Coomart Bokonbayev (; ) — SSRİ–Qırğızıstan şairi və dramaturqu, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü.
Həyatı Coomart Bokonbayev 1910-cu ildə Fərqanə vadisində yerləşən Mazar-Say kəndində (hazırda Cəlalabad vilayətinin Toktoqul rayonu) yoxsul kəndli ailəsində anadan olmuşdur. Atası Bokonbay Tokoyev, anası isə Altınay idi. Şairin Ziyada da daxil olmaqla bir neçə bacısı olmuşdur. Anası sənətkar qadın olmuş, xalq atalar sözləri, məsəllər, nağıllar və "koşok" adlanan ağıları yaddaşında qoruyub saxlamışdır. Beş yaşında valideynlərini itirən Coomart yetim qalmışdır. Atası naməlum şəraitdə öldürülmüş, anası isə yerli bəylərdən birinə ərə verilməyə məcbur edilmişdir. Coomart və Ziyada həmin bəyin yanında çalışmağa başlamışlar. Bəyin digər iki arvadı uşaqlara qarşı amansız rəftar etmiş, bəy özü isə onları ağır işlərdə çalışdıraraq taqətdən salmışdır.
1924-cü ilin may ayında Bokonbayev Kommunist Gənclər İttifaqına daxil olmuşdur. Anasının etirazlarına baxmayaraq, o, təhsil almaq üçün Cəlalabada yollanmış, burada komsomolun rayon komitəsi tərəfindən Kök-Art uşaq evinə yerləşdirilmişdir. İki il sonra uşaq evinin rəhbərliyi onu Oş Pedaqoji Texnikumuna göndərmiş, elə həmin dövrdə onun ilk yaradıcılıq nümunələri dərc olunmağa başlamışdır. 1928-ci ildə o, təhsilini tamamlamaq üçün Frunze şəhərində yerləşən Pedaqoji Texnikuma göndərilmişdir. Tələbə yoldaşı Kubanıçbek Malikovun xatirələrinə görə, Bokonbayev həmin dövrdə temperamentli, həddindən artıq təsir altına düşən, tez həyəcanlanan və çılğın bir şəxs təsiri bağışlamışdır. Malikov həmçinin, şairin səmimiliyi, dürüstlüyü və qayğıkeşliyi ilə seçildiyini, bəzən isə qəfildən susaraq xəyala daldığını qeyd etmişdir. Təhsil illərində Bokonbayev M. V. Lomonosov, A. S. Puşkin, M. Y. Lermontov, V. Q. Belinski, N. Q. Çernışevski, L. N. Tolstoy, A. P. Çexov və A. M. Qorki kimi Rusiya ədəbiyyatı klassiklərinin əsərlərini tatar və qazax dillərində mütaliə etmişdir, çünki həmin dövrdə bu əsərlərin qırğız dilinə tərcümələri hələ mövcud deyildi. Şair öz xatirələrində Maksim Qorkinin yaradıcılığına xüsusi maraq göstərdiyini, "Ana", "Mənim universitetlərim", "Şahin nəğməsi" və "Fırtına quşu haqqında nəğmə" əsərlərini oxuyarkən böyük həyəcan keçirdiyini bildirmişdir. Təhsil aldığı müddətdə ilk əsərlərini texnikumun nəzdindəki "Ptents" əlyazma jurnalında və "Temene kanat" divar qəzetində dərc etdirmişdir.
1929-cu ildə Moskvada keçirilən Birinci Ümumittifaq Pioner Toplantısında iştirak etmişdir. O, təhsilini "Qırmızı qığılcım" ədəbi dərnəyindəki fəaliyyəti ilə birləşdirmişdir. 1930-cu ildə sonuncu kursda oxuyarkən "Qızıl Qırğızıstan" qəzetində şöbə müdiri, bir il sonra isə "Leninçil jaş" qəzetinin redaktoru təyin olunmuşdur. Redaksiyalardakı fəaliyyəti, kəndlərə və rayonlara etdiyi ezamiyyətlər ona respublikanın real həyatı ilə yaxından tanış olmaq imkanı vermişdir. O, kolxozların, məktəblərin və savadsızlığın ləğvi kurslarının yaradılmasında iştirak etmiş, tayfa çəkişmələrinə və qızların başlıq pulu qarşılığında satılmasına qarşı çıxış etmişdir.
1932-ci ildə Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasına üzv olmuşdur. 1933–1935-ci illərdə Kommunist Jurnalistika İnstitutunda təhsil almış, məzun olduqdan sonra əvvəlcə "Leninçi gənclik" qəzetinin, daha sonra isə "Sovettik Qırğızstan" ədəbi-bədii və ictimai-siyasi jurnalının redaktoru vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsinin başlaması ilə Bokonbayev hərbi-siyasi məktəbi bitirmiş və 1941-ci ilin dekabrından Sovet Ordusu sıralarına qoşulmuşdur. O, 107-ci kavaleriya diviziyasının "Vətən uğrunda, irəli!" qəzetinin redaktoru olmuş, iki il sonra isə Qırğızıstan SSR zəhmətkeşlərinin nümayəndə heyətinin tərkibində Ukrayna cəbhəsinə göndərilmişdir.
1944-cü ildə xidməti ezamiyyət zamanı Coomart Bokonbayev Çon-Sarı-Oy kəndi yaxınlığında avtomobil qəzasında həlak olmuşdur. Məzarı Ala-Arça qəbiristanlığında yerləşir.
Şəxsi həyatı Həyat yoldaşı Tenti Adışeva (qızlıq soyadı Cunuşbayeva. 1954-cü ildən etibarən ikinci həyat yoldaşı Musa Mirzapayazoviç Adışevin soyadını daşımışdır) olmuşdur. Onların üç övladı dünyaya gəlmişdir. Böyük oğulları Kulubek (anadan olmuşdur: 1940-cı il) Qırğızıstanın keçmiş ekologiya naziri, geologiya-minerologiya elmləri doktorudur. Qızları Sırqa (anadan olmuşdur: 1941-cı il) tibb elmləri doktoru, digər oğulları Zaynidin (1943–2003-cü illər) isə "MANAS" hava limanında hava nəqliyyatına baxış xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Yaradıcılığı Coomart Bokonbayev Frunze texnikumunda təhsil aldığı illərdə komsomol təşkilatının nəşr etdiyi "Ptents" əlyazma jurnalında və divar qəzetində ilk əsərlərini dərc etdirməyə başlamışdır. Jurnalın demək olar ki, hər nömrəsində Bokonbayevin şeirlərinə və ya qeydlərinə rast gəlmək mümkün idi. O, bəy-manap ideologiyasına qarşı mübarizədə fəal iştirak etmiş, "Mənim mahnım", "Mənim qanım", "Bizim qələmimiz", "Kimin hansı mahnıları oxuması", "Bizim planımız", "Yeni Alay" kimi şeirlər yazmış və kütləvi çıxışlar etmişdir. Kurbanıçek Malikov, Alıkul Osmonov, Aalı Tokombayev və digərlərinin xatirələrinə görə, onun çıxışları öz parlaqlığı və alovlu prinsipiallığı ilə fərqlənmişdir. Tədqiqatçılar Bokonbayevin erkən yaradıcılığında Oktyabr inqilabından əvvəlki sinfi münasibətləri ifşa etmək meylini xüsusi qeyd etmişdilər. Bu, onun "Üç qarğa" satirasında aydın görünür.
Bokonbayevin erkən yaradıcılığında qadın haqları mövzusu xüsusi yer tutmuşdur. "İşığa gəl", "Bacımın məktubu" və "Qamçı göz yaşları" şeirlərində o, qadınlara qarşı tiranlığı pisləmişdir. "Qamçı göz yaşları" mahnısında şair qırğız qadınının ailə başçısı tərəfindən döyüldüyü və təhqir edildiyi ailə həyatını təsvir etmişdir. Tədqiqatçıların fikrinə görə, Vladimir Mayakovski və Maksim Qorkinin yaradıcılığı Coomarta keçmişi və bu günü daha dərindən dərk etməyə kömək etmiş, onun əsərlərinin keyfiyyətini artırmışdır. Bu təsirlər nəticəsində o, daha iri həcmli əsərlər yaratmağa diqqət yetirmiş və qırğız şeirinin sillabik formalarından uzaqlaşmağa başlamışdır.
1927-ci ildə Oş kanton qəzetində Coomartın Qırğızıstanın cənubundakı torpaq-su islahatına həsr olunmuş "Torpaq alan yoxsullara" adlı şeiri dərc olunmuşdur. 1933-cü ildə şairin "Əməyin başlanğıcı" adlı ilk şeirlər məcmusu işıq üzü görmüşdür. O, respublika ədəbiyyatında ilk dəfə fəhlə və mədənçi obrazlarını gətirmiş, Qırğızıstanın sənaye tikintilərindən yazmışdır. Bu və sonrakı məcmualarda şair qırğız kəndlilərinin taleyindən, respublikanın fəhlə sinfinin həyat və əməyindən bəhs etmişdir. Bokonbayev sənaye obyektlərinin inşasında çalışan fəhlə və entuziastların obrazlarını Qırğızıstan ədəbiyyatına daxil edən ilk şairlərdən biri olmuşdur. 1930-cu illərin sonunda şair "Qız qanadları" poemasını dərc etdirmişdir. Burada kolxozçu çoban qızı Sırqanın ali təhsil alaraq eyni zamanda təyyarəçi ixtisasına yiyələnməsi təsvir olunur, lakin bu əsər, eləcə də "Məryəm" və "Dərədə hadisə" poemaları kompozisiyanın bəsitliyi və süjetin münaqişəsizliyi səbəbindən tənqidə məruz qalmışdır.
Coomart Bokonbayevin yaradıcılığında fəlsəfi lirika mühüm yer tutmuşdur. "Düşüncə", "Qocanın sözləri", "Keçmişə heyfin gəlməsin", "Həyat" və digər şeirlərində şairin nikbinliyi, sovet insanının həqiqətə fəal münasibəti parlaq şəkildə təzahür etmişdir. Tədqiqatçıların fikrinə görə, Bokonbayev "Qırğız Ala-Toosu", "Alay", "Yay axşamı", "Yay günündə" kimi şeirləri ilə qırğız ədəbiyyatında mənzərə lirikası adlı yeni janrı inkişaf etdirmişdir. Yazıçı Lev Pasınkov şairin 1947-ci ildə nəşr olunmuş "Qopuz" məcmusuna yazdığı ön sözdə onun təbiət təsvirlərindəki uğurlarını belə səciyyələndirmişdir:
1930–1940-cı illərdə Bokonbayev həmçinin, bir sıra diqqətçəkən epik və dramatik əsərlər yaratmışdır: "Qızın qanadları" poeması, "Qızıl qız", "Qarğaşa" musiqili dramları və "Semetey" pyesi bunlardandır. Şair "Toktokul" operasının librettosunu yazmışdır. 1938-ci ildə o, Cusup Turusbekov və Kubanıçbek Malikov ilə birlikdə "Manas" eposunun motivləri əsasında "Ayçürək" operasının librettosunu hazırlamış, bəstəkarlar Vladimir Vlasov, Abdılas Maldıbayev və Vladimir Fere isə bu əsərə musiqi bəstələmişlər. 1939-cu ildə qırğız incəsənəti və ədəbiyyatının ilk dekadası zamanı "Qızıl qız" və "Ayçürək" əsərləri Moskva tamaşaçılarına təqdim olunmuşdur. Bokonbayev həmçinin "Ölüm və şərəf", "İgidlik qala divarlarından möhkəmdir", "Batmacan" kimi vətənpərvərlik mövzusunda poemalar yazmışdır.
Bokonbayevin on yeddi illik yaradıcılıq fəaliyyəti ərzində iyirmiyə yaxın şeir, poema və dram kitabı işıq üzü görmüş, onlardan bəziləri rus dilinə tərcümə edilmişdir. 1942-ci ildə şairin seçilmiş şeirlərindən ibarət "Bu günlərin mahnıları", 1947-ci ildə "Qopuz", 1955-ci ildə isə "Seçilmiş şeirlər" məcmusu çap olunmuşdur. Onun bir çox şeiri ana dili ədəbiyyatı müntəxəbatlarına daxil edilmişdir. Coomart Bokonbayev həmçinin, Aleksandr Puşkin, Mixail Lermontov, Nikolay Nekrasov və Vladimir Mayakovskinin bir sıra əsərlərini qırğız dilinə tərcümə etmişdir. Yaxın dostu Lev Pasınkovun xatirələrinə görə, Bokonbayev tərcümə edərkən sanki "zümzümə" edirdi. O, əvvəlcə səssizcə mahnı oxuyur, qələmi ilə "dirijor çubuğu" kimi ritm tuturdu.
Mirası Bişkek şəhərinin Birinci May rayonunda, Erkindik bulvarında Coomart Bokonbayevin heykəli ucaldılmışdır. Heykəlin müəllifi Qırğızıstan SSR-in Xalq rəssamı Olqa Manuylovadır. Qırğızıstan paytaxtının küçələrindən biri, İsıkgöl vilayətinin Ton rayonunun mərkəzi olan Bokonbayevo kəndi, Toktoqul rayonundakı sovxoz, Oş şəhərindəki pedaqoji məktəb, həmçinin respublikanın bir çox məktəb, kitabxana, kənd və şəhər küçələri şairin adını daşıyır.
Mükafatları Bədii ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə Bokonbayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Əsərləri
Fərdi nəşrlər
Rus dilində
Qırğız dilində
Məqalələr, resenziyalar, esselər
Rus dilində
На киргизском языке
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ şairləri