Rumıniyada 1944-cü il dövlət çevrilişi — İkinci Dünya müharibəsi dövründə, 23 avqust 1944-cü ildə Rumıniya kralı I Mixayın rəhbərliyi ilə həyata keçirilmiş dövlət çevrilişi. Rumıniya tarixşünaslığında daha çox "23 avqust aktı" () kimi tanınır. Bu çevriliş nəticəsində Rumıniyanı Nasist Almaniyasının peyki halına gətirən diktator Yon Antoneskunun başçılıq etdiyi hökumət hakimiyyətdən uzaqlaşdırılmışdır.
Çevriliş ordunun və bir qrup siyasi partiyanın — Kommunist Partiyası, Sosial-Demokrat Partiyası, Rumıniya Milli Liberal Partiyası və Milli Kəndli Partiyasının dəstəyi ilə kral I Mixay tərəfindən reallaşdırılmışdır. Hadisə rumın qoşunlarının Moldavia cəbhəsində ağır məğlubiyyətə düçar olduğu və Sovet İttifaqı ordusunun ölkəyə daxil olduğu İkinci Yassı-Kişinyov əməliyyatı zamanı baş vermişdir. Çevrilişin əsas məqsədi Sovet İttifaqı ilə birtərəfli (separat) sülh sazişi imzalamaq idi.
Ölkənin yeni baş naziri və faktiki rəhbəri Konstantin Senetesku oldu. Anti-Hitler koalisiyasının tərəfinə keçən Rumıniya bununla da Almaniya və Macarıstana müharibə elan etmişdir. Bu hadisələrin ardınca sovet qoşunları ölkə ərazisinə daxil olmuş və Rumıniyada sovetpərəst rejimin əsası qoyulmuşdur.
Səbəblər
Zəmin
1940-cı ilin sentyabrında Macarıstan, Bolqarıstan və Sovet İttifaqına edilən ərazi güzəştləri, həmçinin ölkənin xarici siyasi təcriddən çıxması nəticəsində Rumıniyada hakimiyyətə Yon Antonesku gəlmişdir. Ölkə hökuməti Horiya Simanın rəhbərlik etdiyi faşist yönümlü "Dəmir Qvardiya" təşkilatının üzvlərindən formalaşdırılmış və Sima baş nazirin müavini (vitse-premyer) postunu tutmuşdur. Eyni zamanda ölkədə monarx dəyişikliyi də baş vermişdi — taxta faktiki olaraq oyuncaq krala çevrilən on doqquz yaşlı I Mixay oturdulmuşdur. Rumıniya öz xarici siyasi kursunu kökündən dəyişərək Böyük Britaniya və Fransa əvəzinə Almaniyaya tərəf yönəlmişdir.
Siyasi repressiyalar, payız böhranı və ölkədə yaranan iqtisadi tənəzzülə görə Yon Antonesku ilə Horiya Sima arasında ciddi ixtilaflar meydana gəlmişdi. 1940-1941-ci illərin qışında neft yataqlarına nəzarət etmək bəhanəsi ilə ölkəyə alman qoşunları yerləşdirilmişdi. Horiya Sima onların dəstəyinə arxalanaraq Antoneskunu devirməyə ümid edirdi və bu məqsədlə 1941-cı ilin yanvarında silahlı qiyama başladı. "Dəmir Qvardiya" legionerləri yanvarın 19-dan 23-nə qədər ölkənin iri şəhərlərində poqromlar törətdilər, polis və daxili qoşunlarla küçə döyüşləri apardılar. Lakin Simanın gözləntilərinin əksinə olaraq, Almaniya Yon Antoneskunun mövqeyini müdafiə etmişdir. Beləliklə, alman dəstəyindən məhrum olan legionerlər Rumıniya ordusu tərəfindən darmadağın edilmiş, "Dəmir Qvardiya" isə rəsmən buraxılmışdır. Ölkədə bütün hakimiyyət özünü konduketor elan edən Antoneskunun əlində cəmləşmişdi.
22 iyun 1941-ci ildə Rumıniya Almaniyanın tərəfində SSRİ-yə qarşı müharibəyə qoşulmaqla İkinci Dünya müharibəsinə daxil oldu. Rumıniya qoşunları bir ay ərzində (22 iyundan 23 iyula qədər) 1940-cı ildə Sovet İttifaqına verilmiş əraziləri (Bessarabiya və Bukovinanı) geri qaytarmaqla yanaşı, Dnestryanı (Transnistriya) ərazisini də işğal etmişdilər. Bu ərazilərdə Rumıniya mülki administrasiyası yaradılmışdı. 16 oktyabrda Odessa süqut etdikdən sonra bir çox Rumıniya vətəndaşı müharibənin artıq başa çatdığını düşünürdü, lakin 3-cü və 4-cü Rumıniya orduları alman qoşunları ilə bərabər Şərq cəbhəsinin daha dərinliklərinə göndərilmişdilər. Rumıniya hərbi hissələri Ukraynanın cənub və şərqində, Krımda, Kubanda, Şimali Qafqazda və Stalinqrad ətrafındakı ağır döyüşlərdə iştirak etmişdilər.
Lakin 1942-ci ilin payızından etibarən şərqdəki Rumıniya orduları böyük itkilər verməyə başlamış və dekabrda bir-birinin ardınca ağır məğlubiyyətlərə düçar olmuşdur. Alman-rumın qoşunları işğal etdikləri əraziləri itirərək qərbə doğru geri çəkilmək məcburiyyətində qalmışdılar. 1944-cü il bənövşəyi yazında sovet qoşunları artıq Dnestryanı ərazisinə yaxınlaşmışdı; 13 mart 1944-cü ildə Dnepropetrovsk-Karpat hücum əməliyyatı gedişində 2-ci Ukrayna cəbhəsi qoşunları Cənubi Buq çayına qədər irəliləmişdir.
Rumıniyada daxili qeyri-sabitlik və siyasi qarşıdurma
Uzun sürən müharibə ölkədə ciddi iqtisadi qeyri-sabitliyin yaranmasına gətirib çıxarmışdır. Uzaq Şərq cəbhəsində vuruşan Rumıniya ordularının təminatı üçün edilən fasiləsiz xərclər, Rumıniya iqtisadiyyatının Almaniya və Macarıstandan asılı vəziyyətə düşməsi, həmçinin kənd təsərrüfatı məhsullarının daşındığı Dnestryanı (Transnistriya) regionunun xammalından məhrum olması milli iqtisadiyyatı tamamilə zəiflədirdi. Antoneskunun 1943-cü il qiymətləndirmələrinə görə, "bu müharibə Rumıniyaya 300 milyard leyə başa gəlmişdi" və Rumıniya Almaniyaya "öz milli ehtiyatlarını və yataqlarını təhlükəyə ataraq 8 milyon tondan çox neft" tədarük etmişdi. Nəticədə, 1944-cü ilə qədər ölkə iqtisadiyyatı tamamilə iflic olmuşdur: almanların neft yataqlarını amansızcasına istismar etməsi, silaha ayrılan nəhəng xərclər və cəbhədəki insan itkiləri bütün sahələri bürüyən ağır iqtisadi böhrana yol açmışdı. Ölkədə hiperinflyasiya başlamış, ley kəskin şəkildə dəyərdən düşmüşdü. Belə ki, onun müharibədən sonrakı Rumıniya valyutasına nisbəti 20.000-in 1-ə variantında idi.
