Əbu Abdullah ibn əl-Ərəbi (; ) — Kufə qrammatika məktəbinə mənsub leksikoqraf və qədim ərəb şeiri rəvayətçisi.

Bioqrafiyası Qeyri-ərəb olsa da, ərəb dili və şeirinə olan marağına və münasibətinə görə ona "İbn əl-Ərəbi" (Ərəbin oğlu) deyilmişdir. O, 767-ci ildə Kufə şəhərində anadan olmuş və 846-cı ildə Səmərra şəhərində vəfat etmişdir.

Ögey atası Müfəddəl əd-Dəbbinin himayəsində böyüyən İbn əl-Ərəbi, ögey atası başda olmaqla, əl-Kisai, Əbu Zeyd əl-Ənsari, İbn əl-Kəlbi və başqa alimlərdən təhsil almışdır. Ögey atasından "əl-Müfəddəliyyat"ı, əl-Kisaidən isə "ən-Nəvadir"i dinləmiş və bu əsərlərin rəvayətçisi olmuşdur. İbn əl-Ərəbi köçəri ərəb qəbilələrinin ləhcələrinin və şifahi ədəbiyyat nümunələrinin üzərində təhqiqatlar aparmış, nadir və qərib ərəb sözlərini əzbərləmiş və bu sayədə özünü bir dilçi kimi sübuta yetirmişdir.

Müəllimlik edərək xərclərini ödəyən İbn əl-Ərəbi, bir çox görkəmli şəxsə müəllimlik etmişdir. Onun müəllimlik etdiyi şəxslər arasında Sələb, Cahiz, İbn əs-Sikkit, Bəlazuri, Osman ibn Səid əd-Dərimi və başqa məşhur şəxsiyyətlər vardır.

İbn əl-Ərəbi "Kitabül-Bir", "Nəvadiru İbnil-Ərəbi", "Kitabül-Ənva" və başqa əsərlərin müəllifidir.

İstinadlar Kateqoriya:IX əsr alimləri Kateqoriya:IX əsr yazıçıları Kateqoriya:İraq alimləri Kateqoriya:VIII əsr ərəbdilli şairlər