Cəzanı ağırlaşdıran hallar və ya Ağırlaşdırıcı hallar cinayət hüququnda — təqsirkarın şəxsiyyətini mənfi tərəfdən xarakterizə etdiyi və ya törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini artırdığı üçün ona daha ağır cəza təyin edilməsini tələb edən hüquqi faktlar və vəziyyətlərdir.

Ağırlaşdırıcı hallar konkret bir əməl üçün spesifik ola bilər (cinayət tərkibinin tövsifedici əlamətləri) və ya cinayət qanunvericiliyinin ümumi hissəsində təsbit edilərək bütün cinayətlərə tətbiq oluna bilər.

Cəzanın ağırlaşdırıcı hallar nəzərə alınmaqla təyin edilməsi, onun fərdiləşdirilməsinə imkan verir və bununla da ədalətli cəza təyini prinsiplərinin əsas təminatlarından biri rolunu oynayır.

Dünya ölkələrinin cinayət hüququnda ağırlaşdırıcı hallar

Dünyanın müxtəlif ölkələrinin cinayət qanunvericiliyində ağırlaşdırıcı hallar müstəqil bir siyahı şəklində mövcud ola bilər və ya cəza təyin edilərkən nəzərə alınan xüsusi şərtlər (məsələn, cinayətkarın cinayətin motivləri və məqsədləri, əməlin nəticələri, cinayəti törətmiş şəxsin cinayətdən əvvəlki və cinayətdən sonrakı davranışı) vasitəsilə müəyyən edilə bilər.

Dünya ölkələrinin qanunvericiliyində rast gəlinən ağırlaşdırıcı halları bir neçə qrupa bölmək olar: Cinayətkarın şəxsiyyətinə aid olanlar: cinayətlərin təkrarən törədilməsi, cinayətlərin residivi, cinayətin törədilməsində xüsusilə fəal rol oynamaq. Cinayət nəticəsində zərərçəkmişin şəxsiyyətinə aid olanlar: hamiləlik, azyaşlılıq və ya köməksiz vəziyyət, cinayətkarla qohumluq münasibətlərinin olması. Cinayət əməlinin törədilmə motivlərinə aid olanlar: əməlin başqa bir cinayəti gizlətmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədilə törədilməsi, ekstremist motivlər, cinayətin tamah məqsədilə və ya sifarişlə (muzdla) törədilməsi. Cinayətin obyektiv cəhətinin fakultativ əlamətlərinə aid olanlar: cinayətin iştirakçılıqla (şərikliklə), gecə vaxtı və ya kimsəsiz yerdə törədilməsi, təqsirkarın ona göstərilmiş etibardan sui-istifadə etməsi, sərxoşluq vəziyyətində törədilməsi. Cinayətin törədilmə üsuluna aid olanlar: cinayətin törədilməsinə anlaqsız və ya cinayət məsuliyyəti yaşına çatmayan şəxslərin cəlb edilməsi, xüsusi amansızlıqla, silah tətbiq etməklə, hamı üçün təhlükəli üsulla törədilməsi. Cinayətin nəticələrinə aid olanlar: ağır nəticələrin baş verməsi.

İstinadlar

Ədəbiyyat siyahısı

Буранов Г. К. Отягчающие наказания обстоятельства в уголовном праве России. Ульяновск, 2002. Кругликов Л. Л. Смягчающие и отягчающие ответственность обстоятельства в уголовном праве. Воронеж, 1985. Kateqoriya:Cəza (hüquq) Kateqoriya:Cinayət hüququ Kateqoriya:Nifrət cinayəti Kateqoriya:Təzminat hüququ Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri