Avropa Gənclər Fondu (, qıs. EYF; , qıs. FEJ) — Avropa Şurasının gənclər təşkilatlarına maliyyə və inkişaf dəstəyi göstərən fondudur. Fond 1972-ci ildə Avropa Şurasının Nazirlər Komitəsinin (72)17 saylı qətnaməsi əsasında yaradılıb və Strasburqda fəaliyyət göstərir.

Fond əsasən 15–30 yaşlı gənclərlə işləyən qeyri-hökumət gənclər təşkilatlarının təşəbbüslərini maliyyələşdirir. Onun missiyası insan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipləri əsasında Avropada və onun hüdudlarından kənarda gənclər arasında sülhü, qarşılıqlı anlaşmanı və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Avropa Gənclər Fondu Avropa Şurasının gənclər sektorunda tətbiq olunan birgə idarəçilik sisteminin tərkib hissəsidir. Qrant müraciətləri üzrə qərarlar hökumət nümayəndələri ilə qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələrinin bərabər təmsil olunduğu Gənclər üzrə Proqram Komitəsi tərəfindən qəbul edilir.

Tarixi Avropa səviyyəsində gənclərin fəaliyyətini maliyyələşdirəcək ayrıca fondun yaradılması ideyası 1960-cı illərdə formalaşmağa başlayıb. Avropa İttifaqının Tarixi Arxivlərində saxlanılan sənədlərə görə, belə bir fondun yaradılması təklifi 1963-cü ilin dekabrında Avropa Milli Gənclər Komitələri Şurasının gənclər siyasətinə həsr olunmuş seminarında irəli sürülüb.

22 sentyabr 1970-ci ildə Avropa Şurası Parlament Assambleyası 464 saylı qətnaməni qəbul edərək Avropa Gənclər Fondunun yaradılmasını dəstəkləyib və üzv dövlətlərin hökumətlərini bu istiqamətdə tədbir görməyə çağırıb.

Fond 1972-ci ildə Avropa Şurasının Nazirlər Komitəsinin (72)17 saylı qətnaməsi əsasında yaradılıb. Həmin il Strasburqda Avropa Gənclər Mərkəzi də fəaliyyətə başlayıb. Sonrakı dövrdə Avropa Gənclər Fondu və Avropa Gənclər Mərkəzləri Avropa Şurasının gənclər sahəsində fəaliyyətinin əsas vasitələrindən birinə çevrilib.

Fondun fəaliyyəti zaman keçdikcə genişlənib. Gənclər təşkilatlarının beynəlxalq fəaliyyətlərinin maliyyələşdirilməsi ilə yanaşı, insan hüquqları üzrə təhsil, gənclərin demokratik iştirakı, qeyri-formal təhsil, gənclərlə iş və yerli təşəbbüslər də onun fəaliyyət istiqamətlərinə daxil olub.

2024–2025-ci illər islahatı Fondun qrant sisteminin yenilənməsi üzrə islahat prosesi 2022-ci ildə başlayıb. İslahat çərçivəsində üzv dövlətlər, gənclər təşkilatları, Avropa Şurasının gənclər sektorunun idarəetmə strukturları və digər maraqlı tərəflərlə məsləhətləşmələr aparılıb.

Yeni fəaliyyət qaydaları 24 sentyabr 2025-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilib və 24 dekabr 2025-ci ildə qüvvəyə minib.

Yeni qaydalar 2026-cı ildən verilən qrantlara tətbiq olunur.

Məqsədləri və prioritetləri Fondun fəaliyyəti Avropa Şurasının insan hüquqları, demokratiya və hüququn aliliyi prinsipləri ilə bağlıdır. Fond gənclərin özləri tərəfindən və gənclərlə birlikdə hazırlanan təşəbbüsləri dəstəkləyir.

2024–2027-ci illər üçün Avropa Şurasının gənclər sektorunda Fondun maliyyələşdirmə prioritetləri dörd əsas istiqaməti əhatə edir:

Plüralist demokratiyanın canlandırılması; Gənclərin hüquqlara çıxışı; Dinc və inklüziv cəmiyyətlərdə birgəyaşayış; Gənclərlə işin inkişafı.

Bu prioritetlər çərçivəsində gənclərin siyasi və ictimai proseslərdə iştirakı, insan hüquqları üzrə təhsil, media savadlılığı, ayrı-seçkilik və sosial təcridlə mübarizə, sülh quruculuğu, kənd yerlərində yaşayan gənclərin iştirakı, psixi sağlamlıq və gənclərlə işin keyfiyyətinin inkişaf etdirilməsi kimi mövzular dəstəklənir.

Fondun qrantları gənclərin müstəqilliyinin, qeyri-formal təhsil imkanlarının, həmrəyliyin və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəlir.

Qrantlar Avropa Gənclər Fondu qeyri-hökumət gənclər təşkilatlarına iki əsas növ qrant təqdim edir:

Layihə qrantları; Struktur qrantları.

Layihə qrantları Layihə qrantları gənclər təşkilatlarının konkret təşəbbüslərinin həyata keçirilməsi üçün verilir. Bu qrantlar birdəfəlik beynəlxalq gənclər əməkdaşlığı fəaliyyətlərini, uzunmüddətli gənclər əməkdaşlığı layihələrini və gənclərin həyatına təsir edən yeni ehtiyaclara və ictimai proseslərə cavab verən xüsusi təşəbbüsləri əhatə edə bilər.

Birdəfəlik beynəlxalq əməkdaşlıq fəaliyyətlərinə gənclər düşərgələri, seminarlar, konfranslar, təlim kursları və təhsil səfərləri daxil ola bilər. Uzunmüddətli layihələr isə beynəlxalq görüşlərlə yanaşı kampaniyaları, maarifləndirmə və maraqların müdafiəsinə yönəlmiş fəaliyyətləri, təhsil resurslarının hazırlanmasını, tədqiqatları, yerli fəaliyyətləri və regional təşəbbüsləri əhatə edə bilər.

Struktur qrantları Struktur qrantları Avropa Gənclər Fondu və ya Avropa Şurasının Avropa Gənclər Mərkəzləri ilə daha əvvəl əməkdaşlıq etmiş beynəlxalq gənclər təşkilatlarının və şəbəkələrinin fəaliyyət xərclərinin bir hissəsinin qarşılanmasına yönəlib.

Bu qrantlardan ofis və işçi heyəti xərclərinin, təşkilatın nizamnamə orqanlarının iclaslarının, avadanlığın və digər inzibati fəaliyyətlərin maliyyələşdirilməsi üçün istifadə oluna bilər. Struktur qrantları bir və ya iki il müddətinə verilə bilər.

2026-cı il qrantları 2026-cı ildə Fond 43 gənclər təşkilatına ümumilikdə 950 250 avro məbləğində struktur qrantı ayırıb. Bu təşkilatlar Avropa Şurasının 46 üzv dövlətində fəaliyyət göstərən mindən çox üzv təşkilatı təmsil edir. Qrantlar 2026-cı il üçün verilib və 2027-ci il üçün yenilənə bilər.

Həmin il birdəfəlik və uzunmüddətli beynəlxalq gənclər əməkdaşlığı çərçivəsində 48 layihəyə ümumilikdə 1 801 224,34 avro maliyyə ayrılıb.

Maliyyələşdirilən layihələrin mövzuları arasında iqlim ədaləti, demokratiya, psixi sağlamlıq, kənd gənclərinin inklüzivliyi, ətraf mühitin mühafizəsi, liderlik bacarıqlarının inkişafı və azlıqların hüquqları yer alıb.

İdarəetmə Fondun qrant müraciətləri üzrə qərarları Gənclər üzrə Proqram Komitəsi (ing. Programming Committee on Youth, CPJ) qəbul edir.

Komitə səkkiz hökumət nümayəndəsi və səkkiz qeyri-hökumət gənclər təşkilatı nümayəndəsindən ibarətdir. Onun üzvləri ikiillik müddətə seçilir. Komitə Avropa Gənclər Fondunun, eləcə də Strasburq və Budapeştdə yerləşən Avropa Gənclər Mərkəzlərinin proqramını müəyyənləşdirir və onun icrasına nəzarət edir. Komitə həmçinin Fonda təqdim olunan qrant müraciətləri üzrə qərarlar qəbul edir.

Bu idarəetmə modeli Avropa Şurasının gənclər sektorunda tətbiq etdiyi birgə idarəçilik (ing. co-management) sisteminin tərkib hissəsidir. Sistem hökumət nümayəndələri ilə gənclər təşkilatlarının nümayəndələrinin qərarların qəbulunda birlikdə iştirakına əsaslanır.

Avropa Gənclər Fondunun qərargahı Strasburqda yerləşir. Fond ingilis və fransız dillərində fəaliyyət göstərir. 2026-cı ildə təşkilatın Strasburqda səkkiz əməkdaşı var və illik büdcəsi təxminən 5 milyon avro təşkil edir.

Həmçinin bax Avropa Şurası Avropa Gənclər Mərkəzləri

İstinadlar

Xarici keçidlər Avropa Gənclər Fondunun rəsmi səhifəsi Qrant müsabiqələri

Kateqoriya:Avropa Şurası Kateqoriya:Gənclər təşkilatları Kateqoriya:1972-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Strasburq təşkilatları