Mariya Dulebyanka (; ) — qadınların səsvermə hüququ və ali təhsil alması uğrunda fəallığı ilə fərqlənən polyak rəssam və aktivisti.
O, Varşava, Vyana və Parisdə incəsənət təhsili alıb, onun iki əsəri 1900-cü il Paris Ümumdünya Sərgisində mükafata layiq görülüb. Rəsmlərinin bir çoxu onun şair yoldaşı Mariya Konopnitskayanın portretləri idi. 1908-ci ildə Dulebyanka Qalisiya Parlamentinə seçkilərdə Aqrar Partiyadan namizədliyini irəli sürsə də, parlament qaydalarına görə qadın olduğu üçün namizədliyi ləğv edilmişdir. 1918-ci ildə Polşa qadınları səsvermə hüququ qazananda Dulebyanka Müvəqqəti Hökumətdə nümayəndə kimi fəaliyyət göstərib. O, 1919-cu il Polşa–Ukrayna müharibəsində məhbuslara kömək edərkən yoluxduğu yatalaq xəstəliyindən vəfat edib.
Erkən həyatı Mariya Dulebyanka 21 oktyabr 1861-ci ildə Avstriya imperiyasının Krakov Böyük hersoqluğu, Krakov şəhərində Mariya Vıçulkovskaya və Henrik Dulebanın ailəsində anadan olub. Onun ailəsi mülkədar zadəganlardan idi; anasının ailəsi "Slepovron", atasının ailəsi isə "Alabanda" gerbini daşıyırdı. O, Krakovdakı Malişevska pansionatında təhsil alıb və 1872-ci ilə qədər Yan Mateykodan özəl incəsənət dərsləri alıb. Qadın olduğu üçün Krakov İncəsənət Akademiyasına qəbul oluna bilməyən Dulebyanka təhsilini davam etdirmək üçün Vyana Sənətkarlıq Məktəbinə yollanıb və burada Leopold Horovitslə birlikdə oxuyub.
İki ildən sonra, öncə Varşavaya köçərək Voyçex Qerson tərəfindən hazırlaşdırılıb, sonra isə 1884-cü ildə Parisə gedərək Jülian Akademiyasında təhsil alıb. Parisdə o, 1886-cı ilə qədər Vilyam-Adolf Buqro, Karolos-Düran, Jan-Jak Henner və Toni Rober-Flöridən dərs alıb. Dulebyankanın rəsmlərinin böyük əksəriyyəti portretlərdən, qadın və uşaq səhnələrindən ibarət olub. İlk sərgisi Krakovda keçirildikdən sonra, Varşavada, daha sonra isə Parisdəki sərgilərdə iştirak edib.
Karyerası
Rəssam kimi thumb|"Uczony z księgą" (Alim və Kitab), Mariya Dulebyanka 1887-ci ildə Dulebyanka qadınlar üçün incəsənət məktəbi açmaq niyyəti ilə Varşavaya qayıtdı. Qadın seçki hüququnun tərəfdarı kimi, 1885-ci ildə qadınların Krakov Təsviri Sənət Akademiyasına qəbul edilməsini müdafiə edirdi. 1889-cu ildə o, həyat yoldaşı Yaroslav Konopnitskidən ayrı, müstəqil yaşayan, səkkiz uşaq anası və yazıçı Mariya Konopnitskaya ilə tanış olur. Həmin vaxt Dulebyankanın təxminən 30 yaşı var idi, Konopnitskaya isə ondan 19 yaş böyük idi. Konopnitskaya, tanışlıqlarından etibarən Dulebyankanın rəsmlərinin əsas mövzusuna çevrildi. Onların münasibətlərinin xarakteri akademiklər tərəfindən qəti şəkildə müəyyən edilməyib; buna qismən səbəb onların ölümündən sonra yazışmalarının ailə üzvləri tərəfindən yandırılması, həm də Konopnitskayanın rəsmilərin yazışmalarını oxuya biləcəyindən xəbərdar olması və hətta nəşr olunmuş əsərlərində belə ailə məsələlərini qabartmaması idi. "Homobiografie" (2008) kitabında Dulebyanka haqqında yazan Krjisztof Tomasik onun digər qadınlarla da münasibətlərinin olduğunu və cütlüyün lezbiyan kimi tanınan dostlarının olduğunu da təsdiqləyib.
Konopnitskaya, Dulebyanka güclü təsir göstərərək, onun sosial rifah layihələrində və qadın hüquqları uğrunda mübarizədə daha fəal iştirak etməyə sövq etmişdi. 1890-cı ildə cütlük Varşavanı tərk edərək səyahətə çıxdı. Onlar Almaniya, İtaliya, Fransa, həmçinin Avstriya və Avstriya-Macarıstanın çex bölgələrindəki sağlamlıq kurortlarını gəziblər. Velosipedlə səyahət ediblər. Dulebyanka geyim tərzi ilə diqqəti cəlb edib. O, qadın geyimlərindən imtina edərək, əvəzində şalvar və ya uzun, düz yubka, qolları manjetli köynək və qalstuk, frak tipli pencək və yastıdaban ayaqqabılar geyinirdi. O, həmçinin saçlarını qısa kəsdirmişdi, monokl və ya lornat taxırdı. Konopnicka Dulebyankanı "Piotrek" və ya "Pietrek" adlandırır, övladlarına macəraları haqqında yazarkən "mən" etdim demək əvəzinə, hər zaman "biz" etdik deyə ünvanlayıb. thumb|200px|Mariya Konopnitskayanın portreti (1902) Harada yaşamalarından asılı olmayaraq, Konopnitskaya, Dulebyankanın rəsm çəkməsi üçün mütləq bir emalatxanasının olmasını təmin edirdi. O, əsərlərini sərgilərdə nümayiş etdirir, həmçinin Drezden, Kiyev, London, Lvov, Münxen, Paris və Praqada keçirilən tədbirlərdə iştirak edib. 1900-cü ildə Paris Ümumdünya Sərgisində onun iki rəsmi — "Tövbədə" və "Yetim taleyi" mükafata layiq görüb, üçüncüsü — "Qızın etüdü" isə hələ sərgidə olarkən Krakovdakı Milli Muzey tərəfindən satın alınıb.
Aktivist kimi 1897-ci ildə Dulebyanka, Lvovdakı Emansipasiya Mərkəzinə qoşularaq, şəhər rəhbərliyinə təzyiq göstərərək qızların ali təhsil almasını təmin edən qadın liseyinin yaradılmasına nail olub. O, "Sükan" adlı feminist jurnalında qadın problemlərinə dair məqalələr dərc etdirir, həmçinin "Qadının səsi" və "Lvov kuryeri" qəzetlərində redaktor kimi çalışıb. 1901-ci ildə Dulebyanka, Zakopane şəhərində "Qadın hərəkatı niyə belə ləng inkişaf edir?" adlı mühazirəsini oxuyub. Növbəti il o, qadınların bədii fəaliyyəti haqqında çıxış edərək, 1903-cü ildə isə "Qadın yaradıcılığı haqqında" adlı məqaləsini dərc etdirib. Dulebyanka qadınların Krakov Təsviri Sənət Məktəbinin tələbə sıralarına qəbul edilməsi və Lvovda qadın gimnaziyasının açılması uğrunda mübarizə aparırdı. O, həmçinin Paulina Kuçaslka-Raynşmit tərəfindən nəşr olunan "Ster" feminist jurnalında da müntəzəm olaraq yazılarını nəşr etdirib.
1902-ci ildə Konopnitskayanın yazıçı kimi 25 illik fəaliyyəti qeyd edildi və ona Jarnoveçdə bir mülk xalqın hədiyyəsi kimi təqdim olundu. 1903-cü ildən etibarən onlar bahar və yay fəsillərini bu malikanədə keçirir, ilin qalan hissəsini isə səyahət edirdilər. Dulebyanka 1907-ci ildə Qalisiyada qadınların səsvermə hüququ qazanması üçün aksiyaya başladı. O, Varşava Filarmoniyasında qadınların siyasi hüquqlardan məhrum olduğunu vurğulayaraq, "qadınların yalnız etibarnamə hüququ var, lakin heç bir real aktiv və ya passiv hüquqları yoxdur" deyə çıxış etmişdi. Növbəti il o, Qalisiya Parlamenti seçkilərində Aqrar Partiyadan namizəd kimi kampaniya apardı. Xalq Seçki Komitəsi və Proqressiv Qadın Təhsili Klubu tərəfindən dəstəklənərək, o, öz kampaniyasına bərabərlik idealı haqqında seçkiqabağı çıxışla başladı. Onun "Qadının Siyasi mövqeyi" adlı kitabçası siyasi partiyaları qadın hüquqlarına dəstək vermədiyinə görə tənqid edirdi. Kişi seçicilərindən 511 səs alsa da, qadınların parlamentdə xidmət etmək hüququ olmadığı üçün onun adı səsvermə siyahısından çıxarıldı və tərəfdarlarının səsləri ləğv edildi.
1909-cu ildə Dulebyanka, "Sabahın Partiyası" adından çıxış edərək sosial bərabərlik, Polşanın müstəqilliyi, həmçinin polyaklar və ukraynalılar arasında əməkdaşlığı tələb edən platformanın formatını təqdim edib. 1910-cu ildə Konopnitskayanın səhhəti pisləşməyə başlayanda, cütlük onun Kisielki sanatoriyasında müalicə olunması üçün daimi olaraq Lvova köçdü. Dulebyankanın iyirmi illik yol yoldaşı Mariya Konopnitskaya 8 oktyabr 1910-cu ildə vəfat etdi. 1911-ci ildə o, qadınların Lvov Şəhər Şurasına daxil edilməsi tələbi ilə Qadınların Seçki Komitəsini təsis etdi və Xelmşina bölgəsinin Rusiya imperiyası tərəfindən ilhaq edilməsinə qarşı çıxış etdi.
Hüquqları qorumaq və yoxsullara kömək etmək fəaliyyətini davam etdirən Dulebyanka, Qadın Hüquqları Birliyini, Qadın Hüquqlarının Müdafiəsi üzrə Kişilər Liqasını və Qadınların Mülki Əmək Komitəsini təsis edib. Mülki Əmək Komitəsinə rəhbərlik edərək o, küçə uşaqları və yetimlərə yardım göstərmək üçün yoxsullar üçün yeməkxanalar, uşaq bağçaları və Küçə Uşaqları Klubunu yaradıb. Lvovda Atıcılar Assosiasiyası qurulanda, Dulebyanka adət-ənənələrə qarşı çıxaraq onun ilk üzvlərindən biri olub. 1914-cü ildə, Lvov, Rusiya İmperator Ordusu tərəfindən işğal edildiyi zaman, Mülki Əmək üzvlərini Pilsudskinin legionlarını dəstəkləməyə çağırıb. Şəhər, Rusiya hakimiyyəti altında olduğu müddətdə, o və Mülki Əmək Komitəsi, qoşun və mülki əhaliyə yardım göstərib.
1918-ci ildə Polşa öz müstəqilliyini yenidən qazananda qadınlara nəhayət ki, səsvermə hüququ verildi. Müvəqqəti Hökumət Komitəsində nümayəndə kimi fəaliyyət göstərən Dulebyanka, Qadınlar Liqasının sədri seçilib. Noyabrda Polşa–Ukrayna müharibəsi başlayanda o, Polşa Qırmızı Xaç Cəmiyyətinə qoşularaq, Polşa sanitariya xidmətini təşkil etdi və Lvovun müdafiəsində iştirak etdi. İlk vaxtlar tibb bacısı kimi çalışsa da, sonradan kuryer kimi xidmət etmək üçün bu vəzifəsindən ayrıldı. O, Ukraynanın hərbi əsirlər düşərgələrində saxlanılan polşalı əsgərlər üçün yardım kampaniyaları təşkil edib. Dulebyanka və iki xəstəxana əməkdaşı – Teodoziya Dzeduşitskaya və Mariya Opinska, qeyri-müntəzəm işləyən qatarlarla, eləcə də piyada və at belində qarı yararaq Mikulintse düşərgəsinə yollandılar. Düşərgədə olduğu vaxt yatalaq xəstəliyinə yoluxduğu üçün Lvova geri dönməli olub.
Ölümü və irsi thumb|150px|Dulebyankanın məzarı Dulebyanka 1919-cu il martın 7-də Lvovda vəfat edib və Lıçakov qəbiristanlığında Mariya Konopnitskayanın məzarında dəfn olunub. Dəfn mərasimi qadın hərəkatı fəallarını, tək ana olan qadınları, həmçinin sığınacaq sakinləri və onların qəyyumlarının iştirakı ilə keçən vətənpərvərlik tədbirinə çevrildi. Dulebyankanın nəşi daha sonra başqa fərdi məzara köçürülüb.
Bir çox qadın fəallar kimi, Dulebyanka da 1990-cı illərdə feminizmin yenidən canlanmasına qədər tarix kitablarından silinmişdi. O, qadın hüquqları sahəsindəki qabaqcıl fəaliyyətinə, qadınların İncəsənət Akademiyasına qəbul edilməsinə kömək etdiyinə və Lvovda ilk qızlar liseyini yaratması ilə tanınır. Onun 1908-ci ildəki tarixi seçki kampaniyası Polşada qadınların səsvermə hüququ uğrunda mübarizəsində dönüş nöqtəsi kimi xatırlanır. 2018-ci ildə Marta Dzido və Piotr Slivovskinin polyak qadınlarının bərabər hüquqlar qazanmaq uğrunda mübarizəsindən bəhs edən "Güclü qadınlar" filmi işıq üzü gördü ki, bu filmdə Dulebyanka obrazını Maria Severin canlandırıb.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:XIX əsr rəssamları