Birinci Xürrəmşəhr döyüşü – 1980-ci ilin sentyabr ayında İraqın İrana hücumundan qısa müddət sonra başlamış İran–İraq müharibəsinin ən mühüm döyüşlərindən biri. Şəhərdə və onun ətrafında gedən şiddətli küçə döyüşləri fonunda hər iki tərəfin ağır itkilər verməsi səbəbindən Xürrəmşəhr iranlılar tərəfindən Xuninşəhr (, ) adlandırılmışdır. Bu qarşıdurma İran-İraq müharibəsinin ən böyük şəhər döyüşü hesab olunur.
İraq şəhəri nəhayət ələ keçirsə də, bu, ağır itkilər hesabına başa gəlmişdir. Xürrəmşəhrə qarşı 34 gün davam edən hücum əməliyyatı İraqın müharibə planlarında nəzərdə tutulduğundan qat-qat çox qoşun cəlb edilməsini tələb etmişdir. Bu böyük ləngimə İrana Dizful, Əhvaz və Süsəngərd istiqamətlərində cəbhə xəttini sabitləşdirmək imkanı vermiş, nəticədə İraqın ilhaq etmək istədiyi neftlə zəngin Xuzistan bölgəsinə İran qüvvələrinin nisbətən sürətli səfərbərliyini təmin etmişdir. İraqın hücumu zamanı Xürrəmşəhr əsasən sayca qat-qat az olan "Təkavaran" xüsusi təyinatlıları, 92-ci zirehli diviziyanın bəzi bölmələri, Pasdaran (İslam İnqilabı Keşikçiləri Korpusu) və yerli mülki könüllülər tərəfindən müdafiə olunmuşdur.
Şəhər iki il davam edən İraq işğalından sonra "Beytül-Müqəddəs" əməliyyatı çərçivəsində, Xürrəmşəhr uğrunda ikinci döyüş nəticəsində İran tərəfindən geri qaytarılmışdır. İraqın Xürrəmşəhri itirməsi İranın genişmiqyaslı hücumu ilə eyni vaxta təsadüf etmiş və münaqişədə dönüş nöqtəsi olmuşdur. Bununla da İran İraq tərəfindən işğal olunmuş, demək olar ki, bütün ərazilərini azad etmiş və növbəti mərhələdə müharibəni əks-hücum əməliyyatları ilə davam etdirmək qərarına gəlmişdir.
Zəmin 1979-cu il İran İslam inqilabından sonra ərəb hökumət əleyhinə qrupların ünsürləri Xuzistan ostanını İrandan ayırmaq məqsədilə fəaliyyətə başlamışdır. 1979-cu ilin oktyabr ayından 1980-ci ilin sentyabr ayına qədər şəhər əhalisi arasında bir neçə partlayış və terror hadisəsi qeydə alınmışdır. Bu dövrdə həmçinin İran və İraq arasında tez-tez sərhəd pozuntuları baş vermişdir. Bu pozuntular və zorakılıq halları o qədər sıx xarakter almışdır. Bəzi yerli sakinlər müharibənin ilk günlərini gərginləşən toqquşmaların növbəti nəticəsi kimi qiymətləndirmişdir.
Nəhayət, 17 sentyabr 1980-ci il tarixində İraq Prezidenti Səddam Hüseyn 1975-ci il Əlcəzair sazişini etibarsız elan etmiş və bununla da bir neçə gün sonra başlayacaq müharibəyə gedən müddəti başlatmışdır.
Xürrəmşəhrin müdafiəsi üçün iranlılar şəhər ətrafında bir sıra bəndlər hazırlamışdır. Birinci bənddə nizami əsgərlər, ikinci bənddə isə tanklar, artilleriya və tank əleyhinə silahlar yerləşdirilmişdir. Şəhərin xarici müdafiəsinin böyük hissəsinə cavabdeh olan İran Ordusunun "Dej" qarnizonunun ixtiyarında Birləşmiş Krallıq istehsalı olan "Chieftain" tanklarından ibarət cəmi bir rota mövcud olmuşdur.
