Ovsunlamaq sözü qədim türk dillərində “ovs” kökündən yaranıb və “magik təsir etmək”, “gizli güc vasitəsilə istədiyini əldə etmək” mənasını ifadə edir. Ovsun sözünün kökü “ovs” və ya “osun” kimi variantlarda qədim türklərin magik-fəlsəfi dünyagörüşündə rast gəlinir. Azərbaycan dilində ovsunlamaq, əsasən, bir şəxsin, hadisənin və ya əşyanın üzərində xüsusi söz, dua, mahnı, magik hərəkət və ya yazılı simvollar vasitəsilə təsir göstərmək, onu istənilən hala gətirmək, qorumaq və ya dəyişdirmək məqsədini bildirir. İnsan cəmiyyətləri tarix boyu təbiət qüvvələri və gözəgörünməz aləmlə qarşılıqlı münasibət qurmaq üçün müxtəlif inanclar, rituallar və magik təcrübələrdən istifadə ediblər. Bu mənəvi ənənələrin mərkəzində isə “ovsunlamaq” (bəzən “ovsun etmək” və ya “ovsun oxumaq” kimi də işlənir) anlayışı dayanır. Ovsunlamaq qədim türk və Azərbaycan mifologiyasında, xalq inancında, el arasında qorxulardan, xəstəliklərdən, bədbəxtliklərdən qorunmaq və ya bəzi istəklərin yerinə yetməsi üçün müraciət edilən xüsusi magik praktikadır. Bu anlayış təkcə folklorda deyil, həm də gündəlik danışıqda, adət-ənənələrdə, xalq təbabətində və bədii ədəbiyyatda geniş işlədilir. Ovsunlamaq ifadəsi həm söz, həm də hərəkət və əşya üzərində təsir gücünə inamın simvoludur. Azərbaycanda ovsunlamaq mövzusunun kökləri dərin və çoxşaxəlidir: o, xalqımızın mədəni-mənəvi kodunda qorunmuş, müxtəlif mərasimlərdə, inanclarda, gündəlik həyat nümunələrində yaşamaqda davam edir.

Ovsun mövzusu Azərbaycan folklorunda, nağıl, dastan və aşıq ədəbiyyatında geniş yer tutur. Nağıllarda cadugərlər, pirlər, ovsun oxuyan nənələr və ya əzizlər, qəhrəmanları qoruyan, pis qüvvələrdən xilas edən söz gücü əsas motivdir. Aşıq ədəbiyyatında ovsunlu misralar, sevgili üçün oxunan şeirlər, bəd nəzərdən qoruyan bayatılar tez-tez rast gəlinir. Azərbaycan klassik poeziyasında da ovsun gücünə inam, sözün, kəlamın insan taleyinə və hisslərinə təsiri barədə dərin motivlər var.

Ovsunlamaq sözü leksik mənada həm obyektiv (real təsir) və həm də subyektiv (inam və qorxuya əsaslanan psixoloji təsir) səciyyə daşıyır. Məsələn, insanlar xəstəlikdən, pis gözdən, bədbəxtlikdən qorunmaq üçün “ovsun oxutdurmaq”, “ovsun yazdırmaq” kimi rituallara müraciət edirlər. Burada əsas mexanizm xüsusi dualar, ayələr, qədim magik formulalar və ya xalq arasında dolaşan sözlər vasitəsilə enerji və ya ruhi təsirə nail olmaqdır.

Ovsunlar Xalq lirikasının ən qədim şəkilləri içərisində ovsunlar ayrıca yer tutur. Ovsun mətnlərinin əsas qaynağının mifik düşüncədə formalaşması tarixən insan şüurunun ətraf aləmlə əlaqədə dəyişmə və inkişaf xüsusiyyətinə bağlı olmuşdur. İbtidai insanın bir-birini anlamaq, yardım göstərmək və s. funksiyasının aparıcı vasitəsinə çevrilən səsli-təqlidi işarədən sözlü nitqə keçid onların bilavasitə təbiət, təbiət qüvvələrinə təsiri və sığınması ehtiyacından qaynaqlanır.

