Gennadi Gennadiyeviç Qolovkin (; ) — orta və ikinci orta çəki dərəcələrində çıxış edən Qazaxıstan peşəkar boksçusu. Həvəskarlar arasında Olimpiya Oyunlarının gümüş mükafatçısı (2004) və dünya çempionu (2003) olmuşdur. Peşəkarlar arasında orta çəkidə IBF, WBA və IBO versiyaları üzrə ikiqat dünya çempionudur. O həmçinin WBC (2016–2018), IBF (2015–2018, 2019–2023), WBA (2010–2018, 2022–2023) və IBO (2011–2018, 2019–2023) versiyaları üzrə dünya çempionu kəmərlərinə sahiblik etmişdir. Orta çəkidə dünya çempionu titulu uğrunda döyüşlərdə 15 boksçuya qalib gəlmişdir. "The Ring" jurnalının versiyasına görə dünyanın ən yaxşı boksçusu və çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçu (27 sentyabr 2017 – 15 sentyabr 2018) seçilmişdir. WBA, WBC və məşhur "Boxingnews24.com" nəşri tərəfindən 2017-ci ilin ən yaxşı boksçusu elan edilmişdir. "BoxRec"in məlumatına görə, çəki dərəcəsindən asılı olmayaraq bütün dövrlərin ən yaxşı boksçuları siyahısında 58-ci, tarixin ən yaxşı asiyalı boksçuları siyahısında isə ikinci yeri tutur.
26 fevral 2024-cü il tarixindən Qazaxıstan Respublikası Milli Olimpiya Komitəsinin prezidentidir. 23 noyabr 2025-ci il tarixindən etibarən isə "World Boxing" təşkilatının prezidenti vəzifəsini icra edir.
Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə verdiyi müstəsna töhfələrə görə Gennadi Qolovkinə 2025-ci ilin aprel ayında KİMEP Universitetinin fəxri doktoru adı verilmişdir. Bu elmi dərəcə beynəlxalq akademik praktikada cəmiyyətin, mədəniyyətin və beynəlxalq əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərən müstəsna xidmətlərə görə təqdim olunur.
Qazaxıstan Respublikasının Əməkdar idman ustasıdır. Çoxsaylı beynəlxalq turnirlərin qalibi olan Qolovkin, 7 qat Qazaxıstan çempionu, 2000-ci il gənclər arasında dünya çempionu, 2001-ci il Qazaxıstan Respublikasının birinci Spartakiadasının və 2001-ci il Neft ölkələrinin Dünya Kubokunun qalibi, həmçinin III Şərqi Asiya Oyunlarının (2001-ci il) çempionu olmuşdur.
Qolovkin güclü və texnikalı "pançer" və nokautçu kimi tanınır; o, döyüşlərinin əksəriyyətini vaxtından əvvəl qələbə ilə başa vurmuşdur. 22 noyabr 2008-ci ildən 18 mart 2017-ci ilə qədər olan 9 illik dövr ərzində ardıcıl 23 qələbəni nokautla qazanmışdır. Orta çəki tarixində ən yüksək nokaut faizinə görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Hesab olunur ki, Qolovkin boks tarixində ən dözümlü çənəyə malik idmançılardan biridir. O, həvəskar karyerasındakı 350 və peşəkar karyerasındakı 45 döyüş daxil olmaqla, ümumilikdə keçirdiyi 395 qarşılaşmanın heç birində "nokdaun" və ya "nokaut" vəziyyətinə düşməmişdir. 2020-ci ilin məlumatına görə, çempionluq titulunu 21 dəfə uğurla müdafiə edərək Bernard Hopkinsin orta çəkidə titul müdafiəsi üzrə rekordunu təzələmişdir,Головкин остановил Шеремету и побил рекорд Хопкинса // vRINGe.com, 19.12.2020 lakin bəzi mənbələr Qolovkinin 2014-cü ildə "superçempion" statusuna yüksəlməzdən əvvəl sahib olduğu "WBA Regular" titulunun ikincidərəcəli hesab edildiyini və əsas çempionluq titullarına aid olmadığını əsas gətirərək, onun titul müdafiəsi sayının 17 olduğunu idda edirlər. O, Karlos Monson və Marvin Haqler ilə birlikdə dünya reytinqinin zirvəsində məğlubiyyətsiz keçən karyera mərhələsinin müddətinə görə rekordçudur. 26 fevral 2024-cü ildə Qazaxıstan Respublikası Milli Olimpiya Komitəsinin rəhbəri seçilmişdir.informburo.kz: Геннадий Головкин возглавил национальный Олимпийский комитет Казахстана
