Əbu Abdullah Məhəmməd ibn Kərram ibn Ərraq ibn Huzabə ibn əl-Bərr əs-Siczi (; ) — kərramiliyin banisi.

Həyatı Məhəmməd ibn Kərramın hicri 190-cı (806) ildə Sicistanın Zərənc şəhərinin yaxınlığındakı bir kənddə anadan olduğu güman edilir. Ərəb əsilli olduğu bildirilən atası Kərram (Kəram, Kiram) Bəni-Nizar qəbiləsinə, bəzi mənbələrə görə isə Bəni-Turab qəbiləsinə mənsub idi. İlk təhsilini doğma kəndində alan Məhəmməd elm öyrənmək məqsədilə Xorasana getdi. Nişapurda uzun müddət yanında qaldığı murciə alimi və zahidi Əhməd ibn Hərbdən faydalandı və zöhdə dair baxışlarında onun təsiri altında qaldı. Bundan əlavə, başqa alimlərin də dərslərində iştirak etdi. Əli ibn İshaq əl-Hənzəli əs-Səmərqəndidən Məhəmməd ibn Səib əl-Kəlbinin Məhəmməd ibn Mərvan rəvayət yolu ilə nəql olunan təfsirini oxudu. Sonralar Bəlxdə murciə İbrahim ibn Yusif əl-Makiyani, Mərvdə Əli ibn Həcər, Heratda isə murciə Abdullah ibn Malik ibn Süleymandan dərs aldı. Murciə firqəsinin xeyrinə hədis uydurduğu deyilən Əhməd ibn Abdullah əl-Cüveybari və murciə Məhəmməd ibn Təmim əl-Fəryabidən çoxlu hədis rəvayət etdi.

Mənbələrdə adətən murciə mənsubu və ya onun qollarından olan kərramiyyə firqəsinin banisi kimi təqdim edilən, bəzi əsərlərdə isə murciə kəlamçısı və ya murciə zahidi kimi tanıdılan Məhəmməd ibn Kərram təhsilini başa vurduqdan sonra gənclik illərini Sicistanda keçirdi. Əməli məsələlərdə digər murciələr kimi Əbu Hənifənin fiqhi görüşlərinə sadiq qaldı. "Ümmətimdən Əbu Hənifə adlı bir şəxs çıxacaq və Allah onun vasitəsilə mənim sünnəmi yenidən dirildəcək" məzmunlu hədisi Əhməd ibn Abdullah əl-Cüveybaridən rəvayət etmişdir. Bu dövrdə İbrahim ibn Məhəmməd ibn Süfyan, İbrahim ibn Həccac, Məhəmməd ibn İsmayıl ibn İshaq, Əhməd ibn Məhəmməd ibn Yəhya əd-Dəhhan və daha bir çox şəxs onun dərslərində iştirak etmiş və ondan rəvayət etmişlər. Onun ibadətə yönəlməsi ətrafına geniş bir kütlənin toplanmasına səbəb oldu. Xüsusilə zöhd, təcsim və təşbihə dair fikirlərini Məhəmməd ibn İsmayıl ibn İshaqın rəvayət etdiyi bildirilir.

Mənbələrdə qeyd olunur ki, Sicistan valisi Məhəmməd ibn Kərramın dində bidətlər ortaya qoyduğunu əsas gətirərək onu öldürmək istəmiş, lakin tərəfdarlarının çoxluğuna görə bunun əvəzinə sürgünlə kifayətlənmişdir. Bununla belə, valinin ona isnad etdiyi bidətlərin nədən ibarət olduğu məlum deyildir. İbn Kərram Sicistandan qovulduqdan sonra öz fikirlərini Gur, Qəznə və Xorasanın kənd yerlərində kəndlilər arasında yaymağa davam etdi. O, eyni zamanda bu bölgələrdə əshabül-hədis və şiələrin fikirlərinə qarşı mübarizə aparırdı. Qəznədə olduğu müddətdə zahid görünüşü ilə çoxlu insanı özünə cəlb etdi. Sonradan bir qrup tərəfdarı ilə birlikdə Nişapura gəldikdə, xüsusilə savadsız və məzlum kəndlilər onun fikirlərini asanlıqla qəbul etdilər.

Həyatının bu hərəkətli dövründə Məkkəyə gedərək beş il orada mücavir kimi qaldıqdan sonra Nişapura qayıdan Məhəmməd ibn Kərramın Məkkədə kimlərlə görüşdüyü barədə kifayət qədər məlumat yoxdur. Daha sonra yenidən Sicistana qayıtdı, zöhd və təqva naminə bütün mallarını sataraq Nişapura köçdü. Burada tikişsiz dəri paltar geyindiyi, başına ağ papaq qoyduğu, südçülüklə məşğul olduğu və dükanında insanlara moizə və nəsihət etdiyi bildirilir. Bu yolla xalqın kasıb təbəqəsindən olan çoxlu insanı ətrafına toplayan İbn Kərram, qəlbin təsdiqi və mərifəti olmasa belə, yalnız kəlmeyi-şəhadəti dillə söyləməyin (iqrarın) imanın etibarlı olması üçün kifayət etdiyini irəli sürdü. Bundan başqa, Allah haqqında cisim təsəvvürü yaradan (təcsim xarakterli) bəzi fikirlər səsləndirdi. Bununla yanaşı, zöhd və ibadət məsələlərində son dərəcə həssas davranırdı.

Lakin onun fikirləri və həyat tərzi xalq arasında ciddi mübahisələrə səbəb oldu. Bəziləri onu alim və təqvalı bir şəxs hesab etsə də, başqaları düşüncələrini sərt şəkildə tənqid etdilər. Xüsusilə imanın yalnız iqrardan ibarət olması barədə görüşü Məhəmməd ibn Əsləmin ciddi etirazı ilə qarşılandı. Abbas ibn Həmzə və İbn Xuzeymə isə İbn Kərramın ardıcıllarının küfrə düşdükləri və tövbə etmədikləri təqdirdə öldürülmələrinin vacib olduğu barədə fətva verdilər.

Digər tərəfdən, İbn Kərramın Buxariyə məktub göndərərək imanın artıb-azalmaması haqqında hədislə bağlı fikrini soruşması, Buxarinin isə cavabında belə bir hədisi rəvayət edənlərin şiddətlə döyülməsi və uzun müddət həbs edilməsinin lazım gəldiyini yazaraq məktubu geri qaytarması onun cəmiyyət arasındakı nüfuzunun zəifləməsinə səbəb oldu. Tahirilərin Xorasan valisi Tahir ibn Abdullahın hüzurunda bir qrup alim tərəfindən sorğu-suala çəkilən İbn Kərram fikirlərinin ilahi ilhamın məhsulu olduğunu iddia etdikdə, hicri 243-cü (857) ildə vali tərəfindən Nişapurda həbs edildi. Bir müddət sonra azad olundu və Şam ordusunun sərhəd qərargahına getdi, oradan isə yenidən Nişapura qayıtdı. Bu dəfə Məhəmməd ibn Tahir onu səkkiz il həbs cəzasına məhkum etdi.

Məhəmməd ibn Kərramın həbs edilməsində onun iman haqqında görüşünün, dolayısı ilə murciəyə yaxınlığının mühüm rol oynadığı ehtimal edilir. Hicri 251-ci (865) ildə azadlığa çıxdıqdan sonra Qüdsə gedərək burada moizələr verməyə başladı. İmanın yalnız iqrardan ibarət olduğu fikrində israr etdiyinə görə kitabları yandırıldı, Qüds valisi tərəfindən Rəmləyə sürgün edildi və orada vəfat etdi. Cənazəsinin sonradan Qüdsə gətirilərək Ərihada Zəkəriyyanın məzarının yanında dəfn edildiyi rəvayət olunur.

Əsərləri Onun qələmə aldığı əsərlərdən bəziləri bunlardır:

Kitabüt-Tövhid. Kitabu Əzabil-kəbr. Kitabüs-Sirr. Məqalət.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:IX əsr ərəbləri