Milada Horakova (; ) — Çexiyalı siyasətçi və feminist.

O, əvvəlcə Nasist Almaniyasına, daha sonra isə Çexoslovakiya Kommunist Partiyasına qarşı gizli müqavimət hərəkatının üzvü olub. Fəaliyyətində əsasən demokratik institutların qorunmasına və qadın hüquqlarına diqqət yetirib. Horakova Çexoslovakiya Kommunist Partiyası tərəfindən uydurma qəsd və dövlətə xəyanət ittihamları ilə məhkum edilib və Praqadakı Pankras həbsxanasında məhkəmə qətli vasitəsilə, edamın primitiv forması olan asılaraq yavaş boğulma üsulu ilə edam olunub. O, 13 dəqiqədən çox boğulub. Cəsədi yandırılsa da, qalıqları heç vaxt tapılmayıb. Onun məhkumluq qərarı 1968-ci ildə ləğv edilib, 1990-cı illərdə isə siyasi bəraət alıb. və ölümündən sonra 1-ci dərəcəli Tomay Qariq Masarik ordeni və 1-ci dərəcəli Ağ Qoşa Xaç ordeni ilə təltif olunub. 2008-ci ilin sentyabrında Horakovanın edamına səbəb olan komandanın sağ qalan yeganə üzvü Lüdmila Brojova-Polednova həbs cəzasına məhkum edilib.

Həyatı Milada Horakova Praqada Milada Kralova olaraq anadan olub. 17 yaşında, Birinci Dünya müharibəsinin son ilində, müharibə əleyhinə nümayişdə iştirak etdiyi üçün məktəbdən qovulub. Orta təhsilini yeni yaradılmış Çexoslovakiyada tamamlayıb və Karl Universitetində hüquq təhsili alaraq 1926-cı ildə məzun olub. Onun erkən siyasi həyatına Qadın Milli Şurasının qurucusu, senator Frantişka Plaminkova böyük təsir göstərib.

Horakova 1927-ci ildə Bohuslav Horak ilə ailə qurub. Onların qızı Yana 1933-cü ildə anadan olub.

1927-ci ildən 1940-cı ilə qədər o, Praqa bələdiyyəsinin sosial rifah şöbəsində çalışıb. Sosial ədalət məsələlərinə diqqət yetirməklə yanaşı, Horáková qadınların bərabərhüquqlu statusu uğrunda tanınmış bir kampaniyaçıya çevrilib. O, həmçinin Çexoslovakiya Qırmızı Xaç Cəmiyyətində aktiv fəaliyyət göstərib. 1929-cu ildə Çex Milli Sosial Partiyasına qoşulub; bu partiya, adındakı oxşarlığa baxmayaraq, nasizmin qatı rəqibi olub.

Çexoslovakiyanın işğalı zamanı (1938–1945) Horáková gizli müqavimət hərəkatında aktiv iştirak edib. 1940-cı ildə həyat yoldaşı ilə birlikdə həbs edilib və Gestapo tərəfindən dindirilib. Onun vəziyyətində buna səbəb müharibədən əvvəlki siyasi fəaliyyəti olub. O, Terezin gettosuna, daha sonra isə Almaniyanın müxtəlif həbsxanalarına göndərilib.

1944-cü ilin yayında Horakova Bavariyada 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 1945-ci ilin aprelində, İkinci Dünya müharibəsinin sonuna yaxın irəliləyən ABŞ qüvvələri tərəfindən azad edilib.

Siyasi fəaliyyəti 1945-ci ildə Çexoslovakiya azad edildikdən sonra Horakova Praqaya qayıdıb və yenidən təşkil olunmuş Çex Milli Sosial Partiyasının rəhbərliyinə qoşulub. Müvəqqəti Milli Məclisin üzvü olub. 1946-cı ildə seçkilərdə qalib gələrək Milli Məclisdə Cənubi Bohemiyanın Çeske Budeyovitse bölgəsini təmsil edən mandat qazanıb.

Onun siyasi fəaliyyəti yenidən qadınların cəmiyyətdəki rolunun gücləndirilməsinə və Çexoslovakiyanın demokratik institutlarının qorunub saxlanılmasına yönəlib. 1947-ci ildə "Vlasta" adlı qadın jurnalının əsasını qoyub. 1948-ci il Çexoslovakiya dövlət çevrilişindən qısa müddət sonra etiraz əlaməti olaraq parlamentdən istefa verib. Bir çox siyasi tərəfdaşlarından fərqli olaraq, Horakova Çexoslovakiyanı tərk edib Qərbə getməməyi seçib və Praqada siyasi fəaliyyətini davam etdirib. 27 sentyabr 1949-cu ildə o, həbs edilib və kommunist rejimini devirmək üçün qurulan iddia edilən sui-qəsdin lideri olmaqda ittiham olunub.

Məhkəmə və edam thumb|Milada Horakovanın həbsdə çəkilmiş fotosu Məhkəmə qarşısına çıxarılmazdan əvvəl Horakova və digər müttəhimlər Çexoslovakiya dövlət təhlükəsizlik orqanı olan StB tərəfindən həm fiziki, həm də psixoloji işgəncələrin tətbiq olunduğu intensiv dindirmələrə məruz qalıb. O, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və Yuqoslaviya tərəfindən idarə olunan dövlətə xəyanət və casusluq sui-qəsdinə rəhbərlik etməkdə ittiham olunub. İddia edilən sui-qəsdin sübutları kimi Horakovanın 1948-ci ilin sentyabrında Çexoslovakiyadakı yeni siyasi vəziyyətə reaksiyalarını müzakirə etmək üçün Milli Sosial, Sosial Demokrat və Xalq partiyalarının siyasi xadimlərinin toplantısında iştirakı göstərilib. O, həmçinin Qərbdə mühacirətdə olan çexoslovakiyalı siyasi xadimlərlə əlaqə saxlamaqda günahlandırılıb.

Horakova və on iki həmkarının məhkəməsi 31 may 1950-ci ildə başlayıb. Bu, bir nümayiş məhkəməsi (show trial) kimi planlaşdırılıb. Proses sovet məsləhətçiləri tərəfindən nəzarətdə saxlanılıb və kommunist hakimiyyəti tərəfindən təşkil edilən, müttəhimlər üçün ölüm cəzası tələb edən ictimai kampaniya ilə müşayiət olunub. Dövlət ittihamçılarına Yozef Urvalek rəhbərlik edib və onların tərkibinə Lüdmila Brozova-Polednova da daxil olub. Məhkəmə iclasları müttəhimlərdən alınan "günah etirafları" ilə diqqətlə qurulub.

2005-ci ildə tapılan səs yazısı Horákovanın öz siyasi ideallarını necə cəsarətlə müdafiə etdiyini üzə çıxarıb. Çexoslovakiyanın demokratik prezidentləri Tomáš Garrigue Masaryk və Edvard Beneşin dəyərlərinə istinad edərək, o, "bu ölkədə heç kim inancına görə öldürülməməli və ya həbs edilməməlidir" deyə bəyan edib.

Milada Horakova 8 iyun 1950-ci ildə digər üç müttəhim (Yan Buxal, Oldrjix Pecl və Zaviş Kalandra) ilə birlikdə ölüm cəzasına məhkum edilib. Qərbdəki bir çox görkəmli şəxsiyyət, xüsusən alim Albert Eynşteyn, Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçill, Fransa Prezidenti Vinsent Oriol və ABŞ-ın keçmiş birinci xanımı Eleonora Ruzvelt onun həyatının bağışlanması üçün petisiya ilə müraciət etsə də, hökm təsdiqlənib. Horáková 27 iyun 1950-ci ildə Praqanın Pankras həbsxanasında 48 yaşında asılaraq edam edilib. Onun son sözləri belə olub: "Mən bu mübarizədə uduzdum, lakin şərəflə gedirəm. Bu ölkəni sevirəm, bu milləti sevirəm, onların rifahı üçün çalışın. Sizə qarşı heç bir kin bəsləmədən ayrılıram. Sizə arzulayıram, arzulayıram ki…".

Edamdan sonra Horákovanın cəsədi Straşnitse krematoriyasında yandırılıb, lakin külü ailəsinə qaytarılmayıb. Onun külünün harada olduğu məlum deyil.

