Meklenburq-Şverinli Sesilya Avqusta Mariya (; ) — Böyük Meklenburq-Şverin hersoqu III Fridrix Fransiskin qızı, Prussiya vəliəhd-şahzadəsi.

Həyatı 20 sentyabr 1886-cı ildə Şverində dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu III Fridrix Fransisk, anası isə rus çarı I Nikolayın nəvəsi Anastasiya Mixailovnadır. Atasının səltənətində doğulan yeganə övladı idi. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Valideynlərinin ana dili olan alman və rus dilləriylə yanaşı, ingilis və fransız dillərini öyrəndi. Ancaq atasının səhhəti həssas idi və uşaqlığından bəri broxial xəstəliklərdən əziyyət çəkirdi. Bu səbəblə, ailə vaxtının çoxunu Cenevrə gölü ətrafında, eləcə də Palermo, Baden-Baden və Kann şəhərlərindəki mülklərində keçirirdi.

Atasının 1897-ci ildə vəfat etməsi və qardaşı IV Fridrix Fransiskin taxta çıxmasının ardından dul anasının himayəsində qaldı. Tez-tez Sankt-Peterburqa səyahət edirdi və bu səyahətlər boyunca ana-babası Mixail Romanovun malikanəsində yaşayırdı. Qardaşının 1904-cü ildə Şverində baş tutan toy mərasimi əsnasında Alman imperatoru II Vilhelmin oğlu və mərasimdəki rəsmi təmsilçisi vəliəhd-şahzadə Vilhelmlə tanış oldu. Bir-birinə aşiq olan cütlük 4 sentyabr 1904-cü ildə Şverində nişanlandı. Toy mərasimləri isə 6 iyun 1905-ci ildə Berlin kafedralında baş tutdu. Beləcə, Almaniya və Prussiya taxt-taclarının vəliəhd-şahzadəsi ünvanlarını aldı. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.

Vilhelm Fridrix (1906-1940) Luiz Ferdinand (1907-1994) Hubertus Karl (1909-1950) Fridrix Georq (1911-1966) Aleksandrina İrina (1915-1980) Sesilya Viktoriya (1917-1975)

Toy mərasimlərinin ardından yay aylarında Potsdamdakı Mərmər sarayda, qış aylarında isə Berlindəki Vəliəhd Sarayında məskunlaşan cütlük 1910-cu ildə Seylon, Hindistan və Misirə səyahət etdi.

Birinci Dünya müharibəsindəki məğlubiyyətin ardından qaynatası II Vilhelm və əri vəliəhd-şahzadə Vilhelm Hollandiyaya qaçdı. O əsnada övladlarıyla birgə Potsdamdakı Sesilyanhof sarayında olan Şahzadə Sesilya burada göz həbsinə alındı. Respublikanın elan edilməsinin ardından çıxarılan xüsusi icazəylə 14 noyabrda şəxsi mülükndə yaşamağına icazə verildi. Ərinin ölkəyə dönməsinə 1923-cü ildə icazə verilsə də, cütlük ayrı-ayrı şəhərlərdə həyatlarını davam etdirdilər.

İkinci Dünya müharibəsinin başlamasından qısa müddət sonra böyük oğlu Vilhelm Fridrix döyüş meydanında aldığı ağır yara səbəbilə hərbi hospitalda vəfat etdi. Onun 29 may 1940-cı ildə Potsdamda baş tutan cənazə mərasimi olduqca təntənəli idi. Şəhər əhalisi keçmiş monarx ailəsindən birinin döyüş meydanında həlak olmasından olduqca təsirlənmişdi. Bu isə Adolf Hitlerin narazılığına səbəb oldu. Beləcə, 1943-cü ildən etibarən keçmiş monarx ailəsinə mənsub bütün hərbçilərin ordudan uzaqlaşdırılmasına qərar verildi.

1941-ci ildə sürgündəki imperator II Vilhelmin vəfatının ardından əri vəliəhd-şahzadə Vilhelm Hohensollern ailəsinin başçısı seçildi. Ancaq müharibənin sonlarına doğru almanların məğlub olması və yaxınlaşan Qızıl ordu təhlükəsi səbəbilə 1945-ci ilin fevralında övladlarıyla birgə Potsdamdan qaçdılar və bavariyadakı bir sanatoriyaya sığındılar. 1950-ci ildə oğlu Hubertus Karl, ertəsi il isə əri vəliəhd-şahzadə Vilhelm vəfat etdi. 1952-ci ildən etibarən Ştutqartda məskunkaşdı və burada öz xatirələrini dərc etdirdi.

6 may 1954-cü ildə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Cecilie, Crown Princess of Germany, 'My Memories of Imperial Russia', Royal Russia, No. 10, 2016. Easton, Laird M., ed. and trans., Journey to the Abyss: The Diaries of Count Harry Kessler 1880–1918, New York, Vintage Books, 2013. Kirschstein, Joerg, Kronprinzessin Cecilie: Eine Bildbiographie, Berlin, Quintessenz Verlags GmbH, 2004. Zeepvat, Charlotte, 'The Other Anastasia: A Woman who Loved and Who Lived', Royalty Digest Quarterly, No. 2, 2006. ISSN 1653-5219

İstinadlar

Kateqoriya:XX əsr Almaniya yazıçıları