Ailəsi Qolovkinin atası peşəcə şaxtaçı olmuş, anası isə kimya laboratoriyasında assistent vəzifəsində çalışmışdır. Qolovkinin üç qardaşından ikisi orduda xidmət edərkən həlak olmuşdur: Vadim 1990-cı ildə, Sergey isə 1994-cü ildə, gələcək dünya çempionu hələ yeniyetmə olarkən vəfat etmişdilər. Gennadi Qolovkin məhz böyük qardaşlarının təkidilə boksla məşğul olmağa başlamışdır. Onlar Gennadinin qarşısında seçim qoyaraq ya boksla, ya da digər bir idman növü ilə məşğul olmasını tələb etmişdilər. Üçüncü qardaşı — Gennadidən cəmi 15 dəqiqə sonra doğulan əkizi Maksim də boksla məşğul olmuşdur və hazırda boks üzrə Qazaxıstanın əməkdar məşqçisidir. Qardaşlar eyni çəki dərəcəsində çıxış etmişdilər, lakin onlar heç vaxt bir-birinə qarşı döyüşməmişlər. Əgər püşk nəticəsində onlar üz-üzə gəlməli olsaydılar, onlardan biri mütləq yarışdan çəkilərdi. Belə ki, Maksim 2004-cü il Olimpiadasına seçim mərhələsi ərəfəsində qardaşının xeyrinə idmandan uzaqlaşmışdır. Hazırda o, Gennadinin komandasında çalışır və çempiona döyüşlərə hazırlaşmaqda kömək edir.
E. A. Buketov adına Karaqanda Dövlət Universitetinin Bədən tərbiyəsi fakültəsini bitirmişdir.
Gennadi 7 iyul 2007-ci il tarixindən evlidir. Qeyri-ictimai həyat tərzi sürən, lakin iki ali təhsilə malik olduğu bilinən həyat yoldaşı Alina ilə birlikdə üç övlad böyüdürlər. Atasının ehtimal ki, böyük qardaşının şərəfinə adlandırdığı böyük oğlu Vadim 2009-cu ilin aprelində, qızı 2017-ci ilin sentyabrında, kiçik oğlu isə 2019-cu ilin yanvarında (bəzi mənbələrə görə 2018-ci ilin dekabrında) anadan olmuşdur. Qolovkinlər ailəsi ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles yaxınlığında yaşayır. Ailə başçısı məşqlərini də məhz orada keçirir.
Həvəskar karyerası Gennadi Qolovkinin həvəskar boks karyerası uzunmüddətli və zəngin hadisələrlə yaddaqalan olmuşdur. İdmançı ilk rəsmi döyüşünü 11 yaşında vilayət miqyaslı turnirdə keçirmiş və yekunda həmin yarışın qalibi olmuşdur. 2000-ci ildə Budapeştdə gənclər arasında keçirilən dünya çempionatında yarımorta çəki dərəcəsində qızıl medal qazanmışdır.
2001-ci ildə Şərqi Asiya Oyunlarının qalibi olmuş və finalda Daniel Gili (15–3) məğlub etmişdir.
2002-ci ildə Astanada təşkil olunan komandalararası Dünya Kubokunda Qazaxıstan yığmasının heyətində gümüş medala sahib olmuşdur. Qolovkin turnir çərçivəsində keçirdiyi hər dörd döyüşdə qələbə qazanmışdır. Qrup mərhələsinin Qazaxıstan–Azərbaycan görüşündə Cavid Tağıyevi (19–8), Qazaxıstan–Kamerun qarşılaşmasında isə Foster Nkodonu vaxtından əvvəl (RSCO 3) məğlub etmişdir. Yarımfinaldakı Qazaxıstan–Rusiya matçında Andrey Balanovu (10–7) üstələmişdir. Kubalıların ümumi hesabla 7–5 qalib gəldiyi Qazaxıstan–Kuba final görüşündə isə Damian Ostin üzərində qələbə (6–4) qazanmışdır.
