"Ding-a-dong" — Niderlandın "Teach-In" qrupu tərəfindən ifa olunmuş, musiqisi Dik Bakkerə, sözləri isə Vill Luikinqa və Eddi Ouvensə aid olan mahnı. Sözügedən musiqi kompozisiyası 1975-ci ildə Stokholm şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Niderlandı təmsil etmiş və müsabiqənin qalibi olmuşdur. Mahnı İsveçrə və Norveç sinql hit-paradlarında birinci yeri tutmuşdur. "Teach-In" qrupu bu mahnını ingilis, niderland və alman dillərində lentə aldırmışdır.
Konsepsiyası "Ding-a-dong" mahnısı Vill Luikinqa və Eddi Ouvensin sözlərinə Dik Bakker tərəfindən bəstələnmişdir. Tamamilə minor tonallığında yazılmasına baxmayaraq, kompozisiya müsbət düşüncələrə həsr olunmuş enerjili bir odadır. Mahnıda insanın özünü bədbəxt hiss etdiyi anlarda "din-din-a-don kimi səslənən bir nəğmə oxumalı" olduğundan bəhs edilir, nəqarətdə isə "Bir çiçək qopardığın hər saat ding-a-dong. Hətta sevgilin getsə, getsə, getsə belə" fikirləri ifadə olunur. Orijinal niderlandca versiyada "ding-a-dong" ifadəsi, keçmişdə sevgilisindən ayrılmasını xatırlayan müğənninin ürək döyüntülərini təsvir edir. Mətndə "ding-a-dong" ilə yanaşı, qorxmuş ürək döyüntüsünü bildirən "bim-bam-bom" və sevgilinin qayıdışını gözləyərkən saatın çıqqıltısını ifadə edən "tikke-(tikke)-tak" sözləri də yer almışdır.
Avroviziya 26 fevral 1975-ci il tarixində mahnının orijinal niderlandca versiyası olan "Dinge dong" kompozisiyası, 20-ci Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə Niderland Yayım Fondu (NOS) tərəfindən təşkil edilən 19-cu Milli Mahnı Festivalında (milli seçim mərhələsində) iştirak etmişdir. Mahnı üç kompozisiya arasından qalib gələrək Niderlandın Avroviziya təmsilçisi seçilmişdir. Seçimdən sonra mahnı müsabiqənin üç iştirakçısı — Albert Vest, Debbi və "Teach-In" qrupu tərəfindən ifa olunmuşdur. "Teach-In" qrupu rəqiblərindən daha çox bal toplayaraq Avroviziyada iştirak etmək hüququ qazanmışdır. Daha sonra "Teach-In" qrupu mahnını niderlandca "Dinge-dong", ingiliscə "Ding-a-dong" və almanca "Ding ding-a-dong" variantlarında lentə aldırmışdır.
22 mart 1975-ci il tarixində Stokholmdakı "Sankt-Eriks-Messan" sərgi mərkəzində İsveç Radiosunun (SR) təşkilatçılığı ilə keçirilən və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsində "Teach-In" qrupu "Ding-a-dong" mahnısını ingilis dilində, İrlandiyanı təmsil edən "The Swarbriggs" qrupunun "That’s What Friends Are For" çıxışından əvvəl, gecənin ilk ifası olaraq təqdim etmişdir. Niderland təmsilçilərinin çıxışı zamanı canlı orkestri Harri van Hof idarə etmişdir.
Səsvermənin yekununda mahnı 152 xal toplayaraq on doqquz iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Kompozisiya hər bir ölkənin 1-dən 8-ə qədər, həmçinin 10 və 12 bal təqdim etdiyi "Avroviziya"nın hazırkı səsvermə sistemi çərçivəsində ilk qalib mahnı olmuşdur.
"Ding-a-dong" mahnısı, Massielin 1968-ci ildəki "La, la, la" və Lulunun 1969-cu ildəki "Boom Bang-a-Bang", daha sonra isə 1984-cü ildə Herrey qardaşlarının "Diggi-Loo Diggi-Ley" ifalarının izinlə gedərək, qəribə və ya tamamilə mənasız adlara və mətnlərə malik olan "Avroviziya" qaliblərindən biri kimi diqqət çəkir. Mahnının proqramda birinci nömrə altında ifa edilməsinə baxmayaraq qalib gəlməsi, uğurun adətən efirdə daha gec səslənən mahnılara nəsib olması faktı ilə ziddiyyət təşkil etmişdir. Bu, müsabiqə tarixində birinci nömrə altında çıxış edən mahnının qalib gəldiyi üç haldan birincisidir. İkinci analoji hal növbəti il — 1976-cı ildə, üçüncüsü isə 1984-cü ildə qeydə alınmışdır.
Mahnı rus dilinə tərcümə olunaraq 1998-ci ildə Alyona Apina və Murad Nəsirov tərəfindən "Lunnıye noçi" adı ilə ifa edilmişdir.
İstinadlar
Kateqoriya:1975-ci ilin mahnıları Kateqoriya:2009-cu ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar