Məhəmməd Həmidullah (; ) — XX əsrdə yaşamış islam alimi, professor.
Həyatı 19 fevral 1908-ci ildə Heydərabad şəhərində dünyaya gəldi. Ailəsi təfsirçisi və sufi olan Məxdum Məhaiminin nəslindən idi. Atası Heydərabad nizamlığının baş müftilərindən biri olan Əbu Məhəmməd Xəlilullah idi.
İlk biliklərini atasından aldı, sonra Cəmiə Nizamiyyədə dini təhsil aldı və magistratura səviyyəsinə uyğun bir dərəcə olan "mövləvi-kamil" tituluna yiyələndi. Daha sonra Osmaniyə Universitetinin Hüquq fakültəsində dövlətlər hüququ sahəsində magistratura təhsili aldı. 1929-cu ildə hənəfi alimlərinin əsərlərini nəşr etmək məqsədilə yaradılan Məclisü ihyəil-məarifin-Numaniyyənin yaradılmasında iştirak etdi.
O, Osmaniyə Universiteti assistent kimi çalışdı və universiteti tərəfindən doktorluq işini tamamlaması üçün Almaniyanın Bonn şəhərindəki Reyn Fridrix Vilhelm Universitetinə göndərildi. Tədqiqatları zamanı Səna, Məkkə, Mədinə, Beyrut, Dəməşq və Qahirə kitabxanalarında araşdırmalar apardı və 1932-ci ildə Türkiyəyə getdi. Burada Şərəfəddin Yaltqaya, İsmayıl Saib Səncər, Hellmut Ritter, Osman Reşer kimi alimlərlə görüşdü. Doktorantura təhsili zamanı Paul Ernst Kahle və Frits Krenkovun elmi işlərindən bəhrələndi.
Bu müddət ərzində həmin universitetdə ərəb və urdu dillərindən dərs dedi, "Islamic Culture" jurnalının Avropa müxbiri qismində fəaliyyət göstərdi. 1933-cü ildə dissertasiyasını tamamladı.
Parisdəki Sorbonna Universitetinə təqdim edəcəyi, islamın ilk dövründə diplomatiyaya həsr olunmuş digər doktorluq dissertasiyası ilə əlaqədar olaraq Avropa və Şimali Afrika kitabxanalarında əlyazmalar üzərində, xüsusilə də fransız şərqşünası Moris Qodfrua-Demonbinin rəhbərliyində islamın ilk dövrünə aid siyasi sənədlər üzərində çalışdı. Bu dissertasiyanı da ("Corpus des documents sur la diplomatie musulmane à l’époque du prophète et des khalifes ortodoxes", Paris, 1935) təqdim etdikdən sonra bir müddət Kollec de Fransdakı dərslərdə iştirak etdi. Burada Anri Laust, Lui Massinyon və Uilyam Marseyin mühazirələrini dinlədi.
Daha sonra ölkəsinə qayıtdı və 1936–1946-cı illər arasında Osmaniyə Universitetinin Hüquq fakültəsində İslam hüququ və dövlətlər hüququ professor vəzifəsində çalışdı; həmçinin Din Elmləri fakültəsində dərs dedi.
1946-cı ildə Heydərabad nizamlığının Birləşmiş Millətlər Təşkilatına üzv olması üçün yaradılan nümayəndə heyətinə seçildi. Həmidullah xaricdə olduğu zaman Hindistan dövləti Heydərabad nizamlığını işğal etdi və o bu səbəb ölkəsinə qayıtmadı. Heydərabadın müstəqil dövlət kimi tanınmasını təmin etmək məqsədilə fəaliyyət göstərdi və buna görə Hindistan hökuməti onu Heydərabad ərazisinə daxil olmasını qadağan etdi.
Hindistan ilə İngiltərə arasındakı cinayətkarların ekstradisiyası haqqında razılaşmaya əsasən İngiltərəyə girişinə maneə yaradıldı və o Fransaya sığınacaq üçün müraciəti qəbul etdi. Müraciəti Fransa tərəfindən qəbul edilən Həmidullah, 1996-cı ilə qədər orada vətəndaşlığı olmayan şəxs statusunda yaşadı.
1954-cü ildə Parisdəki Milli Elmi Tədqiqat Mərkəzində () tədqiqatçı kimi fəaliyyətə başladı. 1978-ci ildə təqaüdə çıxsa da, araşdırmalarını davam etdirdi. Səhhəti pisləşdikdə 1996-cı ildə ABŞ-yə getdi və burada Ceksonvilldə qohumlarının yanına köçdü.
17 dekabr 2002-ci ildə vəfat etdi. Ceksonvildəki müsəlman qəbiristanlığında dəfn edildi.
Məhəmməd Həmidullah urdu, hind, ingilis, fransız, alman, italyan, rus, ərəb, fars və türk dillərini bilirdi.
Fəaliyyyəti XX əsrin 50-ci illərin əvvəllərində bir müddət Pakistan dövlətinin ilk konstitusiyası ilə bağlı hazırlıq işlərində iştirak etdi və 1951-ci ildə İstanbulda keçirilən XXII Beynəlxalq Şərqşünaslar Konqresində İslam hüququnun mənbələrinə dair təqdim etdiyi məruzə ilə diqqətləri cəlb etdi.
1952-ci ildən etibarən iyirmi üç il ərzində İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin İslam Araşdırmaları İnstitutunda dəvət olunmuş professor qismində mühazirələr oxudu. Bu institutda çalışdığı müddətdə ona Fuad Sezgin, Saleh Tuğ və başqaları assistentlik etdilər.
Eyni dövrdə Ankara Universiteti İlahiyyat Fakültəsi ilə Ərzurum Atatürk Universiteti İslam Elmləri Fakültəsində İslam tarixi, İslam təsisatları tarixi, müqayisəli dinlər tarixi və islam hüququ fənlərini tədris etdi; həmçinin İstanbul, İzmir, Konya və Kayseridə çoxsaylı konfrans verdi. Onun dərslərini və konfranslarını izləyən, daha sonra isə islam elmləri sahəsində akademik fəaliyyətlə məşğul olanlar arasında Xeyrəddin Qaraman, Bəkir Topaloğlu, Suat Yıldırım, Yusuf Ziya Kavakcı, İhsan Süreyya Sırma və başqaları var idi.
Həmidullah Parisdə Elmi Araşdırmalar üzrə Milli Mərkəzdəki () fəaliyyəti dövründə Paris Məscidində də cümə günləri dərslər keçdi, burada bir İslam mədəniyyət mərkəzinin qurulmasına töhfə verdi və uzun müddət "France-Islam" jurnalını nəşr etdirdi. "Amicales des Musulmans en Europe"un fəaliyyətlərində iştirak etdi və "l’Association des Etudiants Islamiques en France"da həftəlik çıxışlar etdi. Parisdə yaşadığı müddətdə bir çox insanın islamı qəbul etməsinə vasitəçi oldu.
Bundan əlavə, Avropada islamın təbliği məqsədilə 1961-ci ildə Cenevrədə yaradılan "Centre Islamique de Genève" adlı araşdırma və nəşriyyat qurumunun formalaşmasına və fəaliyyətlərinə dəstək verdi. Parisdə akademik araşdırmalar aparan türk tələbələrə köməklik göstərdi. İslam elmlərinə bütöv bir baxış bucağı ilə yanaşaraq öz ixtisas sahəsindən kənarda da tədqiqat və araşdırmalar aparan və bunları ilk mənbələrə əsaslandırmağa çalışan Həmidullah, xüsusilə islam tarixi ilə bağlı işlərində sadəcə tarixi məlumatları ötürməklə kifayətlənməmiş, bəzən hadisələrin cərəyan etdiyi yerlərə şəxsən gedib araşdırma apardıqdan sonra öz şərh və qiymətləndirmələrini əlavə etmişdir. Bunları edərkən ümumilikdə rasional bir mövqe nümayiş etdirərək sübuta yetirilməmiş hər hansı bir məqamı qəbul etməkdən çəkinmiş, işlərində sadəcə tarixi məlumatları nümayiş etdirmək əvəzinə, hadisələrin real səbəblərini araşdırmağa və bunların nəticələrini göstərməyə səy göstərmişdir.
Məhəmməd Həmidullah "TDV İslam Ensiklopediyası"ndakı on iki məqalənin müəllifidir.
Görüşləri Həmidullahın, başda möcüzələr olmaqla, bəzi mövzularda rasional (ağıla əsaslanan) tərəfi üstünlük təşkil edən şərhləri zaman-zaman tənqid olunmuşdur. Ona görə, bəzi insanlar möcüzə səbəbiylə inandıqları, bəziləri isə belə bir təsir altında qalmadan iman gətirdikləri üçün möcüzənin inanc baxımından təsiri mütləq deyil. Merac hadisəsində də mühüm olan məqam Allaha doğru ucalmaqdır; bunun harada və necə baş verdiyi o qədər də böyük əhəmiyyət kəsb etmir.
O rəvayətə əsaslanan metodlardan istifadə etmələri baxımından hədis və tarix elmləri arasında yaxın bir əlaqənin olduğu fikrindədir. İnsanların tarixi sənədləri ilk mənbədən əldə etmək arzusu nəticəsində sənədlərin böyük bir qisminin mətnləri məhz bu iki elm sayəsində dövrümüzə qədər gəlib çıxa bilmişdir. Hədislərlə bağlı rəvayətlərin etibarlı olub-olmadığını müəyyənləşdirməkdən daha çox, rəvayətlərə əsaslanaraq Məhəmmədə və onun dövrünə aid daha dəqiq məlumatlara vaqif olmaq önəmlidir. Onun "əs-Səhifətus-Səhihə"ni nəşr etdirməsi ilə, şifahi rəvayətlərin ötürülməsinin ilk dövrlərə aid məlumatlara çatmaqda tətbiq olunan yeganə üsul olmadığı sübuta yetirilmişdir. Beləliklə, İqnas Qoldziherin ortaya atdığı — rəvayətlərin cəmiyyətin ehtiyaclarına uyğun olaraq sonradan uydurulduğu və şifahi şəkildə nəql edildiyi iddiasının əksinə, yazılı rəvayətdən də dəstək alan bir hədis ötürmə metodunun mövcudluğu aydın olmuşdur.
Əsərləri Məhəmməd Həmidullah, Quran elmləri, hədis, İslam konstitusiya hüququ, İslam iqtisadiyyatı, dövlətlərin ümumi hüququ, siyər və islam tarixi kimi sahələtə aid çoxlu kitab və məqalə yazmışdır. Onun ən mühüm əsərləri bunlardır:
Quran in Every Language. Məcmuətül-Vəssaiqis-Siyasiyyə lil-Əhdin-Nəbəvi vəl-Xilafətir-Raşidə. The Muslim Conduct of State. The Battlefields of the Prophet Muhammad. Le Saint Coran. Le Prophète de l’Islam: Sa vie et son œuvre. Introduction to Islam. Muhammad Rasûlullah. El-Bokhari, les Tradition İslamiques. The Emergence of Islam. Six originaux des Lettres Diplomatiques du Prophète de l’Islam. Le Grand Livre de la Conduite de L’état.
İstinadlar Kateqoriya:Hüquq filosofları Kateqoriya:Mühacir xalqı