İbtidai dövrün təbiət, ətraf aləmlə bağlı magik təsəvvürləri zamanla sosiallaşan toplumlarda daha fərqli forma və şəkildə inkişaf etmişdir. Fallara, ovsunlara inam təcrübəsi xalq bayatıların, qədim nəğmə mətnlərində bu günümüzə qədər qorunub saxlanmışdır: Görmədi ozan günü, İlqarı pozan günü. Falçı, tasın sınaydı, Bəxtimi yozan günü Bayatılar / Toplayan və tərtib edənlər: V.Vəliyev, S.Paşayev. Bakı, Yazıçı, 1985, 199 s. Zamanla təbiəti, canlı aləmi öyrənən, bu aləmdə məlum onqonları məişətinə gətirən, gerçəkliyi məbudlarda rəsmiləşdirən insan sözün gücü ilə onlara səslənmək, təsir göstərməklə söz-hərəkət fəallığını da ortaya qoymuşdur.

Ovsunların yaranması Ovsunların yaranması bu baxımdan müdafiə, qorxu instinktindən ayrılan sözün gücünün, təsirinin magik sehrinə bağlıdır. Bir-biri ilə funksional oxşarlıq təşkil edən və bu sırada bir çox folklor ədəbiyyatlarında sinonim şəklində işlədilən sehir, tilsim, magiyanın ovsunlarla əlaqəliliyinin güclü olmasına baxmayaraq bu mətnlər müəyyən xüsusiyyətləri ilə fərqləndirilir. Tilsimin magik gücü müxtəlif folklor mətnləri, xüsusilə nağıllarda “vird”lərin, “lovh”lərin oxunması ilə aparılmaqla sözün ovsuni təsirində verilir. Lakin tilsimin oxunması, çağırılması bu folklor nümunələrində seçilmiş obrazlar – magiya daşıyıcıları, cadugərlərin “neqativ enerji ötürmələrində” fəallaşır. “Ovsunlarda istəyə əks olaraq müxtəlif maneələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, sözün təsir gücünə qüvvətli inamla bağlıdır”.Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı: Qismət, 2005, 207 s.

Ovsunun sehrə bağlılığı, sinonim şəklində işlənməsi uyğun mətnlərin məna – funksional uyğunluğundan qaynaqlanır. Söz-hərəkət sintezində ardıcıl enerji ötürmələri hər iki folklor janrı üçün xarakterikdir. Qeyd edək ki, magiyanın yaranması ad baxımından qədim tayfalarla əlaqələndirilir: “Magiya” sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehir və ovsunla məşğul olduqlarına görə qədim yunanları bu cür “əməlləri” “maqların əməli” anlamında “magious” adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiyaşəklində bir çox dünya xalqlarının dilində bu gün də işlənməklə, maqların adını daşımaqdadır”.Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr, 1993, 534 s.

Ovsunların yaranmasının ikinci mühüm tərəfi janrın məişət mərasimləri kontekstində izah olunmasıdır. Tarixi mənbələrə əsasən ovu çağırma, ovsunlama hələ qədim zamanlardan tayfa üzvlərinin bir yerə toplanması şəraitində qrup halında icra olunmuşdur. Xüsusilə, ova hazırlıq mərhələsində ovlanacaq heyvanın təsviri ətrafında müxtəlif pantomim hərəkətlərin müvafiq ifadə-dualarla aparılması bu müşahidələrdə aparıcı yer tutmuşdur. Sonralar qrup halından fərdi ovsunçu deyiminə çevrilən bu nəğmələrin bir çoxu mərasim rituallığını saxlamaqla ilk tarixi formasından uzaqlaşdırılmışdır.

Ovsunların yaranma qaynağının insanın yaşayış, məişət həyatı çərçivəsində əmələ gəlib formalaşdığını nəzərə alsaq, o zaman nümunələrin mövzu, struktur baxımından fərqli təsnifatları ilə rastlaşırıq. Ovsunu çağırma bilavasitə insanın qoruma instinktinə bağlandığından burada sağlamlıq və təsərrüfatın mühafizəsi, təbiət qüvvələrinin idarə olunması başlıca yer tutur. Xəstəlikdən uzaqlaşma, onun geri çağırılması-müalicəvi, təsərrüfat ovsunlarına isə mal-heyvanın qorunması təbiətə təsir, hissi-intim formullu ovsunları daxildir. Ovsunların folklorşünaslıqdakı fərqli təsnifatlarından çıxış edən A.Ramazanova, N.Kravsov, S.Lazutin, V.Sokolovanın uyğun təsnifatlarını ovsunların mövzu, obraz baxımından səciyyələndirilməsində bir araya gətirmişdir.Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı, Səda, 2002, 210 s.

N.Kravsovun bölgüsündə (təsərrüfat, müalicəvi, məhəbbət, sosial ovsunları) təqdim etdiyi ovsunlarda iştirak edən obrazlar (real məişət, fantasik, dini, xrsitian, sosial) bu və ya digər şəkildə Azərbaycan folkloru ovsun mətnləri üçün də xarakterikdir.

Ovsun motivləri həmçinin burada əlaqəli (kontaktlı), inisial (təşəbbüslü), parsial (kontaqioz-yoluxdurucu), imitativ (qomeopatik – təqlidi), apotropeik, natartik, verbal tiplərində təqdim olunur.Токарев С.А. Ранние формы религии. М.: Издательство политической литературы, 1990, 622 с.

Ovsunların təsnifatı Azərbaycan folklorşünaslığında ovsunların təsnifatı sistemli şəkildə A.Nəbiyev tərəfindən irəli sürülmüşdür: Təbiət qüvvələrini ram etmək üçün yaranan ovsunlar; İnsanın həyat və yaşayışını təmin edən bitki və heyvanları qorumaq məqsədilə yaranan ovsunlar; İnsanın gündəlik məişəti və sağlamlığı ilə bağlı yaranan ovsunlarNəbiyev A. Azərbaycan xalq ədəbiyyatı: 2 cilddə, I c., Bakı, Turan, 2002, 668 s.

Təbiət qüvvələri üzərində yaranan ovsunlar tarixən mərasim səciyyəviliyində icra olunmaqla, uyğun tabular əsasında rituallarda formalaşaraq təşəkkül tapmışdır. İlk ibtidai toplumlarda şimşək çaxması, uzun müddətli yağış yağması, sərt qış, quraqlıq və s. insanların yaşayış, təsərrüfat həyatına təsir göstərdiyindən onlar bu təbiət hadisələrinə təsəvvür və düşüncə üzərindən təsir göstərməyə çalışmışlar. Nəticə etibarilə mifopoetik düşüncənin arxaik modelləşməsində “Yağış yağdırma”, “Günəşi çağırma”, “Yeli dəvət” və s. ovsun nəğmələri yaranmaqla tarixən mərasim səviyyəsində icra olunmuşdur (bu haqda növbəti paraqrafda ətraflı məlumat verilmişdir).

Bitki və heyvanları qoruyan ovsunlar Bitki və heyvanları qorumaq məqsədilə yaranan ovsunlar daha çox təsərrüfat xarakterlidir. Mal-qaranın yırtıcılardan qorunması, taxıl, buğdanın ziyanvericilərdən mühafizəsini təmin etməyə çalışan əməkçi insan burada sözün magik gücünə əsaslanmaqla imperativ üsullar seçmişdir. Heyvandarlıqda qurddan qorunma nəticə etibarilə “qurd ağzı bağlama” kimi xalq arasında geniş yayılmış ovsunların yaranmasına səbəb olmuşdur: Ağ qurd, Qara qurd. Boz qurd, Bozqurd qurd. Babam kiriş Pay göndərib. Nənəni kirişlədim, Çənəni kirişlədim. Sağ yerlərini dağladım, Cənglərini bağladım. Gözünə pərdə, Dilin dərdə gəlsin. Yağladım, Dağladım, Qurdun ağzın Bağladım.Nəğmələr, inanclar, alqışlar / Toplayan və tərtib edən: A.Nəbiyev. Bakı, Yazıçı, 1986, 213 s. Meşədə itən heyvanın qurda rast gəlməsindən ehtiyatlanan insanlar bu ovsunla gələcək bəlanın dəfini hazırladıqlarına inanmışlar. Ovsun mətnindən də göründüyü kimi, yırtıcıya müraciət ağ, qara, boz qurda ünvanlanmaqla sehrin heyvanın gözünün, dilinin, cənglərinin hərəkətsizliyi, ağzının bağlanmasına əsaslanır. Eyni zamanda ovsun müvafiq predmetin – qara bıçağın uyğun formada – qatlanıb, gizli bir yerdə saxlanmasıyla həyata keçirilir.

Yırtıcılarla yanaşı taxıl, ümumiyyətlə zəmilərin siçan, ilan kimi ziyanvericilərdən mühafizəsi də uyğun ovsunlar üzərində oxunaraq aparılmışdır. Bu ovsunun icrası isə ayrıca insanlar – sofilərə həvalə olunmuşdur. Ritualda ovsunçu əlində ilanı hərəkətə gətirməklə eyni zamanda duzu həyət-bacaya səpir, heyvanlara yedirtməklə dualar oxuyur. Bəzənsə sofilərin əllərində gəzdirdikləri ilan insanların başına dolandırılaraq onlara “sədəmə” toxundurmayacaqları “təmin edilir”di. Burada nəğmə-ovsunların icrası müvafiq imperativ hərəkətlərlə icra olunur ki, bu da “ovsunun çalınması” üçün vacib şərtlərdən biridir. Məsələn, zəmi, tarlanın gəmiricilərdən mühafizəsini saxlayan ovsunçular bu prosesi ayrıca çevrələnmiş yarımqapalı dairələrdə yerinə yetirirlər. Oxun torpaqda saldığı izlə tarlanı dövrələyən ovsunçu dairəni yarımqapalı formada saxlamaqla zərərvericiləri bir yerə toplayıb məhv edir. Ritualın ən zəruri və aktivləşdirici mərhələsi isə oxunan ovsun mətnlərinə bağlıdır: Talxım haydı, Salxım haydı. Cəfəri, Cəfəri, Çinni bəşər, Şahmar, Yelmar, Gülmar. Mələyim, quzum, Şünağzı məndə, Döyməsin, aşmasın, Yüzənni gəlsin, Ya Süleyman peyğəmbər.Azərbaycan folkloru antologiyası: XII kitab – Zəngəzur folkloru / Toplayan və tərtib edənlər: V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Bakı, Səda, 2005, 463 s.

Sağlamlıqla bağlı ovsunlar Sağlamlıqla bağlı ovsunların təsnifatı isə daha zəngindir və bu təsnifatı şərti olaraq aşağıdakı şəkildə aparmaq daha məqsədə uyğundur: Müxtəlif xəstəliklərin dəfi ilə bağlı ovsunlar; Nəzər və çilləkəsmə; Ayrı-ayrı məişət xarakterli ovsunlar (dil-ağız bağlama, it qapma, qorxu sındırma, zahı qadınların ruhi müvazinətinin qorunmasına bağlı ovsunlar və s.). Ovsunların Azərbaycan xalq məişətində ən geniş yayılmış müalicəvi növü bədnəzərin kəsilməsi, gözdəyməyə bağlı nəğmə, deyimlərdir. Zamanla insanın, onun ətrafı, təsərrüfatının bəd gözdən qorunması xalq düşüncəsində sınamalar, inamlar şəklində yaranmaqla uyğun mərasim nəğmələrini formalaşdırmışdır.

İnsan sağlamlığına bağlı bədnəzərdən qorunma məişətdə müxtəlif üsullarla həyata keçirilmişdir: Müqəddəsləşdirilmiş bitki, ağac növləri; Heyvan sümük-qalıqları; Rəmzləşən predmetlər vasitəsilə.