Cahangir Cahangirov adına xor (keçmiş adı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin xoru) 1936-cı ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Bu kollektivə bir müddət Üzeyir bəy özü rəhbərlik etmişdir. O, bir sıra Azərbaycan xalq mahnılarını xor üçün işləmiş və gənc bəstəkarlara tövsiyə etmişdir. Daha sonralar kollektivə rəhbərliyi Cahangir Cahangirova məhz Üzeyir Hacıbəyli həvalə etmişdir. 1958-ci ildən ömrünün sonunadək xora əvvəllər kollektivdə ikinci xormeyster kimi fəaliyyət göstərən Respublikanın Xalq artisti Ramiz Mustafayev rəhbərlik etmişdir. 2008-ci ildə bu kollektivə Cahangir Cahangirovun adı verilmişdir. Elə həmin ildən 2021-ci ilə qədər isə xora Şəhla Ələkbərova rəhbərlik etmişdir.

Xor kollektivi fəaliyyətə başladığı illərdən bəri Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olub. Kollektiv Azərbaycana bir çox sənətçilər töhfə verib. Onlardan SSRİ xalq artistləri Lütfiyar İmanov, Firəngiz Əhmədova, Zeynəb Xanlarova; Respublikanın Xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Şahlar Quliyev; Respublikanın Əməkdar artistləri Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev; müğənnilər Anatollu Qəniyev, Nərminə Məmmədova, Sahib Kərimov və başqalarının adlarını sadamaq olar. Böyük Vətən müharibəsi illərində xor kollektivinin ifasında bir çox vətənpərvərlik mövzusunda əsərlər səslənib. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Hacı Xanməmmədov, Cahangir Cahangirov və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və s. xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq lentə alınıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə Cahangir Cahangirov adına xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib. Hazırda Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən xorun bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı Təranə Yusifovadır.

Xora rəhbərlik etmiş şəxslər: 180px|thumb|Üzeyir Hacıbəyli(1936–1944) 180px|thumb|Cahangir Cahangirov(1944–1958) 180px|thumb|Ramiz Mustafayev(1958–2008) 180px|thumb|Təranə Yusifova(2023–indiyədək)

Üzeyir Hacıbəyli Azərbaycanda xor sənətinin təşəkkülü barədə yazılar dərc etmişdir:

"İlk çoxsəsli Azərbaycan xorunu 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında mən təşkil etmişəm. Xorda 70 oxuyan vardı, bunların əksəriyyəti tələbə-gənclər idi. Lakin ilk vaxtlar vokal ifaçılığının yeni formasını tətbiq etmək asan olmamışdır. Burjua millətçiləri cəbhəsindən olan ziyankarlar bizim təşəbbüsümüzü boğmaq üçün çox çalışmışlar. Düşmənlərimiz iddia edirdilər ki, Azərbaycan xalqına çoxsəsli xor, polifoniya lazım deyildir. Nəticədə, böyük zəhmətlə yaradılmış xor dağılmışdır. İlk Azərbaycan Dövlət xoru 1936-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində təşkil edilmişdir. Onun təşkili mənə tapşırılmışdı. Xor əsasən xüsusi hazırlığı olmayan, lakin vokal istedadına malik gənc müğənnilərdən ibarətdir. Biz onları Bakıda və Azərbaycanın kənd rayonlarında seçmişik. Xorun üzvləri arasında bir neçə kolxozçu vardı. Xorda oxuyanların 75 faizi azərbaycanlı, qalanı erməni, gürcü, rus, yəhudidir. Lakin onların hamısı Azərbaycan dilini gözəl bilir. Xorda 100 adam vardır. Bu xor elə ilk vaxtdan dördsəsli xor kimi yaradılmışdır, onun repertuarını əsasən xalq mahnıları və müasir mahnılar təşkil etməli idi. Repertuar seçmək, daha doğrusu öz repertuarımızı «yaratmaq» sahəsində qarşımızda bir sıra ciddi vəzifələr durmuşdur. Mən ona görə «yaratmaq» deyirəm ki, repertuarımıza daxil edilən hər bir xalq mahnısını çoxsəsli xorla oxumaq üçün harmonizə etmək lazım gəlmişdir. Əsas çətinlik ondan ibarət olmuşdur ki, bütün bu mahnılar ta qədim vaxtlardan xalq arasında ya bir səslə, ya da unison oxunmuşdur; əslində bunların hər ikisi eyni şeydir. Təbiidir ki, bu cür melodiyaların harmonizə edilməsi vəzifəsinin mexaniki həlli xalq mahnısı üslubunun təhrif olunmasına, ayrı-ayrı hallarda isə melodik xəttin pozulmasına səbəb olardı".

