Məhəmməd Mustafa əl-Əzəmi (; ) — hind əsilli hədis alimi. O, Qoldhizer, Şaxt və Kalder kimi şərqşünaslara etimad etməmiş və onların İslamla bağlı fikir və tədqiqatlarına rəddiyyələr yazmışdır.
Həyatı
Doğumu Məhəmməd Mustafa 1930-cu ildə Azamqarda dünyaya gəlib.
Təhsili və fəaliyyəti Azamqarda yerləşən Darul-Ülumi-Məuvdə dini təhsil alıb. Qısa müddətlik İngilis məktəbində təhsil aldıqdan sonra təhsilini Şahi mədrəsəsində davam etdirib. Farsca və ingiliscə öyrənib. Ərəbcə, fiqh, ədəbiyyat və qrammatika kitabları mütaliə edib.
Daha sonra təhsilini Darul-Ülum Diobənddə davam etdirib, burada "Məqamətül-Həriri", "Mişkətül-Məsabih", "Kütubi-Sittə" kimi mənbələri öyrənib, Hüseyn Əhməd Mədənidən xüsusi ilə bəhrələnib və 1952-ci ildə buradan məzun olub. Sonrakı təhsilini Aliqar İslam Universitetində, əl-Əhzər Universitetində davam etdirib. 1955-ci ildə əl-Əhzəri bitirdikdən sonra işləmək məqsədilə Qətərə yollanıb.
1964-cü ildə İngiltərəyə gedərək Kembric Universitetində doktoranturaya qəbul olub. 1966-cı ildə "Studies in Early Hadith Literature" adlı doktorluq dissertasiyasını uğurla müdafiə edərək Kembricdən məzun olub. 1968-ci ildə Səudiyyə Ərəbistanına yollanıb və 1973-cü ilə qədər Məkkədə yaşayıb. Sonra ər-Riyad gedib. 1991-ci ilə qədər Kral Səud Universitetində müəllim işləyib. 1991-ci ildə təqaüdə yollanıb.
1980-ci ildə hədis elminə verdiyi töhfələrə görə Kral Feysəl mükafıya layiq görülüb, lakin aldığı mükafatı maddi çətinliklər çəkən tələbələrinə xərcləyib. 1981-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşı olub və 1982-ci ildə "göstərdiyi xidmətlərə görə" medal ilə təltif edilib.
2003-cü ildə İstanbulda 30-a yaxın ilahiyyatçıya "Kütubi-Sittə"dən və "Muvatta"nın Şeybani nüsxəsindən mətnlər oxuyub. Məhəmməd Mustafa əsər qələmə almaq və tələbə yetişdirməklə yanaşı bəzi əsərlərin nəşrini də həyata keçirmişdir. "Muvatta" (Yəhya ibn Yəhya rəvayəti, Əbu Dabi: 2004), "Səhihi-İbn Xuzeymə" (2003, 2009), "Sünəni-İbn Macə" (1983, 1984), "əl-İləl", "Kitabut-Təmyiz" və "Məğazi" (Urvə ibn Zübeyr) onun təhqiq edərək nəşr etdirdiyi əsərlərdir.
Ölümü Hənəfi məzhəbinə mənsub olsa da, məzhəb təəssübkeşliyindən uzaq bir şəxs olan Məhəmməd Mustafa, 20 dekab 2017-ci ildə ər-Riyadda vəfat etmişdir.
Əsərləri Studies in Early Hadith Literature. Bu əsərdə o, hicrətin ilk 150 ili ərzində səhabə və tabeindən olan bir çox şəxsin hədisləri yazdığını, hədislərin yazılmasının Məhəmməd dövründə başladığını və bu cəmləmə prosesinin fasiləsiz şəkildə davam etdiyini bildirmişdir. Əsər türk və ərəb dillərinə tərcümə edilib. On Schacht’s Origins of Muhammadan Jurisprudence. O, bu əsər Y. Şaxta etiraz edərək "Peyğəmbəri sünnə"si ifadəsinin Məhəmməd həyatda ikən istifadə olunduğunu qeyd etmişdir. Bu əsər türk dilinə tərcümə edilmişdir. Mənhəcün-nəqd indəl-mühəddisin. Studies in Hadith Methodology and Literature. Küttabun-nəbi. Məhəmmədin katibləri ilə bağlı qələmə alınmış əsər. The History of the Quranic Text from Revelation to Compilation: A Comparative Study with the Old and New Testaments. Bu əsər "Atlantic Monthly" adlı jurnalda yayımlanmış "What is the Quran" başlıqlı məqaləyə yazılmış rədiyyədir. Bu rəddiyyə də türk dilinə tərcümə edilmişdir.
Həmçinin bax Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Hənəfilər Kateqoriya:Hədis alimləri Kateqoriya:Hindistan şəxsləri Kateqoriya:İslamşünaslar Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Səudiyyə Ərəbistanı şəxsləri