Lavan adasına hücum — 8 aprel 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı il İran müharibəsində atəşkəsin elan edildiyi ərəfədə, İranın BƏƏ-yə endirdiyi zərbələrə cavab olaraq Lavan adasında yerləşən İran neftayırma zavoduna gizli şəkildə hava zərbəsi endirməsi. Hücumu törədən tərəf ilkin olaraq məlum olmamışdır, lakin sonradan "The Wall Street Journal" qəzeti hücuma görə BƏƏ-nin məsuliyyət daşıdığını xəbər vermişdir. BƏƏ bu zərbələri rəsmən boynuna almamışdır.
Zəmin Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri ilə alovlanan 2026-cı il İran müharibəsi başladıqdan bəri Birləşmiş Ərəb Əmirlikləri mütəmadi olaraq İranın raket və dron hücumlarına məruz qalırdı. Bu hücumlar BƏƏ-ni digər ölkələrlə müqayisədə daha çox hədəf almış, nəticədə enerji obyektlərinə, hava limanlarına və otellərə ciddi ziyan dəymiş, həmçinin ən azı 10 mülki şəxs həlak olmuşdur. İran İsrail ilə sıx əlaqələrinə və öz ərazisində ABŞ bazalarına ev sahibliyi etdiyinə görə BƏƏ-ni dəfələrlə pisləmişdir. İran Xarici İşlər naziri Abbas Araqçi Amerika Birləşmiş Ştatları və İsraildən uzaqlaşmayacağı təqdirdə BƏƏ-ni "təhlükəli nəticələr" barədə xəbərdar etmişdir. BƏƏ ABŞ və İsrail ilə əlaqələrini daha da gücləndirmiş və İranın hücumlarına qarşı İsraildən hərbi dəstək, o cümlədən "Dəmir Qübbə" raketdən müdafiə sistemini qəbul etmişdir.
Hücum 8 aprel 2026-cı il tarixində, yerli vaxtla təxminən saat 10:00-da (GMT 06:30) Lavan adasında yerləşən neft obyekti "düşmən hücumu"nun hədəfi olmuşdur. İran Milli Neftayırma və Paylayıcı Şirkətinin məlumatına görə, hadisə zamanı insan tələfatı qeydə alınmamışdır. İsrail hücumda iştirakını təkzib etmiş və heç bir tərəf məsuliyyəti üzərinə götürməmişdir. Hücum ABŞ Prezidenti Donald Trampın "müharibədə atəşkəs elan etdiyi ərəfədə" baş vermişdir. Təhlükəsizlik və yanğınsöndürmə qrupları yanğını nəzarət altına almaq üçün fəaliyyət göstərmişdilər. Hücum neft obyektində böyük yanğına səbəb olmuş və onun istehsal gücünün aylarla sıradan çıxacağı gözlənilirdi. Hücum zamanı İran öz neft obyektinin düşmən atəşinə məruz qaldığını bildirsə də, mənbənin adını açıqlamamışdır. Cavab olaraq BƏƏ və Küveytə raket və dron hücumları təşkil etmişdir.
11 may 2026-cı il tarixində "The Wall Street Journal" və "Bloomberg" agentliyi "məsələdən agah olan şəxslərə" istinadən xəbər vermişdilər ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə koordinasiyalı şəkildə İranda gizli hərbi zərbələr həyata keçirir və bura Lavan adasına edilən hücum da daxildir.
BƏƏ Xarici İşlər Nazirliyi zərbələrlə bağlı şərh verməkdən imtina etmişdir, lakin düşmən hücumlarına hərbi variant da daxil olmaqla cavab vermək hüququnu özündə saxladığını təsdiqləmişdir.
Reaksiyalar Mayın 14-də İranın Xarici İşlər naziri Abbas Araqçi BƏƏ-ni "ölkəmə qarşı təcavüzkar fəaliyyətdə birbaşa iştirak etdiyinə" görə pisləmiş və "onlar bu hücumlarda iştirak ediblər, hətta bizə qarşı birbaşa hərəkətə də keçmiş ola bilərlər" bəyanatını vermişdir.
"The Telegraph" qəzetinin məlumatına görə, Tramp administrasiyasının rəsmiləri BƏƏ-ni İran müharibəsində iştirakını artırmağa və öz ordusundan istifadə edərək Lavan adasını ələ keçirməyə təşviq edirlər.
İstinadlar
Kateqoriya:İran müharibəsi (2026) Kateqoriya:BƏƏ–İran münasibətləri Kateqoriya:İrana edilmiş hava hücumları