Ataulla Xosravani () () — İran siyasətçisi. O, İran Novin Partiyasının baş katibi vəzifəsini icra etmiş və 1960-cı illərdə bir neçə kabinetdə nazir postlarını tutmuşdur.
Erkən həyatı və təhsili Xosravani 1919-cu ildə Tehranda anadan olmuşdur. Onun atası Mirzə Haşım Məhəllati bölgənin varlı şəxslərindən biri hesab olunurdu. Hər halda, Ataulla Xosrovaninin atasının birinci nikahından altı ögey qardaşı var idi.
Ataullahın dörd qardaşı — Şahabəddin, Xosrov, Mürtəza və Pərviz hərbi və siyasi sahələrdə mühüm vəzifələr tutmuşdur. Şahabəddin Xosravani 1941–1953-cü illər aralığında İranın tanınmış siyasi simalarından və parlament üzvlərindən biri olmuşdur. O, Məhəmməd Müsəddiqin həmfikiri kimi tanınmış və onunla yaxın münasibətlər saxlamışdır. Digər qardaşı Xosrov Xosravani İranın ABŞ, Misir və Almaniyadakı səfiri, həmçinin ölkəsinin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi vəzifələrini icra etmişdir. Mürtəza Xosravani İran Şahənşah Ordusunun sepahbedi (general-polkovniki) rütbəsinə qədər yüksəlmişdir. Pərviz Xosravani həm ordu generalı olmuş, həm də Əmir-Abbas Hüveydanın kabinetində beş il ərzində Baş nazirin müavini və Fiziki Tərbiyə Təşkilatının rəhbəri vəzifələrində çalışmışdır.
Ataulla Xosrovani "Ədəb" ibtidai məktəbini və "Sərvət" orta məktəbini bitirmiş, daha sonra Tehrandakı "Əlborz" Kollecində təhsil almışdır. Xosravani Fransada sosial elmlər üzrə bakalavr dərəcəsi əldə etmişdir.
Karyerası İrana qayıtdıqdan sonra Xosravani qardaşı ilə birlikdə "Əfkar-i İran" adlı jurnal təsis etmişdir. Daha sonra o, İranın Parisdəki səfirliyinə attaşe təyin olunmuşdur. 9 may 1961-ci ildən başlayaraq ardıcıl üç kabinetdə əmək naziri vəzifəsində çalışmışdır. İlk olaraq Baş nazir Əli Əmininin rəhbərlik etdiyi hökumətdə Əhməd Əli Bəhramini əvəz etmiş və bu vəzifəni icra etmişdir. O, həmçinin 1963-cü ilin fevralı ilə 1964-cü ilin martı arasında Baş nazir Əsədulla Ələmin kabinetində xidmət etmişdir. Xosravani 7 mart 1964-cü ildən Həsənəli Mənsurun, 1965-ci ilin yanvarından isə Əmir-Abbas Hüveydanın rəhbərlik etdiyi növbəti hökumətlərdə öz postunu qorumuşdur.
1965-ci ildə partiyanın baş katibi olan Baş nazir Həsənəli Mənsur sui-qəsd nəticəsində qətlə yetirildikdən sonra Xosravani İran Novin Partiyasının baş katibi təyin edilmişdir. Onun əmək naziri kimi səlahiyyət müddəti 1968-ci ildə başa çatmış və həmin il Baş nazir Əmir-Abbas Hüveydanın kabinetində daxili işlər naziri təyin olunmuşdur. Xosravaninin İran Novin Partiyasının baş katibi kimi fəaliyyəti 1969-cu ildə sona çatmış və onu bu vəzifədə Mənuçöhr Kəlali əvəz etmişdir. O, 1971-ci ildə daxili işlər naziri vəzifəsindən kənarlaşdırılmışdır.
Mərkəzi Kəşfiyyat İdarəsinin 1976-cı ilin fevral ayına aid hesabatında qeyd olunmuşdur ki, 1974-cü ilin ortalarında Şah Məhəmməd Rza Pəhləvi tərəfindən Xosravaniyə İran Novin Partiyasının vəziyyətini təhlil etmək və onu yenidən təşkil etmək tapşırığı gizli şəkildə verilmişdir. Təhqiqatının sonunda Xosravaninin həmmüəllifi olduğu hesabat 1975-ci ildə partiyanın fəaliyyətinin dayandırılmasına səbəb olan amillərdən biri olmuşdur.
Şəxsi həyatı Fransada təhsil aldığı illərdə Xosravani fransalı bir qadınla evlənmiş və bu nikahdan bir oğlu dünyaya gəlmişdir. 1979-cu ildə İranda Pəhləvi hakimiyyəti başa çatdıqdan sonra o, Parisdə məskunlaşmış və 2005-ci ilin sentyabrında orada vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İranın daxili işlər nazirləri