2002-ci ildə Cənubi Koreyanın Pusan şəhərində keçirilən Asiya Oyunlarında qızıl medalın sahibi olmuşdur. O, finalda Phlençit Suriyanı nokautla məğlub etmişdir.
2003-cü ildə Banqkokda təşkil olunan dünya çempionatında qızıl medal qazanmışdır. Yarışda əvvəlcə Rusiya təmsilçisi Matvey Korobovu, ardınca gələcək dünya çempionu, tanınmış irlandiyalı Endi Lini böyük xal fərqi ilə üstələmiş, daha sonra isə digər gələcək dünya çempionu, rumıniyalı Luçian Buteni nokauta salmışdır. Yarımfinalda Kuba boksçusu Yordanis Despanyeni məğlub etmiş, final qarşılaşmasında isə Ukrayna idmançısı Oleq Maşkini nokautla üstələmişdir.
2004-cü ildə Filippinin Puerto-Prinsesa şəhərində keçirilən Asiya çempionatında qızıl medal qazanmışdır. Dörddəbir finalda Cənubi Koreya təmsilçisi Duk-Jin Çonu, yarımfinalda qırğızıstanlı Kımbatbek Rıskulovu məğlub etmiş, finalda isə yerli boksçu Kristofer Kamatı ikinci raundda döyüşü dayandırmağa məcbur edərək üstələmişdir.
Olimpiya Oyunları 2004-cü ildə keçirilən Olimpiya Oyunlarında 75 kq-dək çəki dərəcəsində ikinci yeri tutmuşdur. Qolovkinin seçmə döyüşdə üstələdiyi Artayev 69 kq-dək çəki dərəcəsində qızıl medal qazanmışdır. Olimpiada çərçivəsində on altıda bir final mərhələsindən avtomatik keçən boksçu, səkkizdə bir finalda Pakistan təmsilçisi Əhməd Əli Xanı 31:10 hesabı ilə, dörddəbir finalda isə Misir idmançısı Ramadan Yassiri 31:20 hesabı ilə məğlub etmişdir. Yarımfinal qarşılaşmasında ABŞ boksçusu Andre Direlli 23:18 hesabı ilə üstələyən idmançı finalda Rusiya təmsilçisi Qaydarbek Qaydarbekova 18:28 hesabı ilə məğlub olaraq gümüş medala sahib olmuşdur.
Peşəkar karyerası right|thumb|300px|Qazaxıstanın poçt bloku Gennadi Qolovkinə həsr olunmuşdur.
Qolovkin peşəkar rinqdə debütünü 2006-cı ildə orta çəki dərəcəsində (72 kq-dək) etmişdir. O, ilk 8 qarşılaşmasını vaxtından əvvəl qələbə ilə başa vurmuşdur.
2007-ci ilin sentyabr ayında fransalı Mehdi Buadla (11–1) ilə qarşılaşmış və 8 raundluq döyüşün yekununda onu xal hesabı ilə məğlub etmişdir. 2008-ci ilin aprel ayında İan Qardneri (20–3) xal hesabı ilə üstələmişdir. Həmin ilin noyabr ayında isə Belarus təmsilçisi Malik Diarranı (29–3) ikinci raundda döyüşü davam etdirməkdən imtina etməyə məcbur edərək qələbə qazanmışdır.
11 iyul 2009-cu ildə ilk dəfə 12 raundluq döyüşə çıxmışdır. WBO qitələrarası çempionu adı uğrunda keçirilən bu qarşılaşmada Braziliya idmançısı Con Anderson Karvalyonu ikinci raundda nokauta salmışdır. Daha sonra o, məğlubedilməz Mixail Makarovu (10–0) da nokautla üstələmişdir.
2010-cu ildə Qolovkin Kliçko qardaşlarının "K2 Promotions" promouter şirkəti ilə müqavilə imzalamışdır.
