Əbu Əbdişəms əl-Vəlid ibn əl-Muğirə ibn Abdillah əl-Məxzumi (; ) — qəbilə lideri və tacir.

Həyatı

Mənşəyi və ailəsi Vəlid ibn Muğirə 530-cu illərdə Məkkədə anadan olmuşdur. Bənu Məxzuma mənsubdur. Anasının adı Səhradır. Atası Muğirə, Məkkənin varlı və nüfuzlu şəxslərindən, həm də, Məhəmmədin atası Abdullahın Əbdülmüttəlib tərəfindən qurban kəsilməsinə mane olan şəxslərdən biri olmuşdur.

Vəlid ibn Muğirənin çoxlu övladı olmuş, onlardan künyəsini daşıdığı Əbdüşəms və Əs hələ kiçik yaşlarında vəfat etmişlər.

Hişam Məkkənin fəthi zamanı, Vəlid ibn Vəlid Bədr döyüşündən sonra, Xalid isə hicri 8-ci (629) ildə İslamı qəbul etmişdir.

Vəlid ibn Muğirənin iki qızı – Fəxitə və Fatimə də Məkkənin fəthindən sonra müsəlman olmuşlar, Umarə və Əbu Qeys isə (Bədr döyüşündə öldürülmüşdür) bütpərəst olaraq ölmüşlər.

Nüfuzu Mənbələrə görə Vəlid ibn Muğirə ağlı, uzaqgörənliyi, gözəl nitqi, yüksək şeir zövqü, çoxsaylı övladları və var-dövləti ilə Qureyş qəbiləsində seçilən şəxslərdən biri idi. Onun Məkkə ilə Taif arasında suvarılan bağlarında il boyu meyvə və tərəvəz yetişdirilirdi. Ticarətlə də məşğul olan Vəlid ibn Muğirənin eyni zamanda dəmirçi olduğu da qeyd edilmişdir.

Vəlid ibn Muğirə, Bəni-Haşim ilə rəqabət aparmaq məqsədilə həcc mövsümündə Minada böyük tonqal yandırmış, hacılara yemək təklif etmişdir. Vəlid ibn Muğirənin özünə etiraz edilməsinə icazə vermədiyi, bədəvilərin onu mədh edərkən on iki min dinardan artıq sərvətə malik olduğunu söylədikləri qeyd edilmişdir.

Onun Qureyş qəbiləsində malik olduğu yüksək nüfuzu göstərən iki hadisəni xüsusilə qeyd etmək lazımdır.

Bunlardan birincisi, Qureyşin başçısı Əbdülmüttəlib vəfat etdikdən sonra onun yerinə keçmək istəyini göstərmək üçün Qureyşdən daha iki nəfərlə birlikdə Kəbənin həyətində oturmasıdır. Digər iki namizəd isə Əbu Talib və Abdullah ibn Cüdən idi.

İkinci hadisə isə Məhəmmədin Qara daşın yerinə qoyulması məsələsində iştirak etdiyi, Kəbənin sökülərək yenidən tikildiyi vaxt baş vermişdir. Həmin vaxt qureyşlilər Kəbəni sökməyə cəsarət etməmişlər. Bu zaman Vəlid ibn Muğirə məbədin divarına çıxaraq:

demiş və öz qəbiləsinə düşən hissədən bir qismini sökmüşdür. Qureyşlilər isə əvvəlcə onun başına bir bəla gəlib-gəlməyəcəyini gözləmişlər. Heç nə baş vermədiyini gördükdən sonra onlar da Kəbənin sökülməsinə başlamışlar.

Kəbənin yenidən tikilməsi üçün vəsait toplanarkən Vəlid ibn Muğirə Məkkə əhalisinə yalnız halal qazancdan ianə vermələrini, sələm və zülmlə əldə edilmiş pulları bu işə qatmamalarını tövsiyə etmişdir.

Digər tərəfdən, hər il dəyişdirilən Kəbə örtüyünü bir il özü, növbəti il isə digər Qureyş rəhbərləri dəyişdirdiyi üçün ona "İdlu Qureyş" (; ) ləqəbi verilmişdir. O, Kəbənin örtüyünü Yəməndən gətirdiyi parçalarla yeniləmişdir.

Mənbələrdə onun bir oğrunun əlini kəsməsi, həmçinin ilk dəfə qəsəmə (; ) üsuluna müraciət etməsi səbəbilə "Hükkəmül-Ərəb"dən (; ) hesab olunması qeyd olunmuşdur.

Bundan əlavə, Vəlid ibn Muğirə özü şərab içmədiyi kimi, ailə üzvlərinə də şərab içməyi qadağan etmiş, həmçinin Kəbəyə daxil olarkən ayaqqabılarını çıxaran ilk şəxs olmuşdur.

Qureyşlilər ona "əl-Vahid" (; ), "Qurrətu eyni-Qureyş" (; ) və "Seyyidi" (; ) kimi fəxri ləqəblər vermişlər.

İslama olan münasibəti Məhəmmədin təktanrılı təliminə şiddətlə qarşı çıxan Vəlid ibn Muğirə, heç vaxt İslamı qəbul etməmiş, Əbu Cəhlin də müsəlman olmasına mane olmuşdur. O, Quranı "sehr" adlandırmış, məkkəli bütpərəstlərin Məhəmmədə qarşı fəaliyyətində aparıcı rol oynamış və Əbu Cəhilə məsləhətçilik etmişdir.

Rəvayətlərə görə, Məhəmmədi gözdən salmaq üçün qureyşlilərə onu "ailələri bir-birindən ayıran sehrbaz" kimi tanıtmağı tövsiyə etmiş və bu münasibətlə Müddəssir surəsinin 11–26-cı ayələri nazil olmuşdur.

Müsəlman təfsirlərində həmçinin Hicr surəsinin 94–96-cı, Qələm surəsinin 10–16-cı ayələrinin, eləcə də bəzi rəvayətlərə görə Huməzə və Kafirun surələrinin də Vəlid ibn Muğirə ilə əlaqədar nazil olduğu bildirilir. İslam mənbələrdə onun və digər məkkəli bütpərəstlər haqqında ümumilikdə yüzdən çox ayənin nazil edildiyi qeyd olunur ki, bu da onun İslamın ilk dövründəki əsas müxaliflərdən biri olduğunu göstərir.

Ölümü İslam mənbələrdə bildirilir ki, başda Vəlid ibn Muğirə olmaqla Məhəmmədə və Qurana istehza edən beş nəfərin başına gələn hadisələr Kəbədə Məhəmmədin yanına gələn mələk Cəbrail tərəfindən hazırlanmışdır.

Rəvayətə görə, Cəbrail Kəbənin həyətində onların hər birinin ölümünə səbəb olacaq hadisəni müəyyən etmişdir. Vəlid ibn Muğirə Kəbəyə daxil olub Məhəmmədin və Cəbrailin önündən keçərkən Cəbrail illər əvvəl oxun üzərinə basması nəticəsində dabanında əmələ gəlmiş yaraya işarə etmişdir. Bu yara yenidən açılmış, irin yığıb şişmiş və partlamışdır. Nəticədə doxsan yaşını keçmiş Vəlid ibn Muğirə bu yaranın təsirindən vəfat etmiş və əl-Həcun qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Qureyş Kateqoriya:Səhabə əcdadları Kateqoriya:VI əsr ərəbləri