Div sultan Rumlu () — qızılbaş sərkərdəsi, əmir əl-üməra. Əsl adı Əmir Əli bəy Rumludur. Səfəvi dövlətinin adlı-sanlı sərkərdələrindən olmuşdu. 1517–1526-cı illərdə Çuxur Səd (İrəvan) əyalətinin bəylərbəyi olmuşdu. 1524-cü ildən 1527-ci ilə qədər o zaman azyaşlı olan Şah Təhmasibin vəkili vəzifəsini yerinə yetirmişdi. Əmir əl- üməra Bəyazid sultan vəfat etdikdən sonra isə onun yerinə əmir əl-üməra təyin edildi. Çuxa sultanla birlikdə ustaclılara qarşı vuruşaraq onları məğlub etmiş, daha sonra 1527-ci ildə müttəfiqi Çuxa sultan tərəfindən öldürülmüşdür.
Həyatı Rumlu tayfasına mənsub ən məşhur əmirlərdən biri Div sultan adı ilə tanınan Əli bəy Rumlu olmuşdur. O, 1501-ci ildə Şərurda baş verən döyüşdə və Təbrizin fəthində iştirak etmişdi. Onun adı mənbələrdə ilk dəfə bu hadisələr zamanı çəkilmişdir. I Şah İsmayıl Təbrizdə taxta çıxdıqdan sonra Əli bəy Rumlunu ətraf ərazilərdən birinin hakimi təyin etdi. Bir başqa mənbənin verdiyi məlumata görə Div sultan I Şah İsmayıl dövründə Ərzincanın hakimi idi.
Şah İsmayılın hakimiyyəti dövründə
Özbəklərlə döyüşlərdə iştirakı Div sultan Rumlu I Şah İsmayılın 1508-ci ildə Luristan və Xuzistan əmirliklərinə təşkil etdiyi yürüşlərdə də iştirak etmişdi.
Div sultan 1510-cu ildə Şeybək xan ilə Qızılbaşlar arasında baş verən Mərv döyüşündə iştirak edən sərkərdələrdən biri idi.
Şah İsmayıl 1510-cu il noyabr ayının 22-də Mərv ətrafına yetişdi və şəhəri mühasirəyə aldı. Səfəvi şahı qala mühasirəsi üçün malik olduğu təcrübəni işə saldı, qala bürclərini, qala divarlarının ayrı-ayrı Səfəvi əmirlərinə tapşırdı və onlara qala divarlarının fəth edilməsi yollarını tapmağı əmr etdi. Amma Mərv qalası kifayət qədər möhkəm bir qala idi və müşahidələrdən sonra Şah İsmayıl özü də belə bir qənaətə gəldi ki, adi mühasirə ilə bu qalanı almaq mümkün olmayacaqdır. Səfəvi qoşunlarında başda Div sultan Rumlu olmaqla Cayan sultan Ustaclı, Badencan sultan Rumlu, Zeynal sultan Şamlı, Mirzə Məhəmməd Talış və digər əmirlər Mərv qalasının mühasirəsi ağırlığını öz üzərinə götürmüşdülər. Bu əmilər hər gün özbək qoşun dəstələrinin qala xaricinə olan hücumlarının qarşısını almaqla qarşıya qoyulan vəzifələrin icrasına da çalışırdılar. Səfəvilərin bütün cəhdlərinə baxmayaraq, onlar özbəklərin yürüşlərindən müəyyən itkilərə də məruz qalırdılar.
Gicduvan döyüşündə qalibiyyət əldə etdikdən sonra Herat və Məşhədi tutan özbək xanları oradakı şiələrə qarşı qırğınlar törətdilər. Beləliklə, 1513-cü ilin baharının əvvəli üçün Xorasanın əksər ərazisi təkrarən özbəklərin əlinə keçdi. İsfahanda qışladığı vaxt bu xəbərləri alan Şah İsmayıl dərhal Sultaniyyəyə gələrək 40 minlik ordu ilə Xorasana yürüşə başladı. Bu zaman Div sultan Rumlunu və Xəlil xan Zülqədəri çərxçi təyin edərək 10 minlik qoşunla əvvəlcədən göndərdi. 20 minlik qoşunla Məşhəddə olan Übeydulla xan Div sultan Rumlunun və Xəlil xan Zülqədərin qoşunları ilə qısa toqquşmadan sonra Herata qaçdı, oradan Məhəmməd Teymur sultanı da götürüb, Mavəraünnəhrə çəkildi. Div sultan və Xəlil sultan Məşhədə daxil olduqdan sonra əsir götürülmüş özbək döyüşçülərini, qətlə yetirilənlərin kəsilmiş başlarını və baş verənlər haqqında məlumatı Şah İsmayıla göndərdilər.
Mənbələrin verdiyi məlumatlardan belə məlum olur ki, Şah İsmayıl, çərxçilərə və onların rəhbərlərinə də belə tapşırıq veribmiş ki, özbək xanlarını və ailələrini ələ keçirib şahın hüzuruna gətirsinlər. Amma özbək xanlarından heç biri ələ keçirilməmişdi. Bunun nəticəsi idi ki, Div sultan və Xəlil sultanın fəaliyyəti onu heç də qane etmədi. Ona görə də Şah İsmayıl Qarapər (Qarapir) sultan Qacarı yeni bir qoşun dəstəsi ilə Məhəmməd Teymur xanla Übeydulla xanı əsir edərək Səfəvi düşərgəsinə gətirməsi üçün Herata yolladı. Qarapər sultanın irəliyə göndərilmiş Səfəvi dəstəsinin rəhbəri təyin edilməsi Xəlil sultanla Div sultan tərəfindən təəccüblə qarşılandı. Onlar özlüyündə Məşhədin ələ keçirilməsinə görə Şah İsmayıl tərəfindən mükafatlandırılacaqlarını gözləyirdilər. Əvəzində isə onlar vəzifədən kənarlaşdırılmışdılar. Şah İsmayılın məzəmmətləri və cəzası ilə qarşılaşmamaq üçün Div sultan və Xəlil sultan qərara gəldilər ki, sərəncamlarında olan qoşun dəstəsi ilə Übeydulla xanın ardınca Herata yollansınlar, onu ələ keçirib Şah İsmayıla təhvil versinlər. Bununla, onlar şah yanındakı nüfuzlarını bərpa etməyə cəhd göstərdilər.
Div sultan və Xəlil sultan Herata yetişəndə buranın hakimi Məlik Nizaməddini fənd işlədərək qoşun dəstəsi ilə qaladan kənarlaşdırdılar. Tərəflər arasında döyüş baş verdi və Div sultanla Xəlil sultanın dəstəsi qalib gəldi. Onlar bu uğuru davam etdirmək üçün Məlik Nizaməddinin sağ qalan döyüşçülərini Qur və Qərcistana qədər təqib etdilər. Şah İsmayıl onların Herat ətrafında qalibiyyətlərini və uğurlarını eşidib sevindi. Səfəvi şahının əmri ilə Xəlil sultanla Div sultan böyük səxavətlə mükafatlandırıldılar, onlara şah tərəfindən at, qılınc, qiymətli əşyalar bağışlandı.
Aləmara-yi Şah İsmayıl əsərinin müəllifi yazır ki, Şah İsmayıl Div sultana Badğis çöllərində yaşayan tayfaları cəzalandırmağı tapşırmışdı. Div sultan gözlənilmədən bu tayfalar üzərinə hücuma keçdi. Onun rəhbərliyində 10 minlik ordu gecə vaxtı gizli şəkildə bu tayfaları mühasirəyə aldı. Beləliklə Div sultanın qoşunları Səfəvi hakimiyyətinə itaətsizlik edən Qərcistan və Badğis vilayətlərini fəth etdilər. Şah İsmayıl yürüşün nəticələrinə görə, Div Sultana və onun dəstəsinə öz məmnunluğunu çatdırdı.
Özbəklərin hücumlarının qarşısı alındıqdan sonra 1513-1514-cü illərdə Div sultan ayamalı Əli bəy Rumlu Bəlx və onun ətrafına hakim təyin edilmişdir.Şah İsmayıl son səfərin gedişində Div Sultanın nümayiş etdirdiyi fədakarlıq və şücaətləri nəzərə alaraq Ceyhun çayından Əndicana qədər olan ərazilərin hakimliyini ona tapşırdı.
Bəlx hakimi kimi 1515-ci ildə Übeydulla xan 30 minlik və Canibəy sultan 20 minlik ordu ilə Səfəvilərin vassalı olan Xan Mirzəyə məxsus Hisar-i Şadman qalasına həmlə etdilər. Onlar Hisar-i Şadmana köməyə tələsən Bəlx hakimi Div sultan Rumlunu dəf etdilər. Div sultanın dəstəsinə də xeyli itki yetirildi. Sonda o, min nəfərlik dəstəsi ilə mühasirəni yarmağa və döyüş meydanından uzaqlaşmağa müvəffəq oldu. Div Sultan döyüşçülərinin əksəriyyəti yaralı olan dəstəsi ilə Faryaba yollandı. Fayrab hakimi onun kürəkəni idi. Bir neçə ox yarası almış Div sultan Əlişəkər xan Baharlunun oğlu Məhəmmədi xanı Bəlx qalasına komandan təyin edib, özü kömək istəmək üçün Faryabdan Təbrizə, Şah İsmayılın hüzuruna yollandı. Div Sultan Faryabdan Təbrizə doğru hərəkətə başlayanda Məhəmməd Zaman Mirzə də Əmir Ərdovanla birlikdə 10 min nəfərlik qoşun dəstəsi ilə Heratı ələ keçirmək üçün yola düşmüşdü. Elə həmin günlərdə Div Sultan da Herat yaxınlıqlarında idi. O, Zeynal xanın qala daxilinə sığınaraq müdafiə olunmasını eşidəndə təəccüb etdi və ona belə bir xəbər göndərdi: "Məgər bu 10 min nəfərdən qorxdun ki, qala darvazalarını möhkəmlətmisən? Hər halda qala darvazalarını aç və 700-800 nəfərlik dəstə ilə bayıra gəl və inşallah ki, onları məğlub edəcəyik". Bu sözlərdən də göründüyü kimi, Div sultan da Zeynal xana kömək etmək istəyirdi ki, birlikdə Məhəmməd Zaman Mirzənin dəstəsini məğlubiyyətə uğratsınlar. Amma Zeynal xan bu təkliflə razılaşmadı və cavab göndərdi ki, Div sultan getdiyi yolla getsin və bizim onun köməyinə ehtiyacımız yoxdur. Belə olanda Div Sultan orada dayanmağı lazım bilməyib yoluna davam etdi və bir müddətdən sonra Şah İsmayılın hüzurunda oldu. Təbrizdə şahla görüşən Div sultan ona bədənindən çıxarılmış oxları göstərdi. Şah da hər oxun müqabilində Div sultana bir xələt bağışladı.
Özbəklərin Xorasan şəhər və kəndlərinə hücumları nəticəsində bölgədə güclü qıtlıq yaranmış, aclıq ən yüksək səviyyəyə çatmışdı. Digər tərəfdən Div sultanın irəli sürdüyü Məhəmməd Zaman mirzə, Ərdüvan şaha və özbəklərə qarşı vahid cəbhədə vuruşmaq təklifi Herat hakimi Zeynal xan Şamlı tərəfindən rədd edilmişdi. Buna görə də Div sultan 1515-ci ilin sonlarında Təbrizə şah sarayına gələrək baş verənlər- aclıq, qiyamlar, əyalətlərdə yiyəsizlik haqqında şahı məlumatlandırdı. O həmçinin Zeynal xanın fəaliyyətlərindən də şaha şikayət etdi. Nəticədə Şah İsmayıl azyaşlı oğlu Təhmasibin lələliyini Əmir xan Mosulluya tapşırıb, onu Xorasan bəylərbəyi təyin edərək Herata Zeynal xanın əvəzinə göndərdi. Həsən bəy Rumlu bu hadisələri belə şərh edir: Bu il Div sultan Rumlu Bəlxdən İsgəndər şanlı xaqanın dərgahına gəldi və özbəklərlə döyüş nəticəsində atlarının və adamlarının bədənlərindən çıxarılmış ox ucları ilə dolu olan bir sandıqçanı gətirib o həzrətə təqdim etdi. [Div sultan] bütün toqquşmalarda özbəklərə qalib gəlmişdi. O, Xorasan vilayətinin sahibsiz qaldığını [şaha] ərz etdi. Ona görə də İsgəndər şanlı xaqan Simnan sərhədindən ta Amudərya çayına qədər Xorasan səltənətini dinin pənahı və Allahın lütfünün məzhəri olan Əbülmüzəffər Şah Təhmasib həzrətlərinə lütf etdi və Əmir xan Mosullu Türkmanı o həzrətin lələsi [təyin] etdi.
Gürcüstan səfərləri XVI əsrin əvvəllərində Gürcüstan bir neçə knyazlığa (Kartli, Kaxeti, Mesxi və İmeretiya, yəni Başı-açıq) bölünmüş, Səfəvilərlə Osmanlıların rəqabət məkanına çevrilmişdi. Gürcülər Təbriz sarayına bac-xərac ödəsələr də, imkan yarandıqda tabesizlik nümayiş etdirirdilər. 1516-cı ildə Gürcüstanın qərbində İmeretiya əyaləti hakimi Mənuçöhr ilə Gürcüstanın şərqində Kaxeti hakimi Kvarkvare arasında baş verən döyüşdə məğlub olan Kvarkvare Şah İsmayıla sığınaraq ondan kömək istədi. Şah İsmayılın əmri ilə ona kömək üçün Div sultan Rumlu qoşun dəstəsi ilə birgə Gürcüstana yola düşdü. Şah İsmayıl özü bu yürüşdə iştirak etməmişdi. 1516-cı ildə Div sultan 15 minlik qoşun ilə Gürcüstana hücum etdi. Bu yürüş zamanı onu tanınmış Səfəvi əmirlərindən Həsən bəy Təkalu, Narın bəy Qacar, Qazan bəy Rumlu, Həsən bəy Cutə və başqaları müşayiət edirdilər.Bu zaman Osmanlı qoşunu da Gürcüstan üzərinə istimaqət götürmüşdü. Mənuçöhr osmanlılara qarşı müqvimət göstərə bilməyəcəyini anlayıb Div sultanın yanına öz elçilərini göndərdi. Div sultan onun təklifini rədd edib,elçilərini qətlə yetirdi. Bundan xəbər tutan Mənuçöhr qaçmaq istəyərkən Səfəvi qoşunları tərəfindən təqib olunduğuna görə Tumək qalasına sığındı. Div sultanın əmri ilə qala uzun müddət mühasirə olundu. Mənuçöhr bu qalada da mühafizə oluna bilməyəcəyini anlayıb Osmanlı sərhəddinə yola düşdü. Qala sakinləri isə Div sultan Rumlunun hüzuruna hədiyyələrlə gələrək ondan bağışlanma dilədilər. Nəticədə Kvarkvare Gürcüstan hakimi təyin edildikdən sonra Div sultan Rumlu çoxlu qənimətlə geri qayıtdı.
Rumlu bu hadisəni belə təsvir edir: Mənuçöhr fərar edib Ruma getdi. Əmirlər Tümük qalası ətrafına gəldilər. O qala dərin bir dərənin ortasındakı dağın başında yerləşir. Qazilər qələbə bayraqlarını dalğalandırdılar, zəfər qılınclarını çəkdilər və dairə kimi düzülüb [qalanı] nöqtə kimi dövrəyə aldılar. On dörd gün bədkirdar gürcülərlə əzəmətli qazilər arasında döyüş oldu. Axırda islam qoşunu qalanın su anbarını deşdi və kafirlər acız qalıb Div sultan dərgahına üz tutdular. Mənuçöhrün vəkili olan Erezbar1830 da layiqli peşkəşlər və müvafiq töhfələrlə qaladan çıxdı. Div sultan Gürcüstanın hakimiyyətini Qurquraya verib geri döndü. Div sultan bu yürüş zamanı Çirkin Həsəni cəzalandırdı (yasaya çatdırdı).
1517-ci ildə Mənuçöhr Sultan Səlimin əmri ilə Mirzə bəy rəhbərliyində qoşun dəstəsi ilə Gürcüstan üzərinə hücuma keçdi. Kvarkvare bu dəfə də Şah İsmayıldan kömək istədi. Bu dəfə də Şah İsmayıl ona kömək etdi və Div Sultanın rəhbərliyi altında olan qoşun dəstəsini Gürcüstana istiqamətləndirdi. Mənbələrdə olan məlumata görə, Div Sultanın qoşun dəstəsi ilə Osmanlı dəstəsi Qaraca Ərdəhan adlanan məntəqədə qarşı-qarşıya gəldilər. Osmanlı qoşunu Div sultan tərəfindən məğlubiyyətə uğradıldı. Div sultan ona tapşrılmış vəzifəni yerinə yetirərək Naxçıvana qayıtdı. Burada şaha yürüşün nəticələri barədə məlumat verdi.