Mustafaqulu ağa Bakıxanov () — Bakı xan nəslinin nümayəndəsi, hərbçi və Quba milisinin yüzbaşı komandiri.
Həyatı
Mustafaqulu ağa Bakıxanov 1822-ci ildə Qubada, II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur. Anası xınalıqlı Rza Əfəndinin qızı Xeyirnisə (Xeyrannisə) xanım olmuşdur. Qubada yaşamışdır.
Fəaliyyəti XIX əsrin 30-cu illərində Rusiya imperiyasının xidmətində yaradılmış "fəxri konvoy komandası"nda vəkil kimi xidmətə başlamışdır. Daha sonra atabir qardaşı Cəfərqulu ağa Bakıxanov ilə birlikdə Polşada hərbi xidmət keçmişdir., Döyüşlərdə göstərdiyi fərqlənməyə görə 1839-cu ilin oktyabrında praporşik rütbəsinə yüksəldilmişdir. 1842-ci ildə Bakıxanov Quba milisinin yüzbaşı komandiri təyin edilmişdir.
Mustafaqulu Bakıxanovun dəqiq vəfat tarixi məlum deyil. Qubada vəfat etmiş və Quba şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Ailəsi
1848-ci ildə Mustafaqulu ağa Şeyx Cüneyd türbəsinin mühafizəçisi Xanbutay bəy Həzrəlinin 1819-cu il təvəllüdlü qızı Balaxanım ilə evlənmişdir. Bu evlilikdən onların Xədicə Bikə (d. 1859) və Bikə xanım adlı qızları dünyaya gəlib. Onun qızı Bikə xanım Lənkəran xanı Mirmustafa xanın nəvəsi Mir Cavad xan Hacı Mirabbas oğlu Talışxanov ilə ailə qurmuşdur. Bu nikahdan Mirmustafa xan Talışxanov (1885, Quba – 1917, Quba) dünyaya gəlmişdir.
Mükafatları
Müqəddəs Stanislav ordeni, 3-cü dərəcə (1843) — 1842-ci ilin iyununda dağlılara qarşı döyüşlərdə göstərdiyi "müstəsna igidlik və şücaətə görə" təltif edilmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Bakıxanovlar