Cəfər Cəfərov (tam adı: Cəfər İsmayıl oğlu Cəfərov; ) — türkoloq alim, şair, filologiya üzrə fəlsəfə doktoru, dosent.
Cəfər Cəfərov türk damğalarını araşdıran tədqiqatçılardan biri olub. O, istər Azərbaycan damğaları, qədim türk işarələr sistemi, Qobustan qayaüstü işarələrinin oxunuşu, qədim yer-yurd adlarımızın etimoloji izahı, istərsə də qədim türklərin etnik mənşəyi hesab olunan aslarla bağlı sanballı tədqiqatların müəllifidir.
Həyatı Cəfər Cəfərov 1938-ci ilin 20 fevralında Naxçıvan MR-nın Sədərək rayonunda anadan olub. 1955-ci ildə Naxçıvan şəhərində orta məktəbi bitirib. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin şərq filologiyası ixtisasına qəbul olunub. 1961-ci ildə ali təhsili başa vurduqdan sonra təyinatla Türkmənistana göndərilib, orada türkmən məktəblərində ərəb-fars dillərini tədris edib. Türkmənistan SSRdə Cəfərov Elmi-Tədqiqat Müəllimlər İnstitutunda şərq dilləri üzrə elmi işçi vəzifəsində də çalışıb. Türkmənistan Dövlət Universitetində ərəb-fars dillərini tədris edən Cəfər Cəfərov, paralel olaraq Məhdimqulu adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında da təhsil alıb., O "Müasir türkmən ədəbi dilində işlənən fars sözləri" adlı namizədlik dissertasiyasını 1971-ci ildə müdafiə edib.
1974-cü ilin yanvarında ailə həyatı quran Cəfər Cəfərovun 5 övladı, 7 nəvəsi var.
Cəfər Cəfərov 20 dekabr 1996-cı ildə ürək tutmasından vəfat edib. Bakı şəhərində dəfn edilib.
Elmi fəaliyyəti 1974-cü ildə Türkmənistandan Azərbaycana geri dönən Cəfər Cəfərov, elə həmin ildən də Bakı Dövlət Universitetində elmi və müəllimlik fəaliyyəti ilə məşğul olub. Burada o, "Qədim türk yazılı abidələri" fənnindən dərs deməklə yanaşı, elmi araşdırmalarını da davam etdirib.
1974-cü ildən ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında baş müəllim vəzifəsində çalışıb.
Cəfər Cəfərovun yer-yurd adlarımız Qafqaz, Gəncə, Naxçıvan, Yerevan, Noraşen, Abşeron, Arsak sözlərinin açıqlanması haqqında elmi məqalələri, o cümlədən qədim as-türk tayfaları haqqındakı "Aslar kimdir" adlı məqaləsinin izi ilə apardığı tədqiqatları elmi ictimaiyyətin rəğbətini qazanıb.
Azərbaycan, türkmən, türk, alman və rus dillərində 100-ə yaxın elmi və publisistik məqaləsi olan Cəfər Cəfərovun "Aslar kimdir", "Milli etnik yaddaşın izi ilə" adlı kitab və monoqrafiyası çap olunub.
O, Pərvin Ettesaminin "Yetimlərin göz yaşı", Pərviz Natel Xanlarının "Qartal" və digər əsərləri fars dilindən azərbaycan dilinə tərcümə edib.
Cəfər Cəfərov fəaliyyəti haqqında Azərbaycanın tanınmış ziyalıları yüksək fikir bildiriblər:
"Cəfər Cəfərov asların izlərini hər yerdə, qədim türk yazılı abidələrində, türklərə məxsus damğalarda, digər simvolik işarələrdə, qədim türk piktroqrafiyasında Hind, Çin, İran, Avropa mənbələrində axtarırdı." — Akademik Nizami Cəfərov
"Cəfər cibində zərrəbin gəzdirərdi", o bu zərrəbinlə tarixin dərinliklərindən xəbər verən tutarlı faktları üzə çıxarıb "qədim türk mədəniyyəti haqqında əsassız və mücərrəd konsepsiyalar irəli sürən erməni, ingilis və rus tədqiqatçılarına qarşı" elmi mübarizə aparan alim olmuşdur. — Akademik Tofiq Hacıyev
Ədəbi fəaliyyəti Cəfər Cəfərov elmi fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyəti ilə də tanınır. Alimin "Xatırla məni" şeirlər toplusu 2013-cü ildə nəşr olunub.
İstinadlar
Kateqoriya:Sədərək rayonunda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri