Ketsalkoatl () – astek mifologiyasında əsas tanrılardan biri. Adının mənası hərfi tərcümədə "Lələkli ilan" və ya "lələkli dəyənək" deməkdir. Asteklər onu külək, günəş, şəfəq, Venera, incəsənətlə əlaqələndirirdilər. Əsasən Teskatlipokanın düşməni kimi təsvir olunur.

Adları və mənşəyi Asteklər Ketsalkoatla Ehekatl ("Hava"), Yolkuat ("Zınqırovlu ilan"), Tohil ("Siren"), Nanihehekatl ("Dörd küləyin hakimi"), Tlauiskalpantekutli ("Şəfəq işığının hakimi") kimi adlar vermişdirlər.

Ketsalkoatl astek mifologiyasının əsas tanrılarından biri olsa da, onlardan öncə başqa xalqların da tanrısı olmuşdur. Ketsalkoatl "Tolteklərin atası" hesab olunurdu. Kiçelərin mifologiyasında yer alan külək tanrısı Kukumats və Mayya mifologiyasındakı ilan tanrısı Kukulkan ilə əlaqələndirilir.

Ketsalkoatlın şimal mənşəli tanrı olduğu düşünülür. Tropik iqlimdə yaşayan cənub xalqları Ketsalkoatlı mənimsəmiş və xüsusiyyətlərini dəyişdirmişdirlər. Tlinqit mifologiyasındakı Yetl, Kvakiutl mifologiyasındakı Kanikilak, Saliş mifologiyasındakı Kumsnootl ilə Ketsalkoatl arasında oxşarlıqlar mövcuddur.

Mifologiya Mifologiyaya görə Ketsalkoatl İstakmiçkouatlın ən kiçik və yeddinci oğlu idi. O, erkən yaşlarda Tollan lideri olmuşdur. O, müdrikliyi sayəsində ölkəsinin incəsənətini və rifahını inkişaf etdirmişdir. Lakin tanrı Teskatlipoka onun ölkəsini ziyarət etmiş, hörümçək cildinə girərək göydən torla enmişdir. O, Ketsalkoatla bir çəllək pulke təklif etmişdir. İçkini içən Ketsalkoatl sərxoş olaraq özünü itirmiş və Anahuakdan sürgün edilmişdir. Sürgünə məruz qalan Ketsalkoatl ölkəsini xəzinələrini gizlətmiş, saraylarını yandırmış, kakao ağaclarını məhv etmiş və bütün quşları Tollan bölgəsindən qovmuşdur. Sehrbazlar Ketsalkoatlın qayıtması üçün ona yalvarsalar da, o, günəşin ona ehtiyacı olduğunu bildirərək istəklərini qəbul etməmişdir. Ketsalkoatl Tlapallanın əfsanəvi ölkəsi olan Tabaskoya getmişdir. Burada ilanlardan hazırlanmış qayıqla şərqə doğru irəliləmişdir.

thumb|Malyabekki kodeksində təsviri. Əfsanənin digər bir versiyasına görə Ketsalkoatl özünü alova atmış və yandırmışdır. Bu alovdan çıxan küllər göyə qalxaraq parlaq lələklərə malik quşlara çevrilmişdir. Ketsalkoatlın ürəyi isə səmaya qalxaraq Venera planetini yaratmışdır. Meksikalılara görə Ketsalkoatl öləndə Venera səmada görünürdü, bu səbəbdən Ketsalkoatl "Şəfəqin hakimi" adlandırılırdı. Onlar Ketsalkoatlın öləndə 4 gün boyunca görünməz olduğunu, 8 gün boyunca o biri dünyada gəzdiyini, yenidən doğulanda isə öz taxtına tanrı kimi qayıtdığını düşünürdülər.

Ketsalkoatl hava ilə də əlaqələndirilirdi və dörd əsas istiqamətə bağlı idi. Hər istiqaməti bildirən xaç işarəsinə malik idi. Astek mədəniyyətinin tədqiqatçısı Eduard Zelerə görə "Ketsalkoatlın çıxıntılı, trubayabənzər ağzı var idi və Ketsalkoatl külək tanrısı olduğu üçün külək üfləyirdi. Bədəni spirallar və çevrələr formasındadır". Astek mədəniyyəti tədqiqatçısı Daniel Qarrison Brintona görə Ketsalkoatl həm şəfəqin, həm də küləyin tanrısı kimi tanınmışdır.

İbadət Ketsalkoatlın bədəni spirallar və çevrələr formasında təsvir olunduğu üçün ona həsr olunmuş məbədlər də dairə formasında salınırdı. Ketsalkoatl rahibləri ayrı sosial sinifə aid idi. Ketsalkoatla insan qurban vermək geniş yayılmamışdır. Bunun yerinə ibadət edən şəxs öz qanını axıtmağa üstünlük verirdi. İbadət edən şəxs aqava bitkisinin tikanlarından hazırlanmış tellə dilinin altındakı və ya qulağının arxasındakı damarları deşərək qan axıdırdı.

Ernan Kortes ilə əlaqələndirilməsi Bəzi mütəxəssislər Ketsalkoatlın astek mifologiyasında günəş tanrısı olduğunu bildirmişdirlər. Belə ki, günəş gündəlik hərəkətlərinə şərqdən başladığı üçün Ketsalkoatl şərqə getmişdir. Bu səbəbdən bir çox astek şərqdən gəlmiş Ernan Kortesin Ketsalkoatl olduğunu, proqnozlaşdırıldığı kimi öz keçmiş torpaqlarına qayıtdığını düşünmüşdürlər. Yerlilər Meksikaya çatmış ispanları Ketsalkoatlın xidmətçiləri hesab etmiş və Ketsalkoatlın qayıdışının tamamlandığını düşünmüşdürlər.

İstinadlar

Kateqoriya:Bilik tanrıları Kateqoriya:Əfsanəvi ilanlar Kateqoriya:İncəsənət tanrıları Kateqoriya:Mifik hibridlər Kateqoriya:Planet tanrıları Kateqoriya:Səma və hava tanrıları Kateqoriya:Ticarət tanrıları Kateqoriya:Astek mifologiyası Kateqoriya:Günəş tanrıları Kateqoriya:İlan ilahlar Kateqoriya:Müdriklik ilahları