Otel-Dyö () — Paris şəhərində təxminən 650-ci ildə təsis edilmiş, 1867–1878-ci illərdə isə memarlar Emil Jak Jilber və Artur-Stanislas Dye rəhbərliyi altında yenidən inşa olunmuş xəstəxana kompleksi. O, Parisin IV dairəsində, Site adasında, Notr-Dam meydanının şimal kənarında yerləşir.
Ənənəyə görə, Otel-Dyö Paris yepiskopu Müqəddəs Landri tərəfindən təsis edilmişdir və paytaxtın ən qədim xəstəxanası hesab olunur. Xristian qonaqpərvərliyi və xeyriyyəçiliyinin simvollarından biri olan bu müəssisə, adından da göründüyü kimi, ilkin dövrdə həm də mehmanxana funksiyasını yerinə yetirmişdir. Fransadakı digər bütün Otel-Dyö müəssisələri kimi, burada da Yerusəlim, Müqəddəs Yaqubun ziyarətgahı və digər müqəddəs məkanlara ruhların xilası naminə ziyarətə gedən zəvvarlar qəbul edilir və yerləşdirilirdi.
Otel-Dyö xəstəxanası müəyyən tibb bacısı hazırlığına malik avqustin rahibələri tərəfindən idarə olunurdu. Lakin Fransanın digər xəstəxanalarında olduğu kimi, burada da uzun müddət peşəkar həkimlər fəaliyyət göstərmirdi. Həkimlər yalnız XVIII əsrdən etibarən xəstəxanalarda işləməyə başlamışlar. Bundan əvvəl onlar əsasən ödəniş edə bilən varlı xəstələri evlərində müalicə edir, yoxsul və imkansız insanlar isə xəstəxanalarda pulsuz qəbul olunurdular.
Yarandığı gündən etibarən tamamilə xəstəxana funksiyasını yerinə yetirən Otel-Dyö üçün XXI əsrdə yeni inkişaf layihəsi hazırlanmışdır. 2019-cu ilin may ayında binanın yenidən qurulması işi Novaxia şirkətinə həvalə edilmiş və layihəyə əsasən kompleksin ümumi sahəsinin təxminən üçdə biri səhiyyə sahəsində fəaliyyət göstərən mağazalara və startap inkubatorlarına ayrılmalıdır. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron burada Paris Notr-Dam kafedralına və onun bərpasına həsr olunmuş muzeyin yaradılması arzusunu ifadə etmişdir.
Bu əraziyə Site metro stansiyası vasitəsilə nəqliyyat əlaqəsi təmin olunur.
Tarixi
Təsis edilməsi
Paris xəstəxanalarının tarixi orta əsrlərdə, yoxsulluğun son dərəcə geniş yayıldığı bir dövrdə başlayır. Zəvvarlara, xəstələrə və miskinlərə (əlillər, tərk edilmiş uşaqlar, dilənçilər, qocalar, ruhi xəstələr və başqaları) yardım göstərilməsi bir çox şəhərli və zadəgan üçün günahlardan xilas olma və mənəvi qurtuluş vasitəsi hesab edilirdi. Bu dövrdə kilsə həm idarəetmə, həm də xəstəliklərin müalicəsi sahəsində tam üstün mövqeyə malik idi. Otel-Dyö isə dini sədaqəti, qonaqpərvərliyi və tibbi yardımı ayrılmaz şəkildə birləşdirən bir müəssisə kimi fəaliyyət göstərirdi.
Ənənəyə görə – əslində isə bu ənənə yalnız XVII əsrdə formalaşmışdır – xəstəxananın əsası təxminən 650-ci ildə Parisin 28-ci yepiskopu Müqəddəs Landri tərəfindən qoyulmuş hesab edilir. Bununla belə, xəstələrin müalicəsi üçün istifadə olunduğu sənədlərlə təsdiqlənən ilk binalar yalnız 829-cu ilə aiddir və onlar qədim Müqəddəs Stefan kilsəsinin qarşısında yerləşirdi.
1157-ci ildə verilmiş kral patent məktublarında bu müəssisə, Müqəddəs Xristofa həsr olunmuş ibadətgahın mövcudluğuna görə, "Otel-Dyö–Müqəddəs Kristof" () adı ilə qeyd edilir. Az sonra, 1165-ci ildə Paris yepiskopu Moris de Sülli xəstəxananın yenidən qurulmasına başlamışdır. 1195-ci ildə köhnə tikililər sökülmüş, onların yerində isə Müqəddəs Deni zalı () və ona bitişik ibadətgahın tikintisi başa çatdırılmışdır.
Əvvəlcə Otel-Dyö çox geniş əhali qrupunu qəbul edirdi. Buraya yalnız xəstələr və yaralılar deyil, həmçinin ehtiyac içində olan səyyahlar, zəvvarlar və yoxsullar da qəbul olunurdu. Uzun əsrlər boyunca Katolik Kilsəsi tərəfindən idarə edilən xəstəxananın əsas missiyası "xəstə və yoxsullara sığınacaq vermək, onlara mənəvi təsəlli göstərmək və müalicə etmək məqsədi daşıyan xristian xeyriyyəçiliyi" idi. XVIII əsr müəllifi Lui Rondonno de la Mot 1787-ci ildə nəşr olunmuş "Essai Historique sur l'Hôtel-Dieu" əsərində bunu belə ifadə edirdi: "Vətəndaş da, əcnəbi də, xristian da, türk də, yəhudi də, bütpərəst də burada eyni dərəcədə xoş qarşılanır."
Bu geniş xeyriyyəçilik prinsipi Köhnə Rejim dövrünün sonuna qədər Otel-Dyönün əsas fəaliyyət istiqaməti olaraq qalmışdır. Lakin 1789-cu ilə gəldikdə, ağıl və sübuta əsaslanan bilik axtarışını, tərəqqini, qardaşlığı və xalqın rifahına xidmət edən idarəçiliyi ön plana çıxaran Maarifçilik dövrü xəstəxanaların islahatı ilə bağlı baxışlara da güclü təsir göstərmişdi. Bunun nəticəsində xəstəxanaların layihələndirilməsi, idarə olunması və tibbi fəaliyyətində daha elmi yanaşma formalaşdı və bu yanaşma sonrakı yüz ildən artıq müddət ərzində Avropa xəstəxana sisteminin inkişafına mühüm təsir göstərdi. Bu proses çərçivəsində Katolik Kilsəsinin xəstəxana üzərindəki rolu tədricən zəiflədi, daha sonra isə tamamilə aradan qalxdı və Otel-Dyö dövlət tərəfindən idarə olunan ictimai səhiyyə müəssisəsinə çevrildi.
Orta əsrlər 220px|thumb|left|Müqəddəs Egidiya ustadı - "Müqəddəs yepiskopun həyatından səhnələr", təxminən 1500-cü il; rəsmin sağ tərəfində qədim Otel-Dyönün qotik üslublu binaları təsvir edilmişdir. Ənənəyə görə Otel-Dyönün əsası təxminən 650-ci ildə Parisin 28-ci yepiskopu Müqəddəs Landri tərəfindən qoyulmuş hesab edilir. Lakin yoxsullara, əlillərə və xəstələrə yardım göstərmək məqsədi daşıyan belə bir müəssisənin mövcudluğunu təsdiqləyən ilk rəsmi sənədlər yalnız 829-cu ilə aiddir. 1165-ci ildə Paris yepiskopu Moris de Sülli xəstəxananın yenidən qurulmasına başlamışdır. Köhnə binalar 1195-ci ildə sökülmüş, yeni tikililər isə 1255-ci ildə başa çatdırılmışdır. Həmin dövrdə Otel-Dyö kompleksinin binaları Site adasının cənub hissəsində, Notr-Dam kafedralının yaxınlığında yerləşirdi.
Fəaliyyətinin ilk bir neçə əsri ərzində Otel-Dyö dini ordenlər tərəfindən idarə olunan ümumi xeyriyyə müəssisəsi kimi fəaliyyət göstərirdi. Burada ehtiyacı olan insanlara yalnız tibbi yardım göstərilmir, həm də yemək və sığınacaq təmin edilirdi. Bu çoxşaxəli sosial missiya uzun əsrlər boyu xəstəxananın fəaliyyətinin əsas xüsusiyyəti olmuş və sonradan Fransanın digər şəhərlərində yaradılan oxşar müəssisələr, o cümlədən 1443-cü ildə təsis edilmiş Bon Otel-Dyö () üçün nümunə təşkil etmişdir. Lakin XVI əsrdən etibarən xəstəxanaya qəbul yalnız xəstələr, yaralılar və hamilə qadınlarla məhdudlaşdırılmışdır.
IX Lüdovik dövründən etibarən Otel-Dyö tez-tez layihə tutumundan xeyli artıq sayda xəstə qəbul etməyə başlamışdı. Bu isə əsrlər boyu xəstəxananın fəaliyyətinə mənfi təsir göstərən ciddi sıxlıq probleminin yaranmasına səbəb olmuşdur. XV–XVI əsrlərdə çarpayıların sayı 303-dən təxminən 500-ə qədər artırılsa da, xəstələrin sayı adətən 700 nəfər ətrafında olur, müharibələr, ərzaq qıtlığı və ya epidemiyalar zamanı isə 1 500 nəfəri də ötürdü. Hesablamalara görə, XVI əsrdə xəstəxanaya hər il təxminən 25 000 nəfər qəbul edilirdi.
Xüsusilə orta əsrlərin sonlarında, Parisdə yoxsul əhalinin sayının xəstəxananın imkanlarını üstələməsi səbəbindən Otel-Dyödə şərait çox vaxt son dərəcə ağır idi. Geniş xəstə zallarının hər birində 80–100 çarpayı yerləşirdi. Zalların əksəriyyətində ocaq və ya soba olsa da, onları kifayət qədər qızdırmaq demək olar ki, mümkün olmurdu. Bir dövrdə eni cəmi 1,3 metr olan çarpayıların hər biri iki və ya üç xəstə üçün nəzərdə tutulmuşdu; onlar baş və ayaq hissələri növbələşdirilməklə uzadılırdı. Sonralar bir və ya iki nəfərlik çarpayılar tətbiq edilsə də, xəstə çoxluğu səbəbindən onlar da çox vaxt nəzərdə tutulduğundan artıq sayda xəstə ilə paylaşılırdı.
Orta əsrlərin böyük hissəsində xəstəxanada ayrıca cərrahiyyə şöbəsi mövcud deyildi. Cərrahi əməliyyatlar xəstələrin öz çarpayılarında aparılır, eyni çarpayını paylaşan digər xəstələr və ətrafdakılar isə bu əməliyyatların şahidi olurdular. Yoluxucu xəstəliklər barədə hələ tam formalaşmamış olsa da, müəyyən anlayış mövcud idi və buna görə də yoluxucu xəstələrin təcrid olunmasını nəzərdə tutan qaydalar qəbul edilmişdi. Lakin həddindən artıq sıxlıq səbəbindən bu qaydaların praktikada tətbiqi çox vaxt mümkün olmurdu.
Xəstələrin qidalanması da daimi problemlərdən biri idi. Maddi vəsaitin çatışmazlığı səbəbindən onlara kifayət qədər ərzaq vermək mümkün olmurdu. Halbuki həmin dövrün insanları artıq düzgün və yetərli qidalanmanın sağalma prosesinə müsbət təsir göstərdiyini anlayırdılar.
Orta əsrlərin sonlarına doğru Otel-Dyöyə əsasən başqa tibbi yardım almaq imkanı olmayan insanlar müraciət edirdilər. Lakin həmin dövrdə Paris ətrafında yoxsul əhalinin sayı çox olduğundan xəstə çatışmazlığı heç vaxt yaşanmırdı. Xidmətlərə olan yüksək tələbat və məhdud maliyyə imkanları nəticəsində Otel-Dyö getdikcə ciddi maliyyə böhranı ilə üzləşdi. Bu vəziyyət xəstəxananın dünyəviləşdirilməsi istiqamətində ilk addımın atılmasına səbəb oldu. 1505-ci ildə dünyəvi idarəçilərdən ibarət xüsusi idarəetmə şurası yaradıldı. Bu şuraya Paris Parlamentinin, Hesablar Palatasının (Chambre des Comptes), Yardımlar Məhkəməsinin (Cour des Aides) və Tacirlər başçısının (Prévôt des Marchands) nümayəndələri daxil idi.
XVII əsr 240px|thumb|left|XVI əsrə aid qravürdə Otel-Dyö xəstəxanasının palatalarından birinin təsviri XVII əsrdə də yoxsulluq geniş yayılmış olaraq qalırdı və Otel-Dyö bir çox burjua və zadəgan üçün yoxsullara yardım göstərmək və xeyriyyəçiliklə məşğul olmaq imkanı yaradırdı. Bununla belə, xəstəxanadakı şərait son dərəcə ağır olaraq qalır, həddindən artıq sıxlıq isə əsas problemlərdən biri kimi davam edirdi. Gündəlik xəstə sayı adətən 2000 – 4000 nəfər arasında dəyişirdi. Bundan əlavə, yüzlərlə xəstəxana əməkdaşı da həmin kompleksdə yaşayırdı.
Otel-Dyö dövrünün ən böyük xəstəxanalarından biri olsa da, yoxsulluq, müharibələr və epidemiyalar onun xidmətlərinə tələbatı daim artırırdı. Fronda vətəndaş müharibələri zamanı xəstə sayı o qədər çox idi ki, çarpayıların baldaxinləri yalnız vəziyyəti daha ağır olan xəstələr üçün istifadə edilir, bir çarpayıya isə bəzən 14 nəfərə qədər xəstə yerləşdirilirdi.
Taun epidemiyalarının çoxsaylı dalğaları minlərlə xəstənin və xəstəxana əməkdaşının ölümünə səbəb olmuşdur. Onların arasında Otel-Dyödə xəstələrə qulluq edən Müqəddəs Avqustin bacıları ordeninin 17 rahibəsi də vardı.
Əsrin sonlarında isə həmin dövrdə yoluxucu xəstəlik hesab edilən və "xəstəxana mənşəli sinqa" adlandırılan sinqa xəstəliyi yayılmışdı. Bu xəstəlik ona yoluxanların 97 faizinə qədərinin ölümünə səbəb olurdu. Təkcə 1670-ci ildə Otel-Dyödə 250 nəfər sinqa xəstəliyinə tutulmuşdu.
Otel-Dyödəki ciddi sıxlıq problemi hələ həmin dövrdə də yaxşı məlum idi və onun aradan qaldırılması üçün müxtəlif tədbirlər görülürdü. 1602-ci ildə IV Henrinin ikinci həyat yoldaşı Mariya Mediçi, Müqəddəs Jan de Dyö Konqreqasiyasınin beş üzvünü Parisə dəvət edərək Şarite xəstəxanasının əsasını qoydurdu. Az sonra, 1605–1606-cı illərdə baş vermiş taun epidemiyası zamanı Otel-Dyödəki yükü azaltmaq məqsədilə IV Henri Sen-Lui xəstəxanasını təsis etdi.
Otel-Dyö müəyyən vergi güzəştlərindən də istifadə edirdi. 1626-cı il 5 avqust tarixində xəstəxanaya Sena çayının cənub qolunda, Kiçik körpünün yuxarı hissəsində öz hesabına daş körpü tikmək icazəsi verildi. Körpünün üzərində xəstəxana palataları inşa edildi. 1634-cü il 24 aprel tarixli Dövlət Şurasının qərarı ilə körpüdən piyada keçən hər bir şəxsdən iki denyelik rüsum alınması müəyyən edildi və həmin vəsait xəstəxananın xeyrinə yönəldildi. Məhz bu rüsum səbəbindən körpü Dubl körpüsü adını aldı və bu ödəniş sistemi 1789-cu ilə qədər qüvvədə qaldı. Körpünün üzərində yerləşən xəstəxana palataları isə Sena çayının çirklənməsinin əsas mənbələrindən biri hesab olunurdu.
Bu dövrdə xəstəxanalar "Ümumi xəstəxana" () və ya "Qapalı xəstəxana" () adlandırılmağa başladı və Otel-Dyö də həmin sistemin tərkib hissəsi idi. Fransada ifrat yoxsulluqla mübarizə üzrə mərkəzləşdirilmiş yanaşma belə bir prinsipə əsaslanırdı ki, ailəsi və ya gəliri olmayan şəxslərin tibbi yardım almaq hüququ vardır. Eyni zamanda, həddindən artıq sıxlıq və antisanitar vəziyyəti azaltmaq məqsədilə xəstəxanalara qəbul prosesi daha ciddi qaydalarla tənzimlənmişdi. 1690-cı ildə Paris polisinin baş rəisi Otel-Dyönün İdarə Bürosunun üzvü təyin edildi.
XVIII əsr