Sovet qoşunlarının Ukraynadakı hücumu və Dnestriyanın şərq sərhədi olan Cənubi Buq çayına yaxınlaşması ölkə iqtisadiyyatına növbəti ağır zərbə vurmuşdu. Sovet ordusunun irəliləməsi nəticəsində Rumıniya 1944-cü ilin yayına qədər Dnestryanı, Bukovina və Şimali Bessarabiya üzərindəki nəzarətini tamamilə itirmişdi. Bununla da şərqdən — 1941-ci ildən bəri Rumıniyanın nəzarətində olan SSRİ ərazilərindən gələn ucuz xammal axını dayanmışdı. Həmin dövrdə ordunun ehtiyacları üçün işləməyə məcbur edilən və buna görə özlərini belə dolandıra bilməyən rumın kəndliləri tarlalarda işləməkdən imtina etmişdilər. Beləliklə, Rumıniya kənd təsərrüfatı sahəsində də çox böyük zərərə məruz qalmışdı. Bütün bu amillər (ölkənin hərbi cəhətdən əldən düşməsi, iqtisadi dağıntı, Şərq cəbhəsindəki ağır itkilər və 1940-cı ildə itirilmiş ərazilər geri qaytarıldıqdan sonra SSRİ-yə qarşı müharibəni davam etdirməyin mənasızlığı) ölkədə pasifist və antifaşist hərəkatlarının geniş vüsət almasına səbəb olmuşdur.
Rumıniya rəhbərliyi əhalinin diqqətini ölkə daxilindəki və cəbhədəki problemlərdən yayındırmaq üçün Macarıstanla süni bir münaqişə alovlandırmağa, bununla da ictimaiyyətin diqqətini rumın-macar sərhədinə yönəltməyə çalışırdı. 1944-cü ilin baharında bu sərhəddə mütəmadi olaraq atışmalar baş verirdi ki, bu da yalnız xarici siyasi vəziyyəti gərginləşdirir və Almaniyaya rumın-macar ixtilaflarından öz xeyrinə istifadə etmək imkanı verirdi. Yayda Şərq cəbhəsində nisbi sakitliyin yaranması isə ölkədə dövlət çevrilişinə hazırlıq işlərinə başlamağa şərait yaratmışdı.
Sui-qəsd
Antoneskunun hakimiyyətə gəldiyi ilk günlərdən etibarən Rumıniya Kommunist Partiyası (RKP) ona qarşı dərin müxalifətdə idi. Həmçinin müvafiq olaraq Yuliu Maniu və Dinu Bratianunun rəhbərlik etdiyi Milli Tsaranist (Kəndli) və Milli Liberal partiyaları da konduketora qarşı çıxırdılar. RKP-dən fərqli olaraq, bu partiyalar ölkənin mövcud rəhbərliyinə qarşı daha mötədil mövqe nümayiş etdirirdilər. Lakin baharda cəbhədə yaranmış ağır vəziyyət onları da mövcud rejimin əleyhdarlarına qoşulmağa məcbur etmişdir. I Mixay və onun yaxın ətrafı da konduketoru devirməyə çalışırdı; xüsusilə kral Rumıniyanı müharibədən çıxarmaq, ABŞ və Böyük Britaniya ilə ittifaq yaratmaq və onların qoşunlarını ölkəyə daxil etmək niyyətində idi. 1944-cü ilin birinci yarısında kommunistlər Vahid Fəhlə Cəbhəsini təşkil etmişdilər və Rumıniya Silahlı Qüvvələrinin yüksək rütbəli şəxsləri ilə danışıqlara başlamışdılar. İyunun 20-də kommunistlər, sosial-demokratlar, milli liberallar və milli tsaranistlərin daxil olduğu Milli Demokratik Blok yaradılmışdı. Bu, Yon Antonesku hakimiyyəti üçün ciddi təhlükə formalaşdırırdı.
Sui-qəsdçilərin dairəsinə qeyd olunan şəxslər daxil idi: ölkə kralı I Mixay və ana kraliça Yelena; müvafiq olaraq kəndli, liberal və sosial-demokrat partiyalarının liderləri Yuliu Maniu, Dinu Bratianu və Konstantin Titel Petresku; Rumıniya Xarici İşlər Nazirliyinin rəsmisi Qriqore Nikulesku-Buzeti, Kral Palatasının rəhbəri general Konstantin Senetesku, general Aurel Aldya, kral katibi İonel Moksoni-Starça, kralın yaxın dostu Mirça İoanitsiu, polkovnik Emilian İonesku, mayor Anton Dumitresku, həmçinin kommunistlər Lukretsiu Petreşkanu və Emil Bodnaraş. Həmçinin, liderləri sui-qəsddən xəbərdar olan bəzi partiya üzvləri də sui-qəsdçilərə qoşulmuşdular.
Hadisələrin gedişatı
19 mart 1944-cü ildə Qırmızı Ordu Odessa vilayətinin şimalında Dnestr çayına tamamilə yaxınlaşmış və martın 20-dən etibarən çayı keçməyə (forsaj etməyə) başlamışdır. Mart-aprel ayları ərzində Rumıniya Bukovinanı, Moldovanın şimalını və Odessanı itirmişdir. Həmçinin sovet qoşunları Rumıniyanın şimal-şərqində kiçik bir ərazini də nəzarət altına almışdılar. Baharın sonuna qədər cəbhə xətti şərqdə Dnestr çayı boyu, şimalda isə Radautsi — Paşkani — Orgeev — Dubossarı xətti üzrə sabitləşmişdi. Bununla da müharibə rəsmən Rumıniya ərazisinə keçmişdi. Belə bir şəraitdə SSRİ hələ hərbi əməliyyatların gedişində, 12 apreldə Rumıniyaya öz şərtləri daxilində barışıq təklif etsə də, Yon Antonesku sovet tələblərini yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir.
Yayın əvvəlində cəbhədə yaranan nisbi sakitlik sovet komandanlığına qoşunların yenidən qruplaşdırılmasını həyata keçirməyə, rumın tərəfinə isə mövqelərini möhkəmləndirib müdafiəyə hazırlaşmağa imkan vermişdi. Həmin dövrdə qızğın döyüşlərin getdiyi Ukraynanın qərbinə və Belorusa kömək məqsədilə "Cənubi Ukrayna" ordular qrupuna daxil olan 12 alman diviziyası Rumıniyadan çıxarılmışdı. Hücum əməliyyatı ərəfəsində Hans Frisnerin komandanlıq etdiyi "Cənubi Ukrayna" ordular qrupunun sərəncamında, 6-cı və 8-ci alman orduları ilə 3-cü və 4-cü rumın orduları, həmçinin 17-ci alman ordu korpusunun tərkibində olmaqla 25 alman, 22 rumın diviziyası və 5 rumın briqadası var idi. Qoşunları havadan 810 təyyarəsi olan 4-cü hava donanması dəstəkləyirdi. SSRİ isə cəbhənin bu hissəsində canlı qüvvə və hərbi texnika baxımından mütləq üstünlüyə malik idi. Dnestr yaxınlığında və Moldovanın şimalında Rodion Malinovskinin komandanlığı altında 2-ci Ukrayna cəbhəsi, Fyodor Tolbuxinin komandanlığı altında 3-cü Ukrayna cəbhəsi və Qara dəniz donanması (o cümlədən Dunay hərbi flotiliyası) cəmləşmişdi.
20 avqust tarixində sovet qoşunları rumın mövqelərinə qarşı güclü artilleriya atəşi açaraq genişmiqyaslı artilleriya hazırlığına başlamışdılar. Bunun ardınca, Yassı rayonunda sovetlərin 27-ci və 6-cı tank ordularının hücumu başlamışdı. Alman komandanlığı 3 piyada və 1 tank diviziyasını əks-hücuma keçirərək bu irəliləmənin qarşısını almağa çalışsa da, müvəffəqiyyətsiz olmuşdur. 21 avqustda sovet qoşunları cəbhə xəttini eninə 65 km, dərinliyinə isə 40 km məsafədə yararaq Yassı və Tırqu-Frumos şəhərlərini ələ keçirmişdilər. Bu iki şəhər tutulduqdan sonra, 3-cü Ukrayna cəbhəsinin komandanlığı Ali Baş Komandanlığın Qərargahından (Stavka) hər iki cəbhənin müştərək səyləri ilə Huşi rayonunda mühasirə halqasını qapamaq əmrini almışdır. Bununla da Kişinyovdakı rumın-alman qoşunlarının Rumıniya ilə olan bütün əlaqə və nəqliyyat yollarını kəsmək hədəflənirdi. 22 avqustda rumın qoşunlarına Kişinyovdan geri çəkilmək barədə fərman gəlsə də, artıq gec idi; sovet ordusu bütün geri çəkilmə yollarını kəsmişdi.