Simfoniya No. 7 Re minorda, Op. 70, B. 141, — Antonin Dvorjakın 17 mart 1885-ci ildə tamamlanmış və ilk dəfə 22 aprel 1885-ci ildə Londondakı Sent-Ceyms-Hollda ifa edilmiş simfoniyası. Əsər ilk dəfə 2 nömrəli simfoniya kimi nəşr olunmuşdur. Simfoniya tənqidçilər və musiqişünaslar tərəfindən yüksək qiymətləndirilir; Donald Tovi qeyd etmişdir ki, "Bramsın dörd simfoniyası və Şubertin Doqquzuncu simfoniyası ilə birlikdə bu əsər Bethovendən sonra bu sənət formasının ən böyük və ən saf nümunələri sırasındadır".

Tarixi Yazılması və nəşri Dvorjak simfoniya üzərində işləməyə 13 dekabr 1884-cü ildə başlamışdır. O, Yohans Bramsın yeni Üçüncü simfoniyasını dinləmiş və əsəri yüksək qiymətləndirmişdi; bu da onu yeni simfoniya yazmaq barədə düşünməyə sövq etmişdi. Təsadüfən, elə həmin il Kral Filarmoniya Cəmiyyəti Dvorjaka yeni simfoniya yazmağı təklif etmiş və onu fəxri üzv seçmişdi. Bir ay sonra, Praqa dəmiryol stansiyasına gündəlik gəzintisindən sonra o bildirmişdi: "Peştdən gələn həmyerlilərimizi gətirən bayram qatarının gəlişi zamanı yeni simfoniyamın ilk mövzusu qəfildən ağlıma gəldi". Çexlər əslində Praqadakı Milli Teatra gəlirdilər; burada çex xalqının siyasi mübarizəsinə dəstək məqsədilə musiqili gecə keçirilməli idi. Dvorjak yeni simfoniyasında bu mübarizəni əks etdirməyə qərar verdi. Bununla yanaşı, simfoniya onun sadə və sakit kəndli duyğuları ilə güclü vətənpərvərliyi və çex xalqının tərəqqisini görmək arzusu arasında uyğunluq yaratmaq uğrunda apardığı şəxsi daxili mübarizəsini də ifadə etməli idi.

O, birinci hissənin eskizini beş gün ərzində tamamlamış və dostlarından birinə yazmışdı: "Hazırda London üçün bu simfoniya üzərində işləməklə məşğulam və hara getsəm, başqa heç nə haqqında düşünə bilmirəm. Tanrı nəsib etsin ki, bu çex musiqisi dünyanı riqqətə gətirsin!!"

Dvorjak ağır templi hissənin eskizini on gün sonra tamamladı. O, əsərə "Kədərli illərdən" qeydini əlavə etmişdi. Bu ifadə bəstəkarın anasının yaxın zamanda vəfat etməsinə, ehtimal ki, həmçinin daha əvvəl böyük övladını itirməsinə işarə edirdi; xüsusilə bu hissəni yazarkən həmin hadisələr onun düşüncəsində mühüm yer tuturdu. Bununla belə, əsərin məzmunu daha geniş məna daşıyırdı — Dvorjak dostlarından birinə yazmışdı: "Düşüncələrimdə Sevgi, Tanrı və Vətənim var". Hissə dərin sakitlik və dincliklə başlayır, lakin burada təlatüm və narahatlıq da öz əksini tapır. Dvorjak naşirinə əsərdə "bir dənə də artıq notun olmadığını" bildirmişdi. Tənqidçilər Donald Tovi və Robert Leyton ikinci hissənin, 6 nömrəli simfoniyadakı furiant kimi, çex musiqi mənbələrinin təsirini əks etdirdiyini irəli sürmüşlər. Leon Botstayn isə bu əlaqənin "Dvorjakın musiqi ideyalarını inkişaf etdirməkdə nümayiş etdirdiyi formal ustalığın kölgəsində qaldığını" bildirmişdir.

Növbəti bir ay ərzində Dvorjak üçüncü və dördüncü hissələrin eskizlərini tamamladı. O, sonralar dördüncü hissədə çex xalqının siyasi zülmkarlara qarşı inadkar müqavimət göstərmək qabiliyyətinə işarə olduğunu bildirmişdir. 1885-ci ildə simfoniya Londondakı Sent-Ceyms-Hollda ilk dəfə böyük müvəffəqiyyətlə ifa edilmiş, orkestrə Dvorjak özü dirijorluq etmişdir.

Simfoniyanın uğuruna baxmayaraq, əsərin nəşri son dərəcə çətin proses olmuşdur. Dvorjakın müqavilə bağladığı alman naşiri Frits Zimrok sanki qəsdən çətinliklər yaradır və bəstəkarı qıcıqlandırırdı. Əvvəlcə o bildirmişdi ki, fortepiano dueti üçün aranjiman hazırlanmayana qədər simfoniyanın nəşrini nəzərdən keçirə bilməz. Daha sonra Zimrok Dvorjakın çex dilindəki Antonin adını üz qabığında çap etməkdən qəti şəkildə imtina etmişdi — naşir adın Anton kimi yazılmasını və titul səhifəsinin yalnız alman dilində olmasını tələb edirdi. Nəhayət, Dvorjaka əsərin Kral Filarmoniya Cəmiyyətinə ithafının da çıxarılmalı olduğu bildirilmişdi. Uzun sürən bu mübahisələr zamanı Dvorjak Zimrokdan avans istəyərək yazmışdı: "Bağımla bağlı çoxlu xərclərim var, kartof məhsulum da elə yaxşı deyil". Nəticədə Zimrok simfoniya üçün cəmi 3000 marka təklif etmişdi ki, bu da belə əhəmiyyətli əsər üçün aşağı məbləğ idi. Dvorjak digər naşirlərin bu məbləğin ikiqatını asanlıqla ödəyəcəyini bildirmişdi. Sonrakı mübahisələrdən sonra Zimrok könülsüz şəkildə 6000 marka ödəmişdir.

İfa tarixi

London premyerası istisna olmaqla, Dvorjakın sağlığında baş tutmuş ifalar aşağıdakılardır:

Praqa, Avstriya-Macarıstan: 29 noyabr 1885-ci il, Rudolfinumda Dvorjakın öz dirijorluğu ilə. Vyana, Avstriya-Macarıstan: 16 yanvar 1887-ci il, Hans Rixterin dirijorluğu ilə. Berlin, Almaniya imperiyası: 27 oktyabr 1889-cu il, Hans fon Bülovun dirijorluğu ilə. Berlin, Almaniya imperiyası: 28 oktyabr 1889-cu il, Hans fon Bülovun dirijorluğu ilə.

Strukturu

Təxminən 40 dəqiqə davam edən əsər iki fleyta (ikinci fleyta üçüncü hissədə həmçinin pikkolo ifa edir), iki qoboy, iki klarnet (lya və si-bemol köklənməsində), iki faqot, dörd valtorn (re və fa köklənməsində), iki truba (do, re, si-bemol və fa köklənməsində), üç trombon, litavralar və simli alətlərdən ibarət orkestr üçün yazılmışdır.

Skretzo kapriççiozo, 3 nömrəli fortepiano triosu, Husçular uvertürası və Re minor balladası da daxil olmaqla, həmin dövrə aid digər əsərlərdə olduğu kimi, simfoniya da Dvorjakın "slavyan dövrü"nə xas qayğısız xalq musiqisi üslubunu əvəz edən daha dramatik, tutqun və aqressiv üslubda yazılmışdır.

Finalın geniş yayılmış yenidən orkestrasiya variantlarından birində skripkaların və ağac nəfəs alətlərinin son melodik xətti valtornalarla, adətən birinci valtorna ilə dublyaj edilir.

Qəbulu

Dvorjakın yaradıcılığı üzrə mütəxəssis Con Klefem yazır ki, "şübhəsiz", 7 nömrəli simfoniya "Dvorjakın ən böyük simfoniyası hesab edilməlidir". Bununla belə, o, başqa bir mənbədə 9 nömrəli simfoniyanın bütün dünyada ən populyar əsər olduğunu qeyd edir. 9 nömrəli simfoniya çox tez-tez ifa olunduğundan, Klefem əslində dirijorlara 7 nömrəli simfoniyanı da ifa etməyi, dinləyicilərə isə onu dinləməyi tövsiyə edir. Bernard Şor bildirmişdir: "Şübhə yoxdur ki, re minor tonallığında yazılmış Yeddinci simfoniya [Dvorjakın simfoniyaları] silsiləsinin ən mükəmməl əsəridir". Tovi də dolayısı ilə bu fikirlə razılaşır.

İstinadlar

Kateqoriya:1885-ci ilin musiqi əsərləri Kateqoriya:Antonin Dvorjakın simfoniyaları Xarici keçidlər

Symphony No. 7, antonin-dvorak.cz About the Composition, Symphony No 7 in D minor, from the John F. Kennedy Center for the Performing Arts The original (longer) 2nd movement of 1885 can be heard here Conductor score and parts on espace-midi.com, free scores engraved with LilyPond

Kateqoriya:Antonin Dvorjakın simfoniyaları Kateqoriya:1885-ci ilin musiqi əsərləri Kateqoriya:Re minor tonallığında olan əsərlər Kateqoriya:Kral Filarmoniya Cəmiyyəti tərəfindən sifariş edilmilş əsərlər