Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) — Azərbaycanda idmanda dopinq vasitələri və üsullarından istifadəyə qarşı mübarizəni həyata keçirən müstəqil publik hüquqi şəxsdir. Agentlik 23 dekabr 2016-cı ildə "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılmışdır.

Agentlik ölkədə milli antidopinq siyasətinin həyata keçirilməsinə cavabdeh olan yeganə qurumdur. Onun əsas fəaliyyət istiqamətlərinə dopinq nəzarətinin təşkili, idmançılar arasında maarifləndirmə işinin aparılması, antidopinq qayda pozuntularının araşdırılması, terapevtik istifadə üçün icazələrin verilməsi və nəticələrin idarə olunması daxildir. AMADA öz fəaliyyətini Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq antidopinq standartlarına uyğun şəkildə həyata keçirir.

Agentlik Ümumdünya Antidopinq Agentliyi (WADA), UNESCO və Avropa Şurasının antidopinq mexanizmləri ilə əməkdaşlıq edir. O, həmçinin beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirir, idmanda şəffaflığın və ədalətli rəqabət prinsiplərinin qorunmasına yönəlmiş proqramlar hazırlayır.

AMADA Müşahidə Şurası və icraedici orqan vasitəsilə idarə olunur. Agentliyin baş direktoru Tahminə Tağı-zadədir.

Dopinqə nəzarət fəaliyyəti Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri idmançılar üzərində dopinq nəzarətinin həyata keçirilməsidir. AMADA-nın milli test proqramı risklərin qiymətləndirilməsi və təhqiqat məlumatları əsasında hazırlanır. Testlər həm yarış müddətində, həm də yarışdan kənar dövrdə keçirilə bilər. Agentlik dopinq nəzarəti çərçivəsində idmançılardan sidik və qan nümunələri toplayır və nümunələrin Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun laboratoriya prosesindən keçirilməsini təmin edir.

AMADA-nın milli test proqramında idman növləri, idmançı kateqoriyaları, test növləri və nümunələrin analiz istiqamətləri üzrə prioritetlər müəyyənləşdirilir. Agentlik risk qiymətləndirilməsi əsasında Test Bölüşdürmə Planı hazırlayaraq mövcud resursların daha səmərəli istifadəsinə və potensial dopinq risklərinin müəyyənləşdirilməsinə çalışır.

2023-cü ildə AMADA tərəfindən idmançılardan 1100 antidopinq testi götürülmüşdür. Test proqramı 26 idman növünü və 51 idman növü üzrə yarımnövü əhatə etmiş, 35 milli yarışda testetmə həyata keçirilmişdir. Həmin il Agentliyin Təhqiqat şöbəsi 54 məsələ üzrə araşdırma aparmış, bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i isə məkan məlumatları ilə bağlı pozuntular olmuşdur. 2023-cü ildə yeddi antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edilmişdir.

Maarifləndirmə fəaliyyəti də Agentliyin əsas iş istiqamətlərindən biridir. 2023-cü il ərzində AMADA 3000 nəfəri əhatə edən 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və digər 5 tədbir təşkil etmişdir. Bu fəaliyyətlərdə idmançıların və onların köməkçi heyətinin antidopinq qaydaları, qadağan edilmiş maddələr və təmiz idman prinsipləri barədə məlumatlandırılmasına diqqət yetirilmişdir.

Agentlik dopinq nəzarəti sahəsində mütəxəssislərin hazırlanmasına da diqqət yetirir. 2024-cü ildə yeni dopinq nəzarəti inspektorları üçün dördgünlük təlim təşkil edilmiş, nəzəri və praktiki məşğələlər zamanı nümunələrin toplanması, sənədləşdirmə, etik normalar, məxfiliyin qorunması və beynəlxalq antidopinq standartları üzrə biliklər təkmilləşdirilmişdir.

İstinadlar