"La La La" — 1968-ci ildə İspaniya müğənnisi Massiel tərəfindən ifa olunmuş, "Dúo Dinámico" qrupunun üzvləri Manuel de la Kalva və Ramon Arkusa tərəfindən bəstələnmiş mahnı. Kompozisiya İspaniyanı Londonda keçirilən 1968-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkənin bu yarışma tarixindəki ilk qalibiyyətini qazandırmışdır.
Massiel bu kompozisiyanı həmçinin ingilis, fransız və alman dillərində də ifa edərək buraxmışdır. O, mahnının ilkin ifaçısı hesab olunmur. Belə ki, İspaniyanın yarışma üçün müəyyənləşdirdiyi ilkin təmsilçisi Joan Manuel Serrat mahnının yazılması, buraxılması və təbliğat işlərinin aparılmasından sonra, onu mütləq şəkildə katalan dilində ifa etmək tələbini irəli sürdüyü üçün müsabiqədən kənarlaşdırılmışdır.
Avroviziyada 1967-ci ilin sonlarında "Televisión Española" (TVE) bir neçə səsyazma şirkətinə müraciət edərək, 13-cü Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün orijinal mahnılar təqdim olunmasını xahiş etmişdir. "Zafiro-Novola" şirkəti yayımçıya üç mahnının daxil olduğu lent yazısı göndərmişdir: Xuan və Cuniorun ifasında "Nos falta fe", Joan Manuel Serratın ifasında "Tirititero" və "Dúo Dinámico" qrupunun bəstələdiyi "La, la, la". TVE daxili seçim vasitəsilə "La, la, la" kompozisiyasını bəyənmişdir, lakin ifaçı qismində məhz Serrata üstünlük vermişdir. 1968-ci ilin yanvarında Serrat, Manuel de la Kalva və Ramon Arkusa tərəfindən yazılmış bu mahnı ilə ölkəni təmsil etməyə razılıq vermişdir. Bert Kempfert tərəfindən aranjiman edilən və Xuan Karlos Kalderonun prodüserliyi ilə ərsəyə gələn İspaniya versiyası ilə yanaşı, o, mahnını katalan (sözləri Serratın özünə aid olmaqla), ingilis (Maykl Jülyenin sözləri ilə), portuqal və italyan dillərində də yazdırmış, bütün Avropada geniş təbliğat kampaniyası həyata keçirmişdir.
Bu müddət ərzində Serrat bir qrup katalan milliyyətçisinin təzyiqinə məruz qalmışdır. Onlar sənətçini, Franko diktaturası tərəfindən yaxın dövrlərə qədər təqib olunan katalan dilində mahnını tam şəkildə ifa etməyəcəyi təqdirdə xain adlandıracaqları ilə hədələmişdilər. 25 mart 1968-ci il tarixində Serrat TVE rəhbərliyinə ünvanladığı açıq məktubda özünü hər şeydən əvvəl bir katalan müğənnisi hesab etdiyini əsas gətirmiş, mahnını müsabiqədə mütləq katalan dilində ifa etmək istədiyini bildirmiş, bunun qeyri-mümkün olacağı təqdirdə isə geri götürülə bilməyən istefasının qəbul edilməsini tələb etmişdir. TVE rəhbərliyi mətbuat üçün cavab bəyanatı yayaraq, kanal daxilində katalanlara qarşı hər hansı bir ayrı-seçkiliyin olmadığını vurğulamış, Serratın bu addımını öz iştirakına siyasi çalar qazandırmaq cəhdi kimi qiymətləndirərək qəbuledilməz adlandırmış və onu ölkə təmsilçiliyindən kənarlaşdırmışdır.
Bu səbəbdən həmin vaxt Meksikada qastrol səfərində olan Massiel son anda əvəzedici ifaçı kimi layihəyə dəvət edilmişdir. Onun cəmi bir neçə gün ərzində İspaniyaya qayıtması, mahnını öyrənməsi, onu bir neçə dildə (ispan, ingilis, fransız və alman) yazdırması, Parisdən başlayaraq təbliğat məqsədilə bir neçə Avropa şəhərini ziyarət etməsi və müsabiqənin məşqləri üçün Londona yollanması tələb olunurdu. Parisdə keçirdiyi qısa müddət ərzində o, müsabiqə səhnəsində geyinəcəyi "Courrèges" moda evinə aid libası satın almışdır.
6 aprel 1968-ci il tarixində Londonun "Albert Holl" salonunda Britaniya Yayım Korporasiyasının (BBC) təşkilatçılığı ilə keçirilən Avroviziya Mahnı Müsabiqəsi bütün qitəyə canlı yayımlanmışdır. Massiel həmin gecə on beşinci sırada səhnəyə çıxmış, onu bek-vokalçı qismində "La La La" triosu (Mariya Xesus Agirre, Mariya Dolores Arenas və Mersedes Valimanya) müşayiət etmişdir. İspaniya təmsilçisi İrlandiyanı təmsil edən Pet Makgiqanın "Chance of a Lifetime" ifasından sonra, Almaniya təmsilçisi Venke Mirenin "Ein Hoch der Liebe" mahnısından isə əvvəl çıxış etmişdir. Rafael İbarbiya mahnının orkestr aranjimanını hazırlamış və ifa zamanı tədbirin orkestrinə dirijorluq etmişdir. Onun hazırladığı aranjiman mahnının tempini sürətləndirərək ona dinamiklik qazandırdığı üçün böyük rəğbətlə qarşılanmışdır.
Səsvermənin yekununda kompozisiya 29 bal toplayaraq, müsabiqənin əsas favoriti hesab olunan və Kliff Riçardın ifa etdiyi Böyük Britaniyanın "Congratulations" mahnısını cəmi bir bal fərqlə qabaqlayaraq qalib gəlmişdir. Britaniya mahnısının həmmüəlliflərindən biri olan Bill Martin İspaniya təmsilçisinin ifasını tənqidi şəkildə "lazımsız bir şey" olaraq xarakterizə etmişdir. İspaniya daxilində Massielin ingilislər üzərindəki bu zəfəri rəmzi olaraq Aqustina de Araqonun fransız ordusu üzərindəki qələbəsi ilə müqayisə olunurdu. Bu uğur İspaniyanın "Avroviziya" tarixində bu günə qədər qazandığı iki qalibiyyətdən birincisidir. Qalibiyyətdən sonra yenidən səhnəyə çıxan Massiel mahnının orijinal variantı ilə yanaşı, müəyyən bir hissəsini ingilis dilində də ifa etmiş və müsabiqə tarixində bunu reallaşdıran ilk qalib kimi qeydə alınmışdır. 1969-cu ildə keçirilən növbəti müsabiqədə "La, la, la" mahnısını Salomenin ifa etdiyi "Vivo cantando" kompozisiyası əvəz etmişdir.
İstinadlar
Kateqoriya:İspan dilində mahnılar