Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Ümumi məlumat Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır. Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa çalışmışlar. Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış süjetlər qalmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, AMEA Folklor İnstitutunda bölgə folklorunun toplanması istiqamətində görülən işlər nəticəsində son illər Qarabağ sakinlərindən 400-dən artıq, Saatlı və Tovuz rayonlarının hər birindən 100-ə yaxın nağıl yazıya alınmışdı. Son illər yazıya alınan nağıllar hesab alındığı təqdirdə nağıl süjetlərinin sayı artacaq, amma ümumi mənzərə dəyişməz qalır. Belə ki, Azərbaycan nağıl repertuarının 60 faizi (390 süjet) beynəlxalq, 40 faizi (302 süjet) milli süjetlərdən təşkil olunmuşdu. Beynəlxalq süjetlərə ən çox sehrli və heyvanlar haqqında nağıllar qrupunda rast gəlinir. Bu qrupların süjet tərkibinin yarıdan çoxu beynəlxalq süjetlərdən ibarətdir. Milli süjetlərin böyük əksəriyyəti isə dini və novellistik nağıllar qrupunun payına düşür. Azərbaycan nağıl repertuarının yarıdan çoxunun beynəlmiləl səciyyə daşımasına baxmayaraq, hər bir xalqın nağılı onun çoxəsrlik tarixini, adət-ənənəsini, etnoqrafiyasını, yaşamını, mübarizəsini, istək və arzularını əks etdirir, ona görə də millidir. Tarixi İlk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür. Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.Azərbaycanın ədəbi ənənəsi, Azərbaycan xalq nağılları

Nağıl qrupları Azərbaycan nağılları poetik xüsusiyyətləri, qəhrəman tipi nəzərə alınmaqla yeddi qrupa ayrılır: Heyvanlar haqqında nağıllar, sehrli nağıllar, dini nağıllar, novellistik (məişət) nağıllar, qaravəllilər, kumilyativ nağıllar, bahadırlıq nağılları. Heyvanlar haqqında nağıllar, sehrli nağıllar və novellistik nağıllar Azərbaycan folklorşünaslığında hələ Sovet dövründən müstəqil qrup kimi qəbul olunmuşdur, digər qruplardan isə yalnız son illər aparılan araşdırmalarda müstəqil qrup kimi danışılır. Dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir və belə nağıllar daha çox İslam dinindən gələn fikirlərin xalq içində, kütlə arasında təbliğinə xidmət edir. Kumilyativ nağıllar sabit strukturu ilə seçilir və eyni fəaliyyətin təkrarı üzərində qurulur. Bahadırlıq nağılları isə qəhrəmanın doğuluşunun epik genişlik qazanması, adla obraz arasında bağlılığın olması, qəhrəmanın qarşıya qoyulan məqsədə fiziki gücü hesabına çatması və s. bu kimi xüsusiyyətlərə görə digər qruplardan fərqlənir. Sehrli nağıllar Azərbaycan sehrli nağılları süjet tərkibinin zənginliyinə, bədii xüsusiyyətlərinə görə digər nağıllardan seçilir. Ən kamil və ən yaxşı nağıl nümunələri məhz bu qrupun payına düşür. Söyləyicilərin ustalıq və peşəkarlığı, sənətkarlığı, müxtəlif süjetləri birləşdirməklə ənənəvi variantlardan fərqli tamamilə yeni nağıl yaratmaq kimi bir çox yaradıcılıq xüsusiyyətləri, əsasən, bu nağıllarda özünü göstərir. Sehrli nağıllar digər nağıl qruplarından sabit struktura malik olmasına, özünəməxsus obrazlar sisteminə və qəhrəman tipinə görə fərqlənir. İlk növbədə, qeyd etmək lazımdır ki, sehrli nağıl qəhrəmanı passiv qəhrəmandır. Köməkçi əldə etdikdən sonra qəhrəman passivləşir, sehrli əşya və köməkçi onun əvəzindən fəaliyyət göstərir. Başqa sözlə, sehrli nağıl qəhrəmanı qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilər sayəsində çatır. Sehrli nağıllarda köməkçi rolunda o dünya varlıqları, əsasən, dərya atı, div, Simurq quşu, göyərçin cildinə girmiş pəri qızlar, sehrli əşya kimi isə o dünya varlıqlarına məxsus predmetlər – onların sehrli üzüyü, papağı, qılıncı, yaxud da həmin varlıqların yaşadığı məkana məxsus əşyalar – orada bitən ağacın meyvəsi, çubuğu və sair çıxış edir. Bir qayda olaraq, qəhrəman müəyyən sınaqlardan keçdikdən sonra bu köməkçi vasitələrə yiyələnir. Sehrli nağılların digər bir əlaməti onların ikiqütblü olmasıdır. Bir tərəfdə ideallaşdırılan nağıl qəhrəmanı, digər tərəfdə isə antaqonist və ya yalançı qəhrəman, bir tərəfdə idealizə edilən işıqlı dünya, digər tərəfdə qaranlıq, yeraltı dünya, bu dünyaların arasında isə marginal zonalar yerləşir ki, hər iki dünyanın sərhədində olduğu üçün mediator (vasitəçi, əlaqələndirici) funksiyasını yerinə yetirirlər. Azərbaycan sehrli nağıllarının süjet tərkibinin formalaşmasında Şərqin bir çox mədəni abidələrinin rolu danılmazdır. Bir çox sehrli nağıllar məhz ərəb mədəniyyətinin ən möhtəşəm abidəsi olan “Min bir gecə”dən alınmışdı. Təbii ki, kitabdan şifahi ənənəyə qayıdan həmin nümunələr şifahi mətnin qanunlarına uyğun inkişaf etmişdi: variantlaşmış, özünün bir çox motivlərini itirmiş, yerinə yeniləri cəlb olunmuşdu. Nə qədər variantlaşmaya məruz qalsa da, həmin nağıllar orijinala məxsus cizgilərini tam itirməmişdi. Əksər motivlər bir-biri ilə səsləşir, personajlara verilən adlar belə orijinaldan yalnız fonetik cəhətdən fərqlənir. Sehrli nağılların süjet tərkibi, əsasən, beynəlxalq süjetlərdən təşkil olunur. Digər nağıl qrupları ilə müqayisədə beynəlxalq süjetlərin ən yüksək göstəricisi – 71 faizlə məhz bu qrupun payına düşür. Bu süjetlərin başqa xalqlarda qarşılığının olması, onların eyniliyi anlamına gəlmir. Müxtəlif xalqların sehrli nağılları eyni süjetlər əsasında qurulsa da, hər bir xalqın mədəni müxtəlifliyindən, inam və etiqadından asılı olaraq dəyişilmiş, nəticədə beynəlxalq süjetlərin hər bir xalqa məxsus yerli variantları formalaşmışdı. Ona görə də, başqa xalqlarda variantlarının olmasına baxmayaraq, “Məlikməmməd” (TR 301), “Cantiq” (TR 318), “Cəlayi-vətən” (TR 590B*) kimi sehrli nağıllar məhz Azərbaycan üçün xarakterik variantlardır. Sehrli nağıllar vaxtilə insanların mənəvi həyatının bir parçasına çevrilmişdi: folklor məclislərini, qış aylarında təşkil olunan nağıl gecələrini, iməcilikləri, aşıq məclislərini və s. onlarsız təsəvvür etmək mümkün deyil. Müasir dövrdə ənənəvi folklor məclislərinin məişətdən çıxması sehrli nağılların auditoriyasının daralmasına, onların tədricən şifahi dövriyyədən çıxmasına səbəb olmuşdu. Son illər bölgələrdən toplanmış folklor materiallarının təhlili göstərir ki, sehrli nağılların auditoriyası, demək olar ki, çox daralmış, yaddaqalan nümunələr isə çox az hallarda ifa olunur.

Dini nağıllar Azərbaycan folklorunda qədim janr kimi çox geniş yayılmış dini nağıllar beynəlxalq aləmdə “religious tales”, Şərqi slavyan xalqlarında isə “əfsanəvi nağıllar” adı ilə tanınır. Dini nağıllar çox vaxt məxsus olduğu xalqın nağıl repertuarı ilə bağlı olur. Azərbaycanda təsbit olunmuş 115 dini nağıl süjetindən ancaq 45-nin başqa xalqlarda qarşılığı vardır. Digər nağıl qrupları ilə müqayisədə dini nağıllarda milli süjetlərin sayının çoxluğu onların məxsus olduğu xalqın əxlaqi və dini görüşlərini əks etdirmələri ilə əlaqədardır. Folklorşünaslıqda bu nağıllara münasibət müxtəlifdir. Bir qrup tədqiqatçı nağıllara məxsus xüsusiyyətlər daşıdığı üçün onları nağıllara, digərləri isə söyləyicinin mətnin gerçəkliyinə inanmasını əsas gətirərək əfsanələrə aid etmişdi. Bu mətnlərə diqqət yetirdikdə, doğrudan da, söyləyicinin onları əfsanə, rəvayət və ya hədis adı ilə təqdim etməsi və tez-tez də “rəvayətdə belə şeylər çoxdur”, “belə bir rəvayət eşitmişəm”, “bununla da rəvayət qurtardı” kimi kəlmələr işlətdiyinin şahidi oluruq. Sadalanan bu xüsusiyyətlər, həmçinin bəzi süjetlərin etioloji məzmun kəsb etməsi dini nağılları əfsanələrə yaxınlaşdırsa da, onları fərqləndirən ciddi xüsusiyyətlər də vardır. Azərbaycan dini nağılları əfsanələrdən fərqli olaraq didaktiv, ibrətamiz funksiya daşıyır və poetik cəhətdən zəngin mətnlərdir. Bu tip mətnlərin formalaşmasında nağıllara məxsus üslub elementlərindən – hadisələrin inkişafını ləngitmək məqsədilə fəaliyyət və ya gedişlərin üçlənməsindən, nağıllara məxsus epik formullardan geniş istifadə olunur. Məsələn, söyləyici yolun uzunluğunu təsvir etmək üçün “az gedib, çox gedib”, təhkiyə həddən artıq uzandığı zaman isə “nə başınızı ağrıdım” formulundan istifadə edir. Nağıllara məxsus üslub elementlərdən istifadə olunması bu mətnlərin əfsanə olması haqqında söylənən fikirlərin yanlışlığını göstərir. Azərbaycan dini nağılları İslam dini ilə bağlı olub, İslam ideologiyasının, bu dindən gələn fikir və müddəaların xalq arasında, kütlə içərisində təbliğinə xidmət edir. Bu tip nağıllarda insanlara xeyirxahlıq, dürüstlük, əliaçıqlıq, qonaqpərvərlik, böyük sözünü dinləmək, naşükür olmamaq, tamah, riya, yalan kimi nöqsanlardan uzaq olmaq və s. belə yüksək mənəvi keyfiyyətlər aşılanır. Ona görə bu nağıllar ibrətamiz, əxlaqi məzmun kəsb edir, əsasən də yaşlı auditoriyaya istiqamətlənmiş mətnlərdir. Bu mətnlərin əsas daşıyıcıları xalqın arasında yetişmiş din adamları – mollalar, mərsiyəxanlar, ağıçılardır və yas yerlərində, məhərrəmlik axşamlarında bu mətnlər bu gün də söylənməkdədir. Dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir. Bu nağıllarda Süleyman peyğəmbər, İbrahimxəlil peyğəmbər, Musa peyğəmbər, Məhəmməd peyğəmbər, Həzrət Əli kimi dini şəxsiyyətlərin fəaliyyətindən, onların möcüzələrindən bəhs olunur. Sehrli nağıllarda köməkçi rolunda sehrli əşya və köməkçilər çıxış edirsə, dini nağıllarda həmin funksiyanı peyğəmbərlər və dini şəxsiyyətlər yerinə yetirir. Qəhrəman çətin vəziyyətə düşdükdə peyğəmbərə üz tutur, ondan aldığı məsləhətə uyğun hərəkət edir. Dini məzmun kəsb etməsi nağılların poetik strukturuna da təsir göstərmişdi. Bu nağıllarda ziddiyyətlər islam-kafir, abid-lotu, abid-pozğun qadın, abid-şeytan qarşıdurması şəklində verilir. Antoqonist personajlar isə qeyri-islam dinini təmsil edən, öz əməlləri ilə İslam dininin ehkamına, qanun-qaydalarına qarşı çıxan, onu pozan şəxslər olurlar.