Bənu Xuzaa () — mənşəyi mübahisəli ərəb qəbiləsi.

Mənşəyi Qəbilənin mənşəyi tarixçilər və nəsəb alimləri arasında müzakirələrə səbəb olmuşdur. Alimlərin bir hissəsi Bənu Xuzaanı Qəhtani, bir hissəsi isə Ədnani hesab etmişdir. İbn Həzm, Bənu Xuzaanın Ədnanilərə mənsub olduğunu bildirmiş və bu haqda bəzi hədislər qeyd etmişdir.

Bənu Xuzaanın Qəhtanilərə mənsub olduğunu deyənlər isə adətən bu şəkildə bir şəcərə təqdim edirlər: Xuzaa ibn Əmr ibn Lüheyy (Rəbiə) ibn Harisə ibn Əmr Müzeyqiyə ibn Amir ibn Harisə ibn İmru əl-Qeys ibn Sələbə ibn Məzin ibn Əzd

Qəbiləni Qəhtani hesab edən alimlərə görə, təqribən V əsrdə Mərib səddinin dağılacağını anlayan Əzd qəbilələri, kütləvi halda şimala doğru köçmüş, Məkkə yaxınlığına çatdıqlarında Bənu Xuzaa onlardan ayrılaraq "geridə qalmış"dır ("inxəzəə" və ya "təxəzzəə"). Bu səbəblə də, bu qəbiləyə Xuzaa deyilmişdir.

Bənu Xuzaanın mənşəyi haqqında bir-birinə zidd olan bu iki görüşü uzlaşdırmağa çalışan rəvayətlər də nəql edilmişdir. Bəlazurinin yazdığına görə, Kəməə (Umeyr) ibn İlyas qardaşları ilə arasında yaranan bir mübahisə səbəbindən Yəmənə köçmüş və Əzd qəbiləsi ilə müttəfiq olmuşdur. Buna görə də onun nəsəbi Əzd qəbiləsinə aid edilmişdir.

Süheyli isə bildirir ki, Lüheyy (Rəbiə) ibn Harisə hələ kiçik yaşlarında olarkən atası Kəməə vəfat etmiş, bundan sonra anası yəmənli Harisə ibn Əmr ilə evlənmişdir. Harisə ibn Əmr də Lüheyyi övladlığa götürmüşdür. Buna görə Süheyli hər iki nəsəb rəvayətinin müəyyən mənada doğru olduğunu qeyd etmişdir. Onun fikrincə, qəbiləni Qəhtanla əlaqələndirən şəcərə Lüheyyin övladlığa götürülməsi səbəbilədir. Qəbiləni Ədnanla əlaqələndirən şəcərə isə Lüheyyin həqiqi atası olan Kəməəyə söykənir.

Tarixi Bənu Xuzaanın Məkkəyə gəlməsindən sonra onların şəhərdəki hakimiyyətləri 300 və ya 500 il davam etmişdir (bu rəqəmlər şişirdilmiş hesab olunur). Məkkədə Xuzaa hakimiyyətini quraraq nüfuz qazanan Əmr ibn Lüheyy, İsmayılın təbliğ etdiyi dinini pozan, getdiyi Bəlqə bölgəsindən Hubəl bütünü gətirib Kəbənin yanında qoyaraq şəhərə bütpərəstliyi daxil edən, həmçinin bəhirə, vəsilə, saibə və hami adətlərini ortaya qoyan şəxs idi. Onun dövründə qəbilə sayca çoxalmış, güclənmiş və bir çox qollara ayrılmışdır. Bu qollar arasında ən güclüsü Bənu Kəb ibn Əmr olmuşdur.

Bənu Xuzaa bəzi vaxtlarda Kəbənin mühafizəsinin ərəblər arasında siyasi, dini və iqtisadi baxımdan təmin etdiyi üstün mövqeyi əldə etmək istəyən müxtəlif qəbilələrin hücumlarına məruz qalmışdır. Əmr ibn Lüheyyin ölümündən sonra onun yerinə keçən oğlu Kəb dövründə Qeys Əylan qəbiləsi bu məqsədlə Məkkəyə yürüş etmiş, lakin məğlub olaraq geri çəkilməyə məcbur olmuşdu. Əcələn bölgəsində də Bəni-Hüzeyl ilə bir toqquşma baş vermişdir. Qureyş ilə aparılan müharibə isə Məkkənin idarəçiliyi baxımından Bənu Xuzaanın hakimiyyətinin sonu olmuşdur.

Məhəmmədin peyğəmbərliyi dövründə onların müsəlmanlarla münasibətləri (Bəni-Müstəliq istisna olmaqla) olduqca yaxşı olmuşdur.

Məkkənin fəthindən sonra Məhəmməd Məkkə hərəminin sərhədi müəyyənləşdirən daşların yenilənmə işini Bənu Xuzaadan Təmim ibn Üseydə həvalə etmişdir. Bənu Xuzaalılar Əbu Bəkr və Ömər dövründə də müxtəlif vəzifələri icra etmişlər.

Siffində Bənu Xuzaalıların əksəriyyəti Əlini dəstəkləsələr də, Muaviyyəni dəstəkləyən Bənu Xuzaalılar da olmuşdur.

Misirin, Məğribin və Əndəlüsün ələ keçirilməsində Bənu Xuzaaya mənsub şəxslər də iştirak etdikləri üçün bu ölkələrdə, xüsusilə də Əndəlüsdə çoxlu sayda Bənu Xuzaalı məskunlaşmışdır. Onlar uzun müddət bu bölgələrdə öz qəbilə kimliklərini və varlıqlarını qoruyub saxlamışlar.

İstinadlar

Kateqoriya:Əzd qəbilələri