Bənu Şeyban () — Ədnanilərə mənsub olan Bənu Bəkr qəbiləsinin qollarından biri.
Mənşəyi Qəbilənin əcdadı Şeyban ibn Sələbədir və onun nəsli Ədnana qədər gedib çatır.
Cahiliyyə dövründə qəbilənin lideri olan Mürrə ibn Zöhlün on övladı dünyaya gəlmiş və bu övladlardan qəbilə müxtəlif qollara ayrılmışdır.
Qəbilənin əsas qolları bunlardır:
Həmmam Cəssas Mühəllim Haris Əbu Rəbiə Mürrə
Tarixi Bənu Şeyban Bəsus döyüşündən sonra Bənu Bəkrin digər qolları kimi Ləxmilərin hakimiyyəti altına girmişlər. Ləxmilərin Hirə hökmdarı (və ya valisi) III Numan Sasani hökmdarı II Xosrov tərəfindən öldürülməzdən əvvəl xəzinə və silahlarını onlara əmanət etmişdir. II Xosrov III Numanı qətlə yetirdikdən sonra onun yerinə İyas ibn Qabisəni təyin etmiş və onu III Numanın xəzinə və silahlarını Bənu Şeybandan götürüb gətirməsi üçün yollamışdır. İyas ibn Qabisənin Bənu Şeybandan III Numanın əmanətlərini tələb etməsi isə müharibəyə səbəb olmuşdur. Bu döyüşdə Sasanilərin məğlub edilməsində mühüm rol oynamış Bənu Şeyban, sonrakı dövrlərdə də (Ubullə və Hirə aralığındakı ərazilərdə) Sasanilərə qarşı mübarizələrini davam etdirmişlər.
Məhəmmədin sağlığında İslamı qəbul edən Bənu Şeyban, Əbu Bəkrin xəlifəliyi illərində ondan Sasanilərə qarşı vuruşmaq üçün göndərilmələri istədilər. Əbu Bəkr də onları istəyini qəbul etdi və onlar da Hirə, Bəsrə körfəzi və Ubullə ətrafına hərbi yürüşlər təşkil etməyə başladılar.
Bənu Şeyban Əli ilə Muaviyə arasında baş vermiş hərbi qarşıdurmalarda Əlini dəstəkləsələr də, sonradan Xaricilərə qoşuldular.
Əməvilər dövründə xaricilərlə birlikdə Kufə və ətrafına hücumlar təşkil edən Bənu Şeyban qəbiləsinin Abbasilər dövründə baş vermiş xarici üsyanlarında da mühüm rolu olmuşdur.
Azərbaycan, Şirvan, Mosul və başqa yerlərdə valilik etmiş Bənu Şeybanlıların tanınmış simaları arasında Müsənna ibn Harisə, İbn əl-Əsir, Məcdəddin ibn əl-Əsir, Ziyəddin ibn əl-Əsir, Əhməd ibn Hənbəl (ana tərəfdən) və başqaları vardır.
Dini inancı Bənu Şeyban Cahiliyyə dövründə bütlərə sitayiş etmişlər. İbn Sədin bildirdiyinə görə, Məhəmmədin peyğəmbərlik illərində Mədinəyə bir qrup qəbilə mənsubu Məhəmmədə beyət etmişlər.
Həmçinin bax
Zi Qar döyüşü
İstinadlar Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Rəbiə