2010-cu ilin avqust ayında WBA versiyası üzrə müvəqqəti dünya çempionu titulu (72 kq çəki dərəcəsində) uğrunda Kolumbiya təmsilçisi Milton Nunyes (21-1-1) ilə qarşılaşmışdır. Qolovkin rəqibini elə ilk raundda nokauta uğratmışdır.
Nilson Xulio Tapiya ilə çempionluq döyüşü Qolovkin növbəti döyüşünü 2010-cu ilin dekabr ayında Panama boksçusu Nilson Xulio Tapiyaya qarşı WBA versiyası üzrə müntəzəm dünya çempionu titulu uğrunda keçirmiş və rəqibini üçüncü raundda nokautla məğlub etmişdir.
2011-ci ildə Qolovkin Kassim Ouma və Lahuan Saymonu nokauta salaraq titulunu iki dəfə uğurla qorumuşdur. Saymon ilə döyüşdə Qolovkin eyni zamanda vakant olan IBO versiyası üzrə dünya çempionu tituluna da sahib olmuşdur.
2012-ci ildə titullarının üçüncü müdafiəsi çərçivəsində yaponiyalı Makotto Fuçiqamini üçüncü raundda nokauta uğratmışdır.
Dmitri Piroq ilə baş tutmamış döyüş Daha sonra WBO versiyası üzrə çempion, Rusiya təmsilçisi Dmitri Piroq ilə danışıqlar aparılmışdır. Bu qarşılaşma titulların birləşdirilməsi döyüşü kimi sanksiyalaşdırılmasa da, HBO kanalı vasitəsilə nümayiş etdiriləcək bir döyüşdə iştirak etmək imkanı Piroq üçün WBO titulundan daha üstün bir prioritet daşımışdır, lakin iyulun əvvəlində Dmitrinin bel nahiyəsindən zədə alması səbəbindən qarşılaşma təxirə salınmışdır. 2012-ci ildə Dmitri Piroq karyerasını başa vurmuş və bu döyüş heç vaxt reallaşmamışdır.
Həmin tarix üçün aktivində cəmi bir mübahisəli xal məğlubiyyəti (hansı ki, revanş döyüşündə bu nəticəni bərpa etmişdi) və 21-i nokautla olmaqla 28 qələbəsi olan Polşa boksçusu Qjeqoj Proksa şəklində digər rəqib tapılmışdır.
HBO kanalında debüt və populyarlığın artması 1 sentyabr 2012-ci ildə Gennadinin ABŞ-nin HBO kanalında debütü baş tutmuşdur.
Qjeqoj Proksa ilə döyüş Qolovkin rinqə karyerasının ən təhlükəli rəqiblərindən biri — gənc polşalı Qjeqoj Proksa ilə çıxmışdır. Buna baxmayaraq, qarşılaşmanın favoriti Qolovkin hesab olunurdu. Onun qələbəsinə 1.33, Proksanın qələbəsinə isə 3.5 əmsal təyin edilmişdir. Qolovkin olduqca aqressiv və fəal fəaliyyət göstərmişdir. O, artıq birinci raundda polşalı boksçunu rinqin döşəməsinə yıxmışdır. Dördüncü raundda Gennadi Qjeqoju yenidən nokdauna salmışdır. Beşinci raundun əvvəlində Qolovkin Proksanı növbəti dəfə nokdauna uğratmış və referi döyüşü dayandırmışdır. Beləliklə, Qolovkin Proksanı beşinci raundda nokaut edərək titulunu qorumuşdur. Proksa ilə keçirilən bu qarşılaşma Qolovkini daha yüksək səviyyəyə qaldırmışdır. Bu, onun ABŞ-dəki ilk döyüşü olmuş və tanınmış HBO kanalı vasitəsilə yayımlanmışdır.
2012-ci ilın noyabr ayının sonunda WBA superçempionu Daniel Gil, Gennadi Qolovkin ilə qarşılaşmaqdan imtina etdiyi üçün titulundan məhrum edilmiş və beləliklə, Gennadi WBA versiyası üzrə vahid çempiona çevrilmişdir.
Qabriel Rosado ilə döyüş