Digər müttəhimlər thumb|upright|300px|Albert Eynşteynin təqsirləndirilən şəxslərə əfv edilməsi üçün teleqramı Jan Buchal (1913–1950), Dövlət Təhlükəsizlik zabiti (edam edilib) Vojtech Dundr (1879–1957), Çexiya Sosial Demokrat Partiyasının keçmiş katibi (15 il azadlıqdan məhrum edilib) Jiri Hejda (1895–1985), keçmiş zavod sahibi (ömürlük azadlıqdan məhrum edilib) Bedrich Hostiçka (1914–1996), Çexoslovakiya Xalq Partiyasının katibi (28 il azadlıqdan məhrum edilib) Zaviş Kalandra (1902–1950), marksist jurnalist (edam edilib) Antonie Kleinerova (1901–1996), Çexoslovakiya Milli Sosial Partiyasından keçmiş parlament üzvü (ömürlük azadlıqdan məhrum edilib) Jiri Krizek (1895–1970), hüquqşünas (22 il azadlıqdan məhrum edilib) Josef Nestaval (1900–1976), administrator (ömürlük azadlıqdan məhrum edilib) Oldrich Pecl (1903–1950), keçmiş mədən sahibi (edam edilib) Zdenek Peşka (1900–1970), universitet professoru (25 il azadlıqdan məhrum edilib) Frantişek Preuçil (1907–1996), naşir (ömürlük azadlıqdan məhrum edilib) Frantişka Zeminova (1882–1962), redaktor və Çexoslovakiya Milli Sosial Partiyasından keçmiş parlament üzvü (20 il azadlıqdan məhrum edilib)

Bəraət və fəxri adları thumb|upright|200px|Vışehrad qəbiristanlığında Milada Horakovanın büstü, Praqa Məhkəmə hökmü 1968-ci ilin iyununda, Praqa baharı zamanı ləğv edilib. Lakin ondan sonra Çexoslovakiyanın Sovet qoşunları tərəfindən işğalı və müqavimətin yatırılması onun siyasi bəraət prosesini yarımçıq qoyub. Onun tam bəraət alması yalnız 1989-cu il Məxməri inqilabından sonra tamamlanıb.

1990-cı ildə Praqa 7 rayonunun Letna hissəsindəki əsas magistral küçələrdən birinə onun şərəfinə ad verilib. 1991-ci ildə o, ölümündən sonra 1-ci dərəcəli Tomaş Qarriq Masarik ordeni ilə təltif edilib. Çexiya Respublikasında onun edam edildiyi gün — 27 iyun tarixi "Kommunist Rejimi Qurbanlarının Anım Günü" elan edilib.

11 sentyabr 2008-ci ildə, Horakova məhkəməsinin ittiham tərəfindən sağ qalan yeganə üzvü, 86 yaşlı Lüdmila Brozova-Polednova, Milada Horakovanın məhkəmə yolu ilə qətlində iştirak etdiyinə görə altı il müddətinə azadlıqdan məhrum edilib. Brozova-Polednova yaşı və səhhəti ilə əlaqədar 2010-cu ilin dekabrında həbsdən azad edilib və 15 yanvar 2015-ci ildə vəfat edib.

2020-ci ilin yanvarında Horakova Slovakiya prezidenti Suzana Çaputova tərəfindən ölümündən sonra 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni ilə təltif edilib. Mükafatı Milada Horakova Klubunun üzvü Erika Maçakova qəbul edib.

Ailəsi Milada Horakovanın həyat yoldaşı Bohuslav Horak 1949-cu ildə həbsdən yayına bilib, Qərbi Almaniyaya qaçıb və daha sonra ABŞ-da məskunlaşıb. Anası edam edilərkən 16 yaşında olan və sonradan xalası tərəfindən böyüdülən qızları Yana, yalnız 1968-ci ildə ABŞ-də atasına qoşula bilib və orada ailə quraraq üç nəvə sahibi olub.

Horakovanın son məktubları, o cümlədən ərinə və qızına yazdıqları ingilis dilinə tərcümə edilərək nəşr olunub.

Bioqrafik film Milada Horakovanın həyatından bəhs edən Çexiya-Amerika birgə istehsalı olan "Milada" bədii filmi 2017-ci ilin noyabrında ekranlara çıxıb. Horakova rolunu Ayelet Zurer canlandırıb. İngilis dilində olan bu istehsalın rejissoru, həm də ssenari müəlliflərindən biri olan çex mənşəli kinorejissor David Mrnkadır.

İstinadlar

Xarici keçidlər Milada Horáková – Czech in history, from archives of Czech Radio via radio.cz with RealAudio stream version Martyr for freedom, :en:Washington Times, 15 November 2006 I Shall Always Be With You — a letter by Milada Horáková to her daughter written on the eve of Horáková's execution

Kateqoriya:Praqa siyasətçiləri Kateqoriya:Asılaraq edam olunanlar Kateqoriya:Çexoslovakiya siyasətçiləri Kateqoriya:Çexoslovakiya tarixi Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Stalinizm Kateqoriya:XX əsr hüquqşünasları

Kateqoriya:Çexiya şəxsləri