Lusiya Zamaiç (; ) — Latviyalı şair, yazıçı və feminist. Həyatı Lusiya Zamaiç 14 (26) fevral 1893-cü ildə, Rusiya imperiyasının Kurlandiya quberniyasının Bauski uyezdinin Erkeni kəndində varlı fermer ailəsində anadan olub. 1907-ci ildə Bauskadakı qadın məktəbini, daha sonra isə (1908–1910) Yelqava Kommersiya Məktəbini bitirib. Birinci Dünya müharibəsi illərində, 1915-ci ildən etibarən Vyatka quberniyasında və Arxangelskdə təxliyədə yaşayıb, orada kitabxanaçı kimi çalışıb. 1925–1927-ci illər arasında təhsilini Fransa, İtaliya və Əlcəzairdə davam etdirib.

1927-ci ildən Riqada yaşayıb, müasir bir qadın və qadın hüquqlarının fəal müdafiəçisi kimi tanınıb, bu mövqeyini tez-tez ədəbi yaradıcılığı vasitəsilə tərənnüm edib. 1920–1930-cu illərdə ictimai mənəviyyatı pozmaqda ittiham olunub. Cəmiyyəti şoka salmağı sevib. Sosialist ideyalarına sadiq qalıb, əsərlərində tez-tez kapitalist cəmiyyətində qadının rolundan bəhs edib və vətəndaş nikahını qanuniləşdirilmiş fahişəlik kimi təsvir edib. Təhsil almağa imkanı olmayan qızlar üçün özəl dərslər verib, latış, rus, alman və ingilis dillərini, eləcə də ədəbiyyatı tədris edib. 1941-ci ildə, Alman işğalı zamanı həbs edilib və doqquz ay müddətində həbsxanada saxlanılıb. 1942-ci ildən 1946-cı ilə qədər ticarət sahəsində çalışıb.

Müharibə zamanı bütün əlyazmaları məhv edilib. Lusiya Zamaiç bu itkiyə dözə bilməyərək psixi sarsıntı keçirib. Əski Riqanın küçələrində gəzərkən şeirlər qoşmağa davam edib, lakin onları heç yerdə çap etdirməyib. Yaradıcılığı Lusiya Zamaiç ədəbiyyata 1917-ci ildə "Mənim ruhum" (Mana dvēsele) adlı şeirlər toplusunu nəşr etdirməklə gəlib. Daha sonra onun bir sıra poetik topluları işıq üzü görüb: "L’interieur" (1920) "Şimal günəşi" (Ziemeļu saule, 1921) "69°33’11″ şimal enliyi" (69°33’11″ ziemeļu platuma, 1923) "Küçələrdə azaraq" (Ielu maldos, 1923) "Mən, Luçiya Zamaiça və mənim sözlərim" (Es, Lūcija Zamaiča, un mani vārdi, 1923) "Məhəbbət kabaresi" (Mīlas kabarejs, 1930).

Lusiya Zamaiç həmçinin "Qaraçı və üç xanım" (Čigāns un trīs dāmas, 1923) və "Liviyanın gündəliyi" (Līvijas dienas grāmata, 1925) povestlərini yazıb.

Demokratik mövqedə dayanıb, burjuaziyaya, meşşanlığa və ailə həyatındakı yalanlara qarşı çıxışlar edib. Burjua cəmiyyətinin qüsurlarını ifşa etmək üçün "Direktor Kazraq" (Direktors Kazrags, 1927) adlı realist romanını qələmə alıb. Onun bəzi əsərlərinə erotizm cizgiləri də hakim olub. Yaradıcılığında bir çox təxəllüslərdən istifadə edib: İren Kapar, Zayga Straume, A. Kayya, Yunona, Şiçka, Kri-Kris, Fifi, Sili.

Lusiya Zamaiç 17 yanvar 1965-ci ildə Riqada vəfat edib. O, Latviyanın paytaxtındakı Meşə qəbiristanlığında dəfn olunub. İstinadlar

Xarici keçidlər Lūcija Zamaiča Lūcija Zamaiča