abidə ucaldılıb. Rusovanın doğulduğu Oleşniya kəndindəki Sofiya Rusova adına məktəbdə kiçik muzey fəaliyyət göstərir və burada Rusovaya həsr olunmuş elmi seminarlar keçirilir.

2023-cü ilin iyununda Vladimir Korolenko adına Çerniqov Regional Universal Elmi Kitabxanasının adı dəyişdirilərək Sofiya və Aleksandr Rusov adına Çerniqov Regional Universal Elmi Kitabxanası adlandırılıb.

İstinadlar

Kateqoriya:Qadın alimlər Kateqoriya:Ukrayna aktivistləri