Döyüş
Birinci mərhələ Gecə saatlarında 500 İraq tankı Xürrəmşəhr–Əhvaz yolu istiqamətində irəliləmişdir. Şəhəri əhatə edən kənar istehkamlar süqut etmişdir, lakin İran müdafiəçiləri geri təpilməyən toplardan istifadə edərək bir neçə İraq tankının qarşısını almağa nail olmuşdur. 23 sentyabr 1980-ci il tarixinin səhər saatlarında bu mövqelərin böyük hissəsi İraqın mexanikləşdirilmiş diviziyaları tərəfindən ələ keçirilmişdi, lakin bu müqavimət iranlılara şəhər daxilində və ətrafında müdafiə xətləri qurmaq üçün kifayət qədər vaxt qazandırmışdır. Bundan sonra İraq qüvvələri Xürrəmşəhri aypara formasında mühasirəyə almağa başlamışdır. Hücumun üçüncü və dördüncü günlərində İraq qoşunları Xürrəmşəhr–Əhvaz yolunu ələ keçirməyə və əldə saxlamağa çalışmışdır, lakin reaktiv qumbaraatanlar və 106 millimetrlik toplarla fasiləsiz əks-hücumlar keçirən İran qüvvələri İraq ordusuna ciddi müqavimət göstərmişdir. "Dej" qarnizonunun böyük hissəsi məhv edilmişdir. Hər halda, bu döyüş İraq qüvvələrinin irəliləyişini ləngitmişdir.
İran Hərbi Dəniz Qüvvələrinin "Təkavar" batalyonunun komandiri Huşəng Səmədinin xatirələrinə görə, döyüşün ilk günlərində əsas problemlər vahid komandanlığın olmaması, həmçinin ağır silah, sursat və təcili tibbi yardım maşınlarının çatışmazlığı ilə bağlı olmuşdur.
30 sentyabr 1980-ci il tarixinədək İraq qüvvələri müdafiə bəndlərinin böyük hissəsini təmizləmiş, şəhər ətrafındakı ərazini ələ keçirmiş, Xürrəmşəhrin Abadan və Xuzistan ostanının digər bölgələri ilə əlaqəsini kəsmişdir. Bununla da İraq ordusu Xürrəmşəhrin qapılarına dayanmışdır. Həmin dövrə qədər İran qüvvələrinin tərkibinə "Dej" batalyonunun əsgərləri, 700 "Təkavar" dəniz piyadası, 30 Pasdaran və Bəsic üzvü, həmçinin jandarm və şəhər polisinin (Şəhrbani) 185 nəfərlik şəxsi heyəti daxil olmuşdur. 30 sentyabrdan sonra isə döyüşlərə Zabitlər Məktəbinin 260 kursantı, Aviasiya Dəstəyinin (Havaniruz) 175 nəfərlik heyəti, digər ordu hissələrindən 33 zabit, Tehrandan gələn 25 Bəsic üzvü və 300 yerli sakin qoşulmuşdur. Məlumata görə, Pasdaran qüvvələri "G3" və "M1 Garand" tüfənglərindən istifadə etmək məcburiyyətində qalmış, jandarm batalyonu isə yalnız daxili fırlanan çaxmaqlı "Brno vz. 24" tüfəngləri ilə təchiz olunmuşdur.
Sübh tezdən altımış nəfərlik komandos dəstəsi ən cənubdakı liman vasitəsilə Xürrəmşəhrə daxil olan ilk İraq qüvvəsi olmuşdur. Bu dəstə Pasdaran müdafiəçiləri tərəfindən geri otuzdurulmuş və döyüşdə səkkiz İran döyüşçüsü həlak olmuşdur. Buna baxmayaraq, elə həmin gün İraqın 3-cü Zirehli Diviziyasının tankları və mexanikləşdirilmiş bölmələri şəhərə daxil olmuşdur. İraq qüvvələrinin bir hissəsi qəssabxananı, digəri dəmir yolu vağzalını ələ keçirmək, digər bir qrupu isə Taleqani məhəlləsindəki "Dej" kazarmalarını nəzarətə götürmək üçün irəliləmişdir. Pasdaran qüvvələri bu mövqelərdə İraq ordusunu yüngül silahlar, reaktiv qumbaraatanlar və "Molotov kokteyli" ilə qarşılamışdır. İraqın hücumu şəhər ətrafında "Chieftain" tankları ilə qarşılaşdıqda dayandırılmışdır. Pasdaranın tank əleyhinə dəstələrinin yerli əks-hücumları bir neçə nöqtədə İraq qüvvələrini geri çəkilməyə məcbur etmişdir. Sonrakı hesabatlar İraq bölmələri arasında daxili qarşıdurmaların baş verdiyini göstərmişdir. Bu, pis təlim keçmiş çağırışçıların zəiflik əlaməti kimi qiymətləndirilmişdir. İraqın tank qüvvələrinin say üstünlüyü tank əleyhinə dəstələrə qarşı effektiv olmuşdur, lakin İran zirehli texnikası ilə qarşılaşdıqda hücumlar tamamilə iflasa uğramışdur. Şiddətli döyüşlərdən sonra İraq qüvvələri qəssabxana və dəmir yolu vağzalını qısamüddətli işğal etmiş, lakin yenidən şəhər kənarındakı əvvəlki mövqelərinə geri çəkilmişdir.
İkinci mərhələ İlk hücumda ağır itkilər verən İraq ordusu qüvvələrini bərpa etmək üçün 11 oktyabr 1980-ci il tarixinədək şəhər ətrafında gözləmişdir. Bu müddət ərzində İraq polkovniki Əhməd Zeydanın əmri ilə şəhər amansız artilleriya atəşinə tutulmuşdur. İraq ali komandanlığı tank dəstəyi ilə əlavə komandos bölmələrini döyüşə daxil etmək qərarına gəlmişdir.
14 oktyabrda İraq qüvvələri gecə hücumlarının qəfil amilindən istifadə edərək yenidən irəliləmiş, hündür binalarda müşahidə məntəqələri qurmuşdur. İranlıların gecə saatlarında snayperlərdən fəal istifadə etməsi işğalçı qüvvələrin irəliləyişini zəiflətmişdir. Buna baxmayaraq, müxtəlif qoşun növlərinin birgə həyata keçirdiyi fasiləsiz hücumlar nəticəsində İraq ordusu İranın "Chieftain" tanklarını və Pasdaran bölmələrini sıxışdırmağa nail olmuşdur.
Huşəng Səmədinin verdiyi məlumata görə, 16 oktyabrda İraq ordusu "BM-21 Qrad", "Katyuşa" qurğuları, 130 millimetrlik artilleriya və hava zərbələrindən istifadə etməklə şəhəri güclü atəşə tutmuşdur.
Bu taktika sayəsində İraqın xüsusi təyinatlı və komandos bölmələri limanı və yol polisi idarəsini ələ keçirərək mühüm uğurlar qazanmışdır. Zirehli briqadalar Taliqani məhəlləsindəki "Dej" kazarmalarını zəbt etmiş və Cümə məscidinə aparan əsas magistral yolu nəzarətə götürmüşdür. Döyüşlər əksər hallarda evlər, mərtəbələr və otaqlar uğrunda getmişdir. Hesabatlar göstərir ki, İraq qüvvələri bəzən avtomatlardan tutmuş ağac və bıçaqlara qədər müxtəlif vasitələrlə silahlanmış Pasdaran və Bəsic bölmələrinin müqaviməti ilə qarşılaşmışdır.
Üçüncü mərhələ 21 oktyabr 1980-ci il tarixinədək şəhər mərkəzini hədəfə alan İraq ordusu əsas diqqətini hökumət binasını və Xürrəmşəhri Abadan ilə bağlayan körpünü ələ keçirməyə yönəltmişdir. Bu hədəflərin tutulmasında ümumilikdə beş piyada və xüsusi təyinatlı batalyon iştirak etməli idi. Hücumun əsas məqsədi qeyd olunan hədəfləri qırx səkkiz saat ərzində ələ keçirmək və Xürrəmşəhr üzərində tam nəzarəti təmin etmək olmuşdur.
Əməliyyata cəlb olunan qüvvələr 24 oktyabrın erkən saatlarında hərəkətə keçmişdir. İran qüvvələri İraq qoşunlarına qarşı şiddətli müqavimət göstərmişdir, lakin körpü beş saat ərzində süqut etmişdir. Hökumət binası istiqamətində irəliləyən İraq zirehli texnikası ətraf küçələrdə və məhəllələrdə güclü müqavimətlə qarşılaşmışdır. Döyüşlər şəhər mərkəzinə yaxınlaşdıqca İranın "Chieftain" tanklarının rolu məhdudlaşmışdır, çünki tanklar dar küçələrdə effektiv atəş aça bilməmişdir. Sursatın tükənməsi, İraqın fasiləsiz hücumları və yorğunluq İran müdafiəçilərinin müqavimət gücünü zəiflətmişdir. 24 oktyabrın günortadan sonrakı saatlarında İraq qüvvələri hökumət binasını qısa müddətə ələ keçirmişdir. Onlar İran qüvvələri tərəfindən mühasirəyə alınaraq geri otuzdurulsa da, gecə saatlarında yenidən hücum edərək binanın nəzarətini tamamilə ələ keçirmişdir.
Bu mərhələdə şəhərdə yalnız Cümə məscidi, bir qrup Pasdaran, gənc könüllülər və ümumi sayı 300 nəfər qalmış "Təkavar" dəniz piyadaları qalmışdır. Ordu və Pasdaran komandirləri İran Hərbi Hava Qüvvələrinin gözlənilən hava zərbələri barədə xəbərdarlıq etmiş, yekun təxliyə əmrini vermişdir. 25 oktyabrdan 26 oktyabra keçən gecə İran müdafiəçilərinin qalan hissəsi Karun çayı istiqamətində geri çəkilməyə başlamışdır. İraq artilleriyası geri çəkilən qüvvələri atəşə tutmuş, bəzi gənc könüllülər geri çəkilməni təmin etmək üçün mövqelərində qalaraq döyüşmüşdür. 10 noyabr 1980-ci il tarixinədək Xürrəmşəhr şəhəri tamamilə İraqın nəzarətinə keçmişdir.
Nəticəsi Döyüş nəticəsində İran tərəfindən həm hərbi, həm də mülki itkilər baxımından 7,000 nəfər həlak olmuş və ya yaralamışdır. Bundan başqa, İran Silahlı Qüvvələrinə məxsus 80 "Chieftain" tankı məhv edilmişdir.
İraq hərbçilərinin mövcudluğu istisna olmaqla, şəhər böyük ölçüdə xarabalığa çevrilmişdir. İşğal başladıqdan dərhal sonra İraq əsgərləri İran limanlarındakı malları qarət etmiş və Bəsrəyə daşımışdır. Digər iddialara görə, şəhər boyu bir neçə iranlı qadın təcavüzə məruz qalmışdır. Həmçinin, İraq əsgərlərinin İran paraşütçülərinin havadan mümkün hücumunun qarşısını almaq məqsədilə ərazidə dəmir tirlər ucaltdığı və avtomobilləri şaquli vəziyyətdə yerləşdirdiyi bildirilmişdir.
Döyüşdən sonra həm strateji baxımdan ağır canlı qüvvə itkisi, həm də əlverişsiz hava şəraiti səbəbindən İraq ordusu İrana qarşı növbəti hücum əməliyyatları keçirə bilməmişdir. Şəhər 1982-ci ilin aprel ayınadək İraqın nəzarətində qalmış, həmin tariqdə iranlılar Xuzistanı geri qaytarmaq üçün "Beytül-Müqəddəs" əməliyyatına başlamışdır.
Xürrəmşəhr İraq qüvvələri tərəfindən tamamilə dağıdılmış, şəhərdə demək olar ki, salamat bina qalmamışdır. Abadan və Əhvaz kimi digər mühüm şəhər mərkəzləri də dağıntılara məruz qalmış, onlardan heç biri Xürrəmşəhr dərəcəsində zərər görməmişdir. Müharibənin başa çatmasından onilliklər keçməsinə baxmayaraq, bəzi binalar döyüşənlərin xatirəsinə ehtiram əlaməti olaraq hələ də dağılmış vəziyyətdə saxlanılır. Divarların bəzi yerlərində ərəb dilində yazılmış "Biz bura əbədi qalmağa gəlmişik" sözləri hələ də qalmaqdadır. Xürrəmşəhr şəhəri müharibənin əsas və ən mühüm cəbhə xətlərindən biri olmuş, İran Ali Rəhbəri Ruhullah Xomeyni tərəfindən "şəhid şəhər" elan edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Khomeini's Forgotten Sons: Child Victims of Saddam's Iraq, by Ian Brown, Grey Seal Books, 1990 Essential Histories: The Iran–Iraq War, 1980–1988, by Efraim Karsh, Osprey Publishing, 2002 Ghost Town On The Gulf, Time, November 24, 1980 A Holy War's Troublesome Fallout, by William E. Smith, Time, June 7, 1982