center|frameless|400px

Xorun meydana gəlməsi ilə yanaşı Üzeyir bəy Azərbaycan xalq mahnılarının xor üçün işlənməsi prinsipi barədə də öz mülahizələrini söyləmişdir:

"Təcrübə göstərmişdir ki, lad musiqimizin adi harmonizasiyası istər-istəməz kadansların tətbiq olunmasını tələb edir; kadanslar melodiyanı ya majora, ya da minora gətirib çıxarır. Bu zaman Azərbaycan musiqisini yaradan ladlar çox vaxt öz xüsusiyyətini itirir. Ona görə də mən mahnıları harmonizə edərkən adi dördsəsliyi deyil, kontrapunkt çoxsəsliyi və unison imitasiyaları tətbiq edirəm. İlk Azərbaycan Dövlət xorunun ifa etdiyi «Ay bəri bax» xalq mahnısının harmonik sxemi təxminən belədir; mahnı unisonla oxunmağa başlanır, sonra soprano səslər oxuyur, bu zaman tenor və alt səslər sanki replika verir, bas səslər isə mahnının oynaq, ritmik səslənməsini təmin edir. Mən ümumiyyətlə Azərbaycan mahnılarının ifası üçün xarakterik olan lad daxilində solo improvizasiyasını xorun ifasında da saxlamışam. Başqa bir misal: xalq mahnısı «Yallı». Bu mahnını xorun soprano səsləri unison oxumağa başlayır. Bu zaman alt və tenor səslər dəm tutur. İkinci kupletdə tenor səslər oxuyur, soprano səs dəm saxlayır, sonra melodiyanı alt səslər oxuyur, başqa səslər isə onları müşayiət edir. Uzadılan «Şikəstə» mahnısında çoxsəsli xor solistləri ahəngdar surətdə müşayiət edir. Artıq bu mahnıda bir akkorddan ibarət adi harmonizasiyanı tətbiq etmək mümkün olmuşdur. Dördsəsli harmonizasiyanın eyni prinsipi həmçinin «Aman nənə» mahnısı üzərində işlənərkən əsas götürülmüşdür, burada xor nəqəratı ifa edir. Mənim lad musiqisində tətbiq etdiyim sadə harmonizasiyaya dair misallar bunlardır".

Bir neçə kəlmə də ilk Azərbaycan Dövlət xorunun repertuarı haqqında: "Azərbaycan xalqının mahnıları olduqca çoxdur. Hər bir xalqda olduğu kimi, bizdə də əmək prosesləri, hər cür toy-büsat, epos və lirika musiqi ilə əlaqədardır. Biz ifa üçün ən xarakterik və ən çox yayılmış xalq mahnılarını seçmişik. Məsələn, lirik «Şikəstə» mahnısı. Bu mahnı «Segah» muğamı üstündədir və bir sıra variantlara malikdir. Qarabağ, Şirvan şikəstələri, Kəsmə şikəstə və s. vardır. Biz Qarabağ şikəstəsini ifa edirik. Bu, Azərbaycanda demək olar, ən geniş yayılmış variantdır. Onu təklikdə və məclislərdə oxuyurlar. Gənc müğənnilər öz improvizasiyalarına demək olar ki, şikəstədən başlayırlar. Bu mahnı məhəbbət haqqındadır. Onun belə bir orijinal cəhəti vardır: ilk iki beyt sanki sonrakı beytlərlə əlaqədar deyildir, lakin onlarla həmqafiyə olub dinləyicidə sonrakı beytlərə həvəs oyadır. «Sən gözəl» mahnısı («Şur» ladı) ona görə maraqlıdır ki, xor onu üç dildə: Azərbaycan, erməni və gürcü dillərində oxuyur. Bu təsadüfi deyildir: mahnı Zaqafqaziyanın üç qardaş respublikası xalqları arasında geniş yayılmışdır. Ümumiyyətlə, Azərbaycan, gürcü və erməni xalqlarının ümumi mahnıları az deyildir. Məsələn, məlumdur ki, xorumuzun ifa etdiyi məşhur «Ay bəri bax» Azərbaycan mahnısını gürcülər də oxuyur. Nəhayət, «Güloğlan» mahnısı. Onun yaranması «Segah» muğamının ladı ilə əlaqədardır. Bu mahnı xalq sənətinin yüksək bədii məziyyətləri, xüsusən son dərəcə gözəl melodiya xətti ilə fərqlənən qiymətli incisidir.

İlk Azərbaycan Dövlət xoru ifaçılıq mədəniyyətini yüksəltməyə çalışaraq öz repertuarını rus klassiklərinin, sovet bəstəkarlarının əsərləri və xalqların müasir mahnıları hesabına genişləndirmişdir. Biz «Ruslan və Lüdmila», «Yevgeni Onegin», «Demon», «Sakit Don», «Oyanmış torpaq» operalarından xorun mahnılarını, «Təyyarəcilər marşı», «Polyuşko», «Vətən haqqında mahnı» nəğmələrini oxuyuruq. Bunların hamısı çoxsəsli mahnılardır".

Sonda isə dahi bəstəkarımız böyük fərəh hissi ilə qeyd etmişdir: "Bu gün biz tam ixtiyarla deyə bilərik ki, artıq Azərbaycanda xor mədəniyyətinin əsası qoyulmuşdur. İndi səslərə ayrılma müğənnilərimiz üçün adi bir hal olmuşdur. Həm də bu cür ayrılma nəticəsində xor iştirakçısı olan Azərbaycanlılar içərisindən gözəl solistlər meydana çıxır. Xorla gündəlik pedaqoji və tərbiyəvi iş aparılır, bu da səs ahənginin yaxşılaşmasına və ümumi ifaçılıq mədəniyyəti səviyyəsinin yüksəlməsinə kömək edir".

Üzeyir Hacıbəylinin yaradıcı ideyalarını davam etdirən bu xor hazırda Təranə Yusifovanın rəhbərliyi altında mütəmadi olaraq solo konsert proqramları ilə çıxışlar edir və olduqca zəngin repertuara malikdir. Kollektivin əsas məqsədi Azərbaycan xalq musiqisi, klassik və muğam janrlarında yazılmış əsərlərin xorun ifasında təqdim olunması, milli musiqi nümunələrinin daha geniş auditoriyaya çatdırılması və gənc nəslin musiqi zövqünün formalaşdırılmasıdır. Kollektivin repertuarına milli və xarici bəstəkarların xor üçün yazılmış əsərləri, eləcə də caz, pop janrında xor üçün musiqi, həmçinin xalq mahnıları, muğam parçaları və müasir kompozisiyalar daxildir. Xor kollektivi Azərbaycan mədəniyyətinin təbliğində, xalq musiqisinin yaşadılmasında və dünya miqyasında təqdim olunmasında mühüm rol oynayır. Qeyd etmək yerinə düşər ki, kollektiv Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Eyyub Yaqubov, Teyyub Aslanov, Mehriban Zəki, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova; Əməkdar artistlər Zakir Əliyev, Dilarə Əliyeva, Gülüstan Əliyeva, Arzu Əliyeva, Lalə Məmmədova; müğənnilər Mirələm Mirələmov, Güllü Muradova və başqa tanınmış simalarla dəfələrlə bir səhnədə yer almışdır.

İstinadlar

Xarici keçidlər Cahangir Cahangirov adına xorun rəsmi Youtube hesabı Cahangir Cahangirov adına xorun rəsmi Instagram hesabı Cahangir Cahangirov adına xorun rəsmi Facebook hesabı Cahangir Cahangirov adına xorun rəsmi Tiktok hesabı

Kateqoriya:1936-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Bakı Kateqoriya:Əlifba sırasına görə musiqi qrupları Kateqoriya:Üzeyir Hacıbəyov Kateqoriya:Beynəlxalq Muğam Mərkəzi