Məhəmməd Səid Şamil və ya Səid bəy (; ) — Şimali Qafqazlı ictimai-siyasi mühacir xadim, İmam Şamilin nəvəsi. 1920-ci ildə Dağıstanda Qızıl Ordu tərəfindən yatırılan anti-sovet üsyanında iştirak edib. Üsyan yatırıldıqdan sonra Səid Türkiyəyə qayıdıb. Orada daha çox üsyan təşkil etməyi planlaşdırsa da, kifayət qədər dəstək qazana bilməyib.
Məqsədi Sovet İttifaqının dağılması olan Prometeizm hərəkatının üzvü olub. O, Qafqaz İstiqlal Komitəsinin üzvü, yazıçı və publisist idi. Səid Şamil həmçinin Qafqaz Dağı Xalqları Xalq Partiyasının baş katibi olub. O, müsəlman ölkələrində SSRİ-nin əsas düşmənlərindən biri hesab olunurdu. O, bir çox ərəb dövlətlərinin anti-kommunist qərarlarında əsas rol oynayıb. Həyatı
Məhəmməd Səid Şamil 1901-ci ildə Məhəmməd Kamil və Nəsibə xanımın ailəsində anadan olub. Kaluqada doğulan Məhəmməd Kamil (1863–1951) Osmanlı ordusunun generalı, həmçinin Qafqaz müharibəsi dövründə Şimali Qafqazın Rusiyaya qarşı müqavimət hərəkatının liderlərindən biri olan İmam Şamilin ən kiçik oğlu idi. Nəsibə xanım isə mədinəli müəllim Məhəmməd Səid Əfəndinin qızı idi. Səidin Nasiyə (1899–1983) və Nəcabət (1916–1983) adlı iki bacısı var idi.
Şamil Osmanlı imperiyasının paytaxtı İstanbulda anadan olub. O, uşaqlıq illərini Osmanlı imperiyasının ərəb torpaqlarında keçirib. Təhsilinə başlamaq üçün yenidən bu şəhərə qayıdıb. Öz xatirələrinə görə, o, elitar Qalatasaray Liseyində təhsil alıb, elə bu dövrdə digər Şimali Qafqaz mühacirləri ilə də tanış olub.
Şamil Birinci Dünya müharibəsi illərində Osmanlı ordusunda döyüşüb. O, 1916-cı ildə Yuozas Qabrisin "Xalqlar İttifaqı" (Union des Nationalités) tərəfindən təşkil olunmuş və Lozannada keçirilən "Rusiyanın Məzlum 26 Xalqının Konqresi" adlandırılan toplantıda iştirak edib.
Şamil doğma avar dili ilə yanaşı, ərəb, ingilis, fransız, rus və türk dillərini də bilirdi. O, digər bir dağıstanlı mühacir olan Məhməd Fazıl Paşanın qızı ilə evlənsə də, onlar tamamilə rəsmi bir münasibət saxlamış və heç vaxt övlad sahibi olmayıb.
Dağıstan üsyanı
Fevral və Oktyabr inqilablarından sonra Rusiya inperiyası dağıldı. Nəticədə 11 may 1918-ci ildə Şimali Qafqazda Dağlılar Respublikası quruldu. Sonradan yerini Şimali-Qafqaz əmirliyinə verən bu bölgə, 1919-cu ildə Ağ ordu, ardınca isə 1920-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal olunaraq regionun müstəqilliyinə son qoyuldu. 11 may 1920-ci ildə bir qrup antikommunist Şimali Qafqaz siyasi xadimi Vedeno kəndində toplanıb, Məhəmməd Kamili öz üsyanlarının lideri seçdi. Məhəmməd Kamil xəstə olduğundan, öz adından liderlik etmək üçün o zaman 19 yaşında olan Səidi bölgəyə göndərdi. Türk tarixçisi Cem Kumuk isə Məhəmməd Kamilin daha 31 il yaşadığını qeyd edib, onun xəstəliyi fikrinə etiraz edərək bu imtanın başqa səbəblərdən qaynaqlana biləcəyini irəli sürüb.
Səid Şamil Fransa qüvvələrinin himayəsi altında Qafqaza yola düşüb. 29 oktyabr 1920-ci ildə Dağıstana gəlib. Onun gəlişi üsyançıların ruh yüksəkliyini artırıb, həmçinin o, özü ilə üsyana kömək məqsədilə pul və tekstil məhsulları gətirib. Dövrün xatirələrinə görə, ondan üsyana rəhbərlik etmək istənildikdə, belə bir fəaliyyəti öhdəsinə götürmək üçün çox gənc olduğunu bildirərək etiraz edib. Lakin onun bu etirazına baxmayaraq, lider təyinatı qüvvədə qalıb və Gidatli kəndində imam Nəcməddin Qotsinski ilə görüş zamanı o, rəsmən başçı (imam) elan olunub. Şamilə öz ailəsinin doğma kəndi olan Gimri kəndindən 25 nəfərdən ibarət mühafizə dəstəsi verilib.
Cem Kumuk qeyd edib ki, Şamilin üsyandakı rolunun əsas məqsədi yəqin ki, Müttəfiq Dövlətlərin və Osmanlı imperiyasındakı Şimali Qafqaz icmasının dəstəyini qazanmaq olub. O, həmçinin İmam Şamilin nəvəsi kimi üsyançılara böyük mənəvi dəstək verib. Lakin üsyanın rəsmi başçı (imam) statusuna sahib olmasına baxmayaraq, çox az real gücə malik olub.
Üsyan müxtəlif dərəcəli uğurlarla davam edib. Təxminən 500 nəfərdən ibarət olan Şamil tərəfdarı qoşunlar zəif nizam-intizam ucbatından zəifləyib və nəticədə Qırmızı Ordunu məğlub edə bilməyib. Şamilin özü də üsyan zamanı yaralanıb və 1921-ci ilin martına qədər gizlənə bilib. Bir müddət sonra isə Türkiyəyə qayıda bilib. O, orada hərbi hospitala yerləşdirilib. Səid növbəti iki ayı hospitalda müalicə olunaraq keçirib.
Sovet liderləri Serqo Orconikidze və Najmudin Samurski 1921-ci ilin may ayının ortalarında Gümrü şəhərində Osmanlı generalı Kazım Qarabəkir Paşa ilə görüşüb və Qarabəkirdən Şamilin onlara təhvil verilməsini tələb edib. Qarabəkir Şamilin Müttəfiqlərin agenti olduğunu və yaxalanan kimi bolşeviklərə təhvil veriləcəyini iddia edib. Əslində isə onun üsyandakı roluna görə Türkiyədə hər hansı bir məhkəmə təqibinə məruz qalıb-qalmadığı qeyri-müəyyəndir. Baxmayaraq ki, mövcud ola biləcək hər hansı bir məhkəmə işinin onun bibisi oğlu, idman xadimi Mehmet Şamil bəy tərəfindən qarşısının alınması ehtimalı yüksəkdir.
Mühacirətdə
İlk öncə Ankaraya gedən Şamil, daha sonra Samsuna yollanıb və burada böyük Şimali Qafqaz mühacir qrupları ilə görüşərək onları Qafqazdakı sovet hökumətini devirmək üçün birləşməyə çağırıb. Sovet kəşfiyyatının məlumatına görə, o, 1921-ci ilin avqustunda Qarsda Qarabəkir Paşaya baş çəkib və orada altı gün qalıb. Bu müddət ərzində o, üsyan planlarını Qarabəkir Paşa ilə bölüşüb, lakin Qarabəkir Paşa bu planları vaxtsız hesab edərək rədd edib.
Kazım Qarabəkir Paşa Türk Milli Hərəkatı ilə Sovetlər arasındakı münasibətlərin pisləşməsinin qarşısını almaq məqsədilə Məhəmməd Səid Şamili Ərzurum şəhərinə göndərib. Ərzurumda iki ayı fəaliyyətsiz keçirən Şamil, üsyanına icazə verilməyəcəyi təqdirdə Müttəfiqləri dəstəkləyəcəyi ilə hədələyərək Kazım Qarabəkir Paşaya məktublar yazmağa başlayıb. Hədələrə boyun əymək əvəzinə, Kazım Qarabəkir Paşa onu həm Qafqaz mühacir dairələri, həm də Fransa siyasi mühiti ilə tanış olması üçün o zaman Parisdə olan Bəkir Sami Kunduh ilə əlaqələndirib. 250px|thumb|left|Məhəmməd Səid Şamil və atası Məhəmməd Kamil, 1917-ci il Məhəmməd Səid Şamil 1922-ci ilin oktyabrına qədər Fransa hökumətindən maliyyə dəstəyi alıb. Planlaşdırdığı üsyanı reallaşdırmaq üçün konkret planlar təqdim edə bilməyib, sadəcə "Şimali Qafqazın Müdafiəsi və Milli Birliyinin Lideri" titulu ilə məktublar yazmaqla kifayətlənib. Bu səbəbdən həmin dəstək dayandırılıb. Lakin tezliklə o, İkinci Polşa Respublikasının hökumətində yeni tərəfdaşlar tapıb və 1924-cü ilin sonlarında Polşanın Türkiyədəki səfiri Roman Knoll ilə görüşüb. Knoll Məhəmməd Səid Şamilə onun rəhbərlik etdiyi "Qafqazın Azadlığı Uğrunda İttifaq" adlı qrupun təşkil olunmasında kömək edib. O, həmçinin Prometeizm hərəkatının mühüm simalarından biri olub. Məhəmməd Səid Şamilin bu dövrdə Polşa hökumətinə təqdim etdiyi məlumatların çoxu köhnəlmiş və sıradan xarakter daşıyıb, lakin o, bunları Polşanın hərbi attaşesi polkovnik Tadeuş Şetselə olduqca kritik əhəmiyyətli xəbərlər kimi çatdırıb. Xüsusilə diqqətçəkən bir məqam odur ki, Şamilin 21 aprel 1927-ci ildə Şetselə yazdığı məktubda Fransanın Suriya ərazisində Çərkəz Süvari Dəstəsinin yaradılması barədə məlumat verilib. Şamilin iddialarının əksinə olaraq, həmin dəstə hələ 1922-ci ildə qurulub və onunla heç bir əlaqəsi olmayıb.
Məhəmməd Səid Şamil mühacirətdə olduğu müddətdə də Sovet hökumətinin diqqətini çəkməyə davam edib. Əvvəllər Məhəmməd Səid Şamili Dağıstan üsyanının lideri elan edən Nəcməddin Qotsinskinin məhkəməsi zamanı NKVD onu Şamildən Çeçen aullarının (kəndlərinin) rəhbərlərinə ünvanlanıb, üsyan başlayacağı təqdirdə silah vəd edən bir məktub almaqda ittiham edib. Bu məktub Sovet arxivlərində mövcud olmadığından, böyük ehtimalla belə bir məktub iddiası birbaşa NKVD tərəfindən uydurulub.
Məhəmməd Səid Şamil 18 noyabr 1925-ci ildə Praqada Qafqaz Dağlıları Xalq Partiyasını qurub. O, partiyanın baş katibi vəzifəsini icra edib. Əhməd Tsalikovun rəhbərlik etdiyi digər bir qrup — Qafqaz Dağlıları İttifaqı da bu partiyaya birləşib. 15 iyul 1926-cı ildə tərkibində Şamilin də yer aldığı ikinci bir qurum, yəni Qafqaz İstiqlal Komitəsi yaradılıb. Bu təşkilatların hər ikisində Məhəmməd Səid Şamilin Polşadakı Şimali Qafqaz mühacirlərinin şəksiz liderinə çevrilmək cəhdləri üstünlük təşkil edib və o, digər mühacirləri (o cümlədən Əhməd Tsalikovu) Sovet agenti olmaqda günahlandırıb.
Məhəmməd Səid Şamil bu dövrdə jurnallarda bir neçə məqalə yazmağa davam edib. Əmin əl-Hüseyninin rəhbərliyi ilə 1931-ci ilin dekabrında keçirilən Ümumdünya İslam Konqresinin ilk iclasında Səid Şamil konqresin üzvü seçilib və onun ən gənc üzvü olub. Bu statusda o, İslam dünyasında antikommunizmi yaymaq üçün çalışıb və müsəlman dövlətlərinin hökumətlərini Sovet İttifaqına qarşı qərarlar qəbul etməyə sövq etməkdə mühüm rol oynayıb. O, həmçinin Səudiyyə Ərəbistanının diplomatik pasportuna sahib olub və məzlum müsəlmanlara kömək etmək missiyasını daşıyan Ümumdünya İslam Liqasının (Rabita) üzvü seçilib.
Məhəmməd Səid Şamil 1935-ci ildə qurulmuş Qafqaz Konfederasiyası Şurasında nümayəndə kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi ərəfəsində isə o, Varşavada yaşayıb.
İkinci Dünya müharibəsi zamanı
Şamil Polşanın işğalı zamanı Varşavada olub və daha sonra Beyruta qaçıb. Barbarossa əməliyyatından sonra Şamil, o dövrdəki bir çox digər Şimali Qafqaz mühacirləri kimi, Şimali Qafqazın Sovet İttifaqından müstəqillik qazanacağı ümidini ifadə edib. Qafqaz döyüşü başlayanda isə alman qüvvələri Dağıstan əhalisini öz tərəfinə çəkmək məqsədilə təbliğatdan və Şimali Qafqaz və Dağlı Qafqaz legionlarının mövcudluğundan istifadə etməyə çalışıb, lakin gözlənilməz müqavimətlə qarşılaşıb.
Bölgədəki dəstəyini artırmaq istəyən Üçüncü Reyx hökuməti, aralarında Səid Şamilin də olduğu təxminən 40 milli düşüncəli ziyalını bir araya gətirib və onların dəstəyini qazanmaq üçün "Adlon" otelində danışıqlar aparıb. Danışıqlar zamanı Səid Şamil Almaniyanın Dağıstanda müstəqil bir dövlət qurmaq niyyətinin olmadığını, əksinə, bölgəni ilhaq etməyi planlaşdırdığını öyrənib. Danışıqlar altı ay davam edib, daha sonra isə Şamil və Dağıstanın ilhaqına qarşı çıxan digər şəxslər Üçüncü Reyxi tərk edib.
Müharibədən sonrakı dövr Müharibə başa çatdıqdan sonra Şamil dünya miqyasında İslam konfranslarında iştirak etməyə davam edərək Sovet İttifaqındakı İslamın vəziyyəti barədə çıxışlar edib. Bəymirzə Hayit ilə birlikdə o, bu dövrdə Sovet hökuməti tərəfindən ölkənin müsəlman dünyasındakı "bir nömrəli düşməni" kimi tanınıb. Növbəti 20–25 il ərzində Şamil əsasən Yaxın Şərqdə yaşayıb. O, həmçinin Rusiyada Yaşayan Xalqların Azadlığı uğrunda Amerika Komitəsinin fəaliyyətində də iştirak edib.
Türkiyədə Məhəmməd Səid Şamilin fəaliyyəti əsasən Şimali Qafqaz mədəniyyətinin qorunub saxlanmasına yönəlib. O, Dağlılar Respublikasının keçmiş baş naziri Pşemaxo Kotsev ilə birlikdə 1951-ci ildə Şimali Qafqazlıların Mədəniyyət və Qarşılıqlı Yardım Cəmiyyətini qurub. Sovetlərin çeçenlərin və inquşların, qaraçaylıların, Krım tatarlarının və Axısqa türklərinin deportasiya etmə siyasətinə diqqət çəkmək məqsədilə Ərəb Liqasının 1953-cü il iclaslarında iştirak edib. Şamil 1975-ci ildə Şamil Təhsil və Mədəniyyət Fondunun təsisçilərindən biri olub.
Vəfatı 250px|thumb|right|Məhəmməd Səid Şamil və bacılarının Qaracaəhməd qəbiristanlığındakı məzarları 1981-ci ildə Həcc ziyarəti zamanı Məhəmməd Səid Şamil müvazinətini itirərək yıxılıb və beyin silkələnməsi keçirib. O, xəstəxanaya yerləşdirilib və öz xahişi ilə Türkiyəyə qayıdıb, lakin burada vəziyyəti pisləşməyə başlayıb. 21 mart 1981-ci ildə Heydərpaşa xəstəxanasında Səid Şamil vəfat edib. O, Qaracaəhməd qəbiristanlığının "Qafqaz Mücahidi Şamil" bölməsində ailəsinin və Camaləddin Qaziqumuqlunun yanında dəfn olunub. Səidin varisləri olmayıb, ölümündən iki il sonra vəfat edən bacılarının da övladı yox idi.
Xatirəsi Ölümündən sonra Məhəmməd Səid Şamilin geniş şəxsi kitabxanası Şamil Fonduna təhvil verilib.