Watch Dogs (WATCH_DOGS kimi üslublaşdırılmışdır) — "Ubisoft Montreal" və "Ubisoft Reflections" studiyaları tərəfindən istehsal edilmiş, "Ubisoft" tərəfindən yayımlanmış döyüş-macəra və stels janrında videooyun. Bu, "Watch Dogs" seriyasının ilk hissəsidir. Oyun "Ubisoft" tərəfindən 2012-ci ilin iyun ayında keçirilən E3 sərgisindəki konfransı zamanı elan edilmişdir. Oyun 27 may 2014-cü ildə PC, "Xbox 360", "PlayStation 3", "PlayStation 4" və "Xbox One" platformaları üçün, 2014-cü ilin noyabr ayında "Wii U" üçün, 9 dekabr 2020-ci ildə isə "Google Stadia" üçün buraxılmışdır.
Oyun üçüncü şəxs baxış bucağından istifadə edir, oyunçu onun dünyasını piyada və ya nəqliyyat vasitəsilə gəzə bilir. Hadisələr Çikaqo metropol bölgəsinin uydurma versiyasında cərəyan edir və cinayətlər törətmək üçün kompüter bacarıqlarından istifadə edən haker Eyden Pirsin qisas axtarışından bəhs edir. Yol qəzası zamanı bacısıqızının qətlə yetirilməsindən sonra o, onun ölümünün qisasını almağa çalışan "ədalət qoruyucusuna" çevrilir. Eyden odlu silahlardan əlavə, şəhərin bütün texnoloji cihazlarına nəzarət edən və sakinlər haqqında təfərrüatlı məlumatları saxlayan mərkəzləşdirilmiş CTOS kompüter sisteminin boşluqlarından yararlanmaq üçün öz mobil telefonundan da istifadə edir.
"Watch Dogs" elan edildikdən və E3 2012-ci ildə nümayiş etdirilən demo versiyasından sonra ictimaiyyətin böyük marağına səbəb olmuş və səbirsizliklə gözlənilmişdir. İxtisaslaşmış mətbuat xüsusilə geympleyi, missiya dizaynını və açıq dünyanı, döyüş sistemini, hakerliyi və tapşırıqların rəngarəngliyini tərifləmiş, lakin texniki problemləri, nümayiş versiyası ilə yekun oyun arasındakı qrafik keyfiyyət fərqini, süjeti və baş qəhrəmanı tənqid etmişdir. "Watch Dogs" kommersiya uğur qazanaraq "Ubisoft" oyunu üçün ilk gün satış rekordunu qırmış və həmin dövrdə Birləşmiş Krallıq yeni əqli mülkiyyətin ən böyük buraxılışı olmuşdur. Oyun 10 milyondan çox nüsxə ilə satılmışdır. Oyunun buraxılışını 2016-cı ilin noyabr ayında "Watch Dogs 2", 2020-ci ilin oktyabr ayında isə "Watch Dogs: Legion" davam etdirmişdir.
Məzmunu
Quruluşu thumb|right|Mərkəzləşdirilmiş idarəetmə sistemi olan CTOS ABŞ-nin Çikaqo şəhərinin demək olar ki, bütün infrastrukturuna nəzarət edən müşahidə sistemidir.
"Watch Dogs" oyunundakı hadisələr "Blume" şirkəti tərəfindən icad edilmiş və demək olar ki, bütün infrastrukturu idarə edən CTOS müşahidə sistemi tərəfindən nəzarət olunan ABŞ-nin Çikaqo şəhərinin uydurma və tutqun bir versiyası olan Vindi Sitidə cərəyan edir. 39 yaşlı Eyden Pirs bütün şəhərdə sərbəst gəzə və yol qəzasında həlak olmuş bacısıqızının qətlinin sifarişçisinə qədər aparıb çıxaran tapşırıqları yerinə yetirə bilir. Bunun üçün Eyden "Profiler" adlı modifikasiya olunmuş smartfondan istifadə edir. Bu cihaz CTOS məlumat bazasına qoşulmuşdur və beləliklə, üzün tanınması sistemi vasitəsilə hər bir vətəndaşın bütün şəxsi məlumatlarına daxil olmağa və potensial cinayətləri əvvəlcədən müəyyənləşdirməyə imkan verir. İnternet və texnoloji infrastruktur mərkəzləşdirildikcə istismara və qəzalara qarşı daha həssas hala gəlir. Beləliklə, Eyden məlumat almaq və müvafiq tədbirlər görmək üçün bu boşluqlardan istifadə edir. Müəyyən bir əraziyə dair məlumatları açmaq üçün Eyden əksəriyyətinə daxil olmaq çətin olan CTOS qüllələrini hekinq etməlidir. Tapşırıqlardan kənarda Eyden bacısıqızının potensial qatillərini araşdırmaq, istirahət etmək (bu da oyunun yaddaşa saxlanılmasına imkan verir) və nəticədə vaxtı daha sürətlə keçirmək üçün əvvəlcə bir otel otağına, daha sonra isə konteyner kimi maskalanmış bir neçə gizli sığınacağa giriş əldə edir.
"Watch Dogs" oyununun ən mühüm aspektlərindən ikisi oyunçuya tətbiq olunan reputasiya sisteminə təsir edən mənəvi seçimlərin sərbəstliyi və incəliyidir. Reputasiya sistemi Eydenin hərəkət növlərindən, istər bir cinayətin qarşısını almasından, istərsə də ciddi zərər vurmasından asılı olaraq vətəndaşların ona qarşı münasibətini dəyişir. Cinayətlərin qarşısını almaq ona ədalət qoruyucusu reputasiyası qazandırır və buna görə də həmvətənləri tərəfindən yaxşı qarşılanır, hətta bəzən qanunsuz bir hərəkət etdikdə onun üstünü örtürlər. Digər tərəfdən, anarxist reputasiyası qazanarsa, onun başına mükafat qoyulur və vətəndaşlar Eyden ictimai yerdə göründüyü hər dəfə hüquq-mühafizə orqanlarına zəng etməyi öz üzərilərinə götürürlər. Bu reputasiya sistemindən əlavə, Eyden həddindən artıq diqqət cəlb edərsə, polis maşınları və helikopterləri tərəfindən təqib edilə bilər. Baş qəhrəmanın bioqrafiyasına gəldikdə, Eyden yeniyetməlik illərində "" adlı qruplaşmanın üzvü olmuş keçmiş küçə xuliqanıdır. O, vətəndaşlardan yalnız öz məqsədlərinə çatmaq üçün istifadə edir, antisosial və ya hətta psixopat davranışı nümayiş etdirir və onların "Wi-Fi" bağlantısından başqa bir şey olmadığını hesab edir. Sosial statusundan asılı olmayaraq, Eyden istər kasıb, istərsə də varlı olsun, vətəndaşların pulunu oğurlaya bilir. Bəzi müəlliflər bu davranışı onun bacısıqızının ölümünün qisasını almaqdan daha vacib bir şey tapmaması ilə izah edirlər.
Əsas süjeti thumb|"Otakuthon" tədbirində Eyden Pirs kospleyi. 2014-cü il.
2012-ci ilin oktyabr ayında Çikaqo "Blume" texnologiya şirkəti tərəfindən hazırlanmış və bütün cihazları vahid sistemdə birləşdirən kompüter şəbəkəsi olan CTOS (; ) sistemini tətbiq edən dünyada ilk şəhər olur. Nüfuzlu "Merlaut" hotelində baş verən elektron oğurluq zamanı haker Eyden Pirs və onun müəllimi, eyni zamanda tərəfdaşı olan Demiyen Brenks başqa bir hakerin müdaxiləsinə görə həyəcan siqnalını işə salırlar. Demiyen həmin hakerin yerini müəyyənləşdirməyə çalışsa da, Eyden əlaqəni kəsərək bunun qarşısını alır. Ailəsinin təhlükəsizliyindən narahat olan Eyden onları kəndə qəfil səyahət adı altında təhlükəsiz yerə aparır. Yolda muzdlu qatil Moris Veqa onlar hücum edir və bu, onun altı yaşlı bacısıqızı Lenanın ölümü ilə nəticələnən yol qəzasına səbəb olur.
Bir il sonra Eyden Veqanı beysbol stadionunda tapır, lakin sifarişçinin şəxsiyyətini öyrənə bilmir. Veqanı tərəfdaşı Cordi Çinin öhdəsinə buraxan Eyden bacısı Niki və bacısıoğlu Ceksonun ad günündə onlara baş çəkir, lakin kiminsə onları narahat etdiyini öyrənir. Eyden həmin şəxsi tapır və onun arxasında Demiyenin dayandığı ortaya çıxır. Artıq şikəst olan Demiyen Eydendən digər hakeri tapmasını xahiş edir, lakin Eyden imtina edir. Demiyen onu məcbur etmək üçün Nikini qaçırır və bacısıoğlunu hədələyir. Eyden Ceksonu onun psixoloquna həvalə edir, sonra Demiyenin tələblərini qəbul edir. Eyden tezliklə "DedSec" haktivist kollektivi və xüsusən də "BadBoy17" ləqəbli tatu ustası Klara Lillin diqqət çəkir. Klaranın köməyi ilə o, xüsusi təyinatlı qüvvələrin keçmiş hərbi qulluqçusu və dəstə rəhbəri olan ikinci haker Delford "İraq" Veydi tapır. Eyden "İraq"ın şəxsi serverinə daxil olmaq üçün onun leytenantlarından biri olan Tayron "Bedbug" Heysi manipulyasiya edir, lakin yalnız qismən məlumat əldə edə bilir. Bu məlumatlar "İraq"ın Çikaqonun hər bir nüfuzlu şəxsi haqqında şəxsi məlumatlara sahib olduğunu, bunun da ona mühafizə və rahatlıq təmin etdiyini anlamaq üçün kifayət edir. Şifrələməni sındırmaq üçün Klara Eydeni təcrid olunmuş həyat sürən CTOS tərtibatçılarından biri olan Reymond "T-Bone" Kenniyə yönəldir. Kenniyə onu təqib edən şəxslərdən azad olmağa və CTOS-dan biometrik izini silməyə kömək etdikdən sonra Eyden onu məlumatların şifrəsini onun üçün açmağa razı salır. Daha sonra o, serverindən məlumatların yüklənməsini tamamlamaq üçün "Iraq"ın kompleksinə hücum edir və üz-üzə gəldikdə onu öldürür.
"T-Bone" şifrəni açmağa başlayır, lakin başqa bir haker olan "Defalt" sistemə daxil olur, məlumatları oğurlayır və "Merlaut" işindən sonra Eyden və Demiyeni məhz Klaranın ifşa etdiyini göstərən bir səsyazısını qoyur. Eyden faylları itirdiyini Demiyenə bildirməzdən əvvəl Klaranı sığınacağından qovur. Bundan sonra Demiyen Eydenin fəaliyyəti ilə bağlı sübutları internetdə yerləşdirir və polisi onun arxasına düşməyə sövq edir. Qaçışda olan Eyden və "T-Bone" "Defalt"ı tapmağı və oğurlanmış məlumatları geri almağı bacarırlar. Bu əsnada Eyden Nikinin yerini müəyyən edir və onu azad edir, Ceksonla birlikdə şəhərdən çıxarır. O, artıq öz qətlinin sifarişçisi, mafiya başçısı, insan alverçisi və "Merlaut" hotelinin sahibi olan Dermot "Laki" Kvinin arxasına düşməyə başlayır.
Eyden Kvin ilə qarşılaşır. O, şəhərin meri Donovan Raşmorun katibəsi Rouz Vaşinqtonu öldürməsi ilə bağlı gizli videonu Eydenin axtardığını düşündüyü üçün onun qətlini əmr etdiyini bildirir. Katibə meri Kvin ilə əlaqələrini açacağını bildirərək hədələyirdi. Kvinin kardiostimulyatorunu hekinq edərək onu öldürdükdən sonra Eyden Demiyen tərəfindən məlumatlandırılır ki, Kvin Klaraya mane olduğu üçün onun arxasınca muzdlu qatillər göndərib. Klaranı xilas edə bilməyən Eyden bütün şantaj materiallarını ictimaiyyətə açıqlayır və bu, materiallardan öz mənfəəti üçün istifadə etməyə ümid edən Demiyeni qəzəbləndirir. Demiyen CTOS-dan istifadə edərək Çikaqoda xaos törədir, Eyden isə Kenni tərəfindən yaradılmış virus vasitəsilə sistemi söndürür və Çikaqonu, eləcə də digər şəhərləri peyk vasitəsilə bağlayan kütləvi elektrik kəsintisinə səbəb olur. O, bundan sonra Demiyeni mayak qülləsinə qədər təqib edir. Cordi pul mükafatı müqabilində onların hər ikisini öldürmək üçün gəlir, lakin Eyden onu yaralayır və Demiyeni öldürür. Daha sonra Cordi Morisin taleyini ona tapşırmaq üçün son dəfə Eydenə zəng edir. Bu zaman oyunçunun onu öldürmək və ya bağışlamaq seçimi var. "DedSec" qrupu "Blume" korporasiyasının CTOS məlumatları üzərindəki ağalığına müharibə elan etdiklərini bildirən bir video yerləşdirir. Daha sonra "Blume" korporasiyası ölkənin digər şəhərlərində "CTOS 2.0"ın istifadəyə verildiyini elan edir.
Bad Blood 2014-cü ildə, "Watch Dogs" oyununun əsas hadisələrindən bir il sonra Kenni son haker işi hesab etdiyi əməliyyatı yerinə yetirdikdən sonra Çikaqonu tərk etməyə qərar verir. Bu əməliyyat özü haqqında bütün məlumatları "Blume" serverlərindən silməkdən və şirkəti özündən uzaqlaşdırmaq üçün saxta izlər yerləşdirməkdən ibarət idi, lakin keçmiş həmkarı Tobias Friveri onu qaçıranların əlindən xilas etdikdən sonra Kenni onların arxasında kimin durduğunu öyrənənə qədər Çikaqoda qalmağa qərar verir. Onlar özlərini ələ keçirməyə çalışan şəxsləri araşdırır və nəticədə onların Kennidən qisas almaq üçün "Blume" ilə əməkdaşlıq edən "Defalt" tərəfindən tutulduğunu öyrənirlər.
Kenni "Defalt"ın izini tapmağı bacarır, lakin onun sığınacağını araşdıran zaman on bir il əvvəl törətdiyi elektrik kəsintisi zamanı həlak olan şəxsləri əks etdirən manekenlərlə qarşılaşır. Onların arasında "Defalt"ın maskasına bənzər maska taxmış maneken də var idi. Bu da Kenniyə "Defalt"ın ona qarşı düşmənçiliyinin əsl səbəbini başa salır. Onun qardaşı kəsinti zamabı həlak olanlardan biri idi. Bu, Kennini qəzəbləndirir, çünki o, heç kimin ölməsini istəməmişdi və o vaxtdan bəri vicdan əzabı ilə yaşayır. Kenni və Friver onun sığınacağına daxil olurlar, lakin nəticədə bir-birindən ayrı qalırlar, Kenni "Defalt" və kəsintinin digər qurbanlarının ailələri ilə üz-üzə gəlməyə məcbur olduğu bir otaqda tələyə düşür. "Defalt" Kenninin taleyini həll etmək üçün səsvermə təşkil edir və əksəriyyət onu öldürməyi seçir, bu da onun olduğu otağın qazla dolmasına səbəb olur. Kenni boğulmağa başlayır, lakin Friverin telefonu vasitəsilə binanın havalandırma sistemini hekinq bacarır, qazı "Defalt"ın otağına yönəldir və onu öldürür. Kenni Friver tərəfindən xilas edilir və Eydeni komandalarına cəlb etməyə ümid edərək, onun köməyi ilə "Blume" ilə mübarizə aparmaq üçün Çikaqoda qalmağa qərar verir.
Geympley thumb|right|Smartfon oyunda geymerin ətrafındakı mühiti hakləməsinə imkan verən mühüm elementdir.