Yuri Pavloviç Syomin (; Orenburq, Rusiya SFSR, Sovet İttifaqı) — sovet və rus futbol məşqçisi və keçmiş futbolçudur. O, daha çox Lokomotiv Moskva klubundakı fəaliyyəti ilə tanınır. Syominin klubla əlaqəsi 1986–2020-ci illər arasında, fasilələrlə, beş onilliyi əhatə etmişdir.
Məşqçilik karyerası Syomin məşqçilik karyerasına 1983-cü ildə Pamir Düşənbə klubunda başlamışdır. Həmin dövrdə komanda Sovet Birinci Liqasında çıxış edirdi və Syomin klubun aşağı liqaya düşməsinin qarşısını almaq məqsədilə baş məşqçi təyin edilmişdi. O, bu vəzifənin öhdəsindən gəlmiş və bu uğuruna görə Tacikistan SSR-in fəxri məşqçisi adına layiq görülmüşdür.
1986-cı ildə Syomin Lokomotiv Moskva klubunun baş məşqçisi oldu. O, klubda ümumilikdə 19 il çalışdı. Syominin rəhbərliyi altında "Lokomotiv" orta səviyyəli komanda statusundan çıxaraq Sovet və daha sonra Rusiya futbolunun aparıcı klublarından birinə çevrildi. Klub Rusiya Premyer Liqasının çempionu 2002 və 2004-cü illərdə olmuşdur. Bundan əlavə, Syominin rəhbərliyi dövründə "Lokomotiv" Rusiya Kubokunu bir neçə dəfə qazanmış, Rusiya Superkubokunda uğur əldə etmiş və UEFA Kuboklar Kubokunun yarımfinalına qədər yüksəlmişdir.
2005-ci ildə Syomin Rusiya milli komandasında çalışmaq üçün "Lokomotiv"dən ayrıldı. Onun əsas məqsədi milli komandanı 2006 FİFA Dünya Çempionatına çıxarmaq idi. Rusiya final mərhələsinə vəsiqə qazana bilmədikdən sonra Syomin vəzifəsindən ayrıldı.
2005-ci ilin noyabrında o, Dinamo Moskva klubunun baş məşqçisi təyin edildi. Lakin 2006-cı ildə klubdan ayrıldı. 2007-ci ildə Syomin "Lokomotiv Moskva"ya klub prezidenti kimi qayıtdı. Lakin komandanın çempionatdakı aşağı nəticələri səbəbindən onun müqaviləsi 2008-ci ildə ləğv edildi.
2007-ci ilin sonlarında Syomin Ukraynanın Dinamo Kiyev klubunun baş məşqçisi oldu. Onun rəhbərliyi altında "Dinamo Kiyev" 2008–09 mövsümündə Ukrayna çempionu oldu. Klub həmin mövsümdə UEFA Kubokunda da yarımfinal mərhələsinə yüksəldi.
26 may 2009-cu ildə Syomin "Dinamo Kiyev"dən ayrılaraq yenidən Lokomotiv Moskva klubuna qayıtdı. O, komandanın baş məşqçisi vəzifəsində Rəşid Rəhimovu əvəzlədi. Müqaviləyə əsasən 2011-ci ilin dekabrına qədər klubda qalmalı idi. Lakin 29 noyabr 2010-cu ildə "Lokomotiv"in baş məşqçisi vəzifəsindən azad edildi. 24 dekabr 2010-cu ildə isə "Dinamo Kiyev"lə 2012-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzaladı.Глава ФК "Локомотив" подтвердила уход Семина с поста главного тренера
29 may 2013-cü ildə Syomin Azərbaycan Premyer Liqası klubu Qəbələnin baş məşqçisi təyin edildi. Onun rəhbərliyi altında "Qəbələ" 2013–14 mövsümünü çempionatda üçüncü pillədə başa vurdu və Azərbaycan Kubokunda finala yüksəldi. Syomin 23 may 2014-cü ildə klubdan ayrıldı.
18 iyun 2015-ci ildə Syomin Anji Mahaçqala klubunun baş məşqçisi təyin edildi. O, klubla birillik müqavilə imzaladı və müqavilədə daha bir il uzatma imkanı nəzərdə tutulurdu. 2015–16 mövsümününün ilk 10 turunda cəmi 6 xal toplayan və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Anji"də Syomin 29 sentyabr 2015-ci ildə vəzifəsindən ayrıldı.
26 avqust 2016-cı ildə Lokomotiv Moskva Syominin yenidən klubun baş məşqçisi təyin edildiyini açıqladı. Onun rəhbərliyi altında "Lokomotiv" 2017–18 mövsümündə Rusiya çempionu oldu. Klub Syominin bu dövründə 2016–17 və 2018–19 mövsümlərində Rusiya Kubokunu da qazandı. Beləliklə, Syomin "Lokomotiv"də keçirdiyi üç tam mövsümün hər birində ən azı bir titul qazanmış oldu.
14 may 2020-ci ildə "Lokomotiv" klubunun direktorlar şurası Syominin müqaviləsinin 31 mayda başa çatacağını və yeni müqavilənin imzalanmayacağını açıqladı. Həmin vaxt Rusiya Premyer Liqası Rusiyada COVID-19 pandemiyası səbəbilə dayandırılmışdı və "Lokomotiv" turnir cədvəlində ikinci pillədə idi.
4 avqust 2021-ci ildə Syomin Rostov klubunun baş məşqçisi təyin edildi və ikiillik müqavilə imzaladı. Onun rəhbərliyi altında "Rostov" ilk altı çempionat oyununda yalnız bir qələbə qazandı. Komandanın Rusiya Kubokunda üçüncü divizion klubu Çayka Peşanokopskoye qarşısında mübarizəni dayandırmasından sonra Syomin 25 sentyabr 2021-ci ildə istefa verdi.
Oyunçu kimi qazandığı uğurlar Dinamo Moskva Sovet Kuboku: 1970
İstinadlar
Xarici keçidlər Yuri Semin's Russian hills — Rossiyskaya Gazeta, 15 aprel 2005
Kateqoriya:Orenburqda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:RSFSR əməkdar məşqçiləri Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri