İnayət Hidayət oğlu Xəlilov () — Azərbaycan hərbçisi, general-leytenant (2004), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi (2003–2006), Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri (1986–1989).

Həyatı İnayət Hidayət oğlu Xəlilov 1939-cu ildə anadan olmuşdur. Arçut kənd orta məktəbini bitirmişdir.

Sovet dövründə sərhəd qoşunlarında xidmət etmiş, daha sonra dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərmişdir. Lənkəranda xidmət etdikdən sonra Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuşdur. 1986-cı ildən 1989-cu ilədək polkovnik hərbi rütbəsində həmin vəzifədə çalışmışdır.

İnayət Xəlilov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sərhəd qoşunlarında xidmətini davam etdirmişdir. Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları komandanının birinci müavini — Sərhəd Qoşunları Qərargahının rəisi vəzifəsinə yüksəlmişdir. 2002-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradıldıqdan sonra Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsini müvəqqəti icra etmişdir.

İnayət Xəlilov 1 iyul 2003-cü ildə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. 2006-cı ilədək bu vəzifədə xidmət etmişdir.

İnayət Xəlilova Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 15 avqust 2001-ci ildə general-mayor, 30 iyul 2004-cü ildə isə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 avqust 2006 "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" yubiley medalı — 2014 "Müstəqil Dövlətlər Birliyinin fəxri sərhədçisi" döş nişanı — 19 oktyabr 2017 "Şücaətə görə" medalı — 25